Rusiya Ermənistanı davamlı silahlandırır - Səbəbsiz deyil !

Moskva bilir ki, işğalçı ölkənin təkbaşına Azərbaycan qarşısında heç bir şansı yoxdur

Rusiyanın işğalçı Ermənistanı silahlandırması ilk dəfə baş vermir. Dağlıq Qarabağ münaqişəsi başlayandan bəri Kreml Ermənistana müxtəlif sahələrdə dəstək nümayiş etdirib. Bu ilin iyulun 12-dən etibarən Tovuz istiqamətində Azərbaycan Ordusunun mövqelərinə basqın cəhdləri uğursuzluqla nəticələndikdən sonra Rusiya yenidən dövriyyəyə girdi və dəstəyini başqa ad altında ifadə etdi. Tovuz döyüşlərindən sonra Rusiya ilə Ermənistanın birgə hava hücumundan müdafiə sistemi çərçivəsində hərbi təlimlərə başlaması da bunun əyani sübutudur.

Rusiya-Ermənistanın birgə təlimlərində şərti düşmənin kəşfiyyat və zərbə dronlarına qarşı mübarizə metodları tətbiq olunub. Bu da səbəbsiz deyil. Nəzərə alaq ki, Tovuzdakı döyüşlərdə dronların xüsusi çəkisi var idi və Azərbaycan Ordusu dəfələrlə Ermənistan silahlı bölmələrinə məxsus pilotsuz aparatları məhv edib. Ümumiyyətlə, məlum olub ki, iyulun 17-dən bu günə kimi Rusiya Qazaxıstan, İran və Türkmənistanın hava məkanından istifadə etməklə Ermənistana silah göndərib.

Avqustun 16-sı sosial şəbəkələrdə və mətbuatda Rusiyanın Ermənistana növbəti partiya silah-sursat göndərməsi barədə məlumatlar yayılıb. Bu yaxınlarda Türkiyəyə səfər etmiş Prezidentin köməkçisi Hikmət Hacıyev də “Haber Qlobal”a müsahibəsində bu məsələni xüsusi qabardıb. Administrasiya rəsmisi bildirib ki, bu gün Ermənistana “İl-76” təyyarələri gəlməkdə davam edir: “Ermənistan 500 tondan artıq silah alıb. Bunlar nə məqsədlə gətirilir? Bu suala hələ cavab ala bilməmişik”. Bu açıqlamalar göstərir ki, Rusiyanın silah daşınması ilə bağlı verdiyi izahatlar rəsmi Bakını qane etmir.



Azərbaycanın narahatlığını “Şərq”ə dəyərləndirən politoloq Turan Rzayev bildirib ki, Rusiyanın Ermənistanı son günlər davamlı silahlandırması səbəbsiz deyil. Ekspert vurğulayıb ki, Azərbaycan tərəfinin Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə inamı qalmayıb:

“ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə vermir və status-kvonun uzadılması sadəcə Ermənistana yarayır. Bizim güclü ordumuz, kifayət qədər peşəkar hərbi kadrlarımız var. İşğalçı ölkənin təkbaşına Azərbaycan qarşısında heç bir şansı yoxdur. Bununla belə təcavüzkar Ermənistan öz təxribatçı əməllərindən əl çəkmir və Azərbaycanı müharibəyə təhrik edir.

Əslində İrəvan hökuməti bilir ki, Azərbaycanla Ermənistan dövlətləri, orduları heç cür müqayisəyə gəlmir. Ölkəmiz siyasi, iqtisadi, hərbi və diplomatik sahədə düşməndən çox güclü və öndədir. Əlbəttə, bu reallığı Ermənistanı himayə edən Rusiya da yaxşı bilir. Əslində Moskva üçün müharibədə hansı tərəfin qələbə qazanmasının elə də əhəmiyyəti yoxdur. Kreml istənilən anda Rusiyanın qalib olacağından əmindir. Moskva zəif düşmənlə güclü Azərbaycanı mümkün qədər tarazlaşdırmağa çalışır və bu səbəbdən Ermənistanı silahlandırır”. 

Siyasi şərhçi vurğulayıb ki, Ermənistanın silahlanması hərbi əməliyyatlar zamanı münaqişə tərəflərinin daha çox itkilərə məruz qalması, bir-birinə böyük miqyasda ziyan vurması deməkdir:

“Rusiya hesablayır ki, lokal toqquşmalar nəticəsində itkilərlə üzləşən tərəflər yenidən Moskvaya üz tutacaq. Müharibənin gedişində Rusiya Ermənistana birbaşa dəstək verməyəcək.

Ümumiyyətlə, üçüncü dövlətin düşmən ölkəyə yardım etmə ehtimalı aşağıdır. Bunun üçün müharibə Ermənistan sərhədlərindən içəri daşınmalıdır. Ancaq hərbi əməliyyatlar bizim torpaqlarımızda gedəcək və anti-terror əməliyyatı mahiyyəti daşıyacaq. Əlbəttə, Kreml dolayı yollarla, gizli metodlarla Ermənistana hərbi-texniki yardım göndərə bilər.

Lakin bu, Rusiya qoşunlarının aktiv münaqişəyə qoşulacağı anlamına gəlmir. Moskva fərqindədir ki, bu gün Azərbaycanın arxasında iki qüdrətli dövlət dayanır. Biri qardaş Türkiyə, digəri isə dost Pakistandır. Ələlxüsus indiki məqamda Türkiyə ilə qarşı-qarşıya gəlmək Kreml üçün arzuolunmaz senaridir. Bu, Rusiya üçün dağıdıcı effekt verər”.