Pandemiya gizlinləri üzə çıxardı

Belə dönəmdə erkən nikahların sayının artacağı gözlənilən idi

"Ola bilsin ki, onlaynda uşaq görünsün, amma eyni zamanda ərə getmiş olsun"

Erkən nikah ölkəmizdə hər zaman sosial problemlər sırasında ən birinci yerlərdən olub. Düzdür, bu problemlə mübarizə çərçivəsində qanunlar qəbul olunub, onunla mübarizəyə yönəlmiş müxtəlif sənədlər var.

Lakin cəmiyyətimizdə hələ də yetkinlik yaşına çatmayan qızların zorla ərə verilməsi faktları aşkarlanır. Əlbəttə, rəsmi olaraq yetkinlik yaşına çatmayan qızların ərə verilməsi mümkün deyil. BMT son illərdə yavaş-yavaş olsa da, Azərbaycanda erkən nikahların sayının azaldığını qeyd edirdi. Lakin təşkilatın mütəxəssisləri xəbərdarlıq edirlər ki, koronavirus pandemiyası dünyanın bir çox yerində bu cür nikahların sayını artıra bilər. Azərbaycanda da pandemiya dövründə erkən nikahların baş tutacağı gözlənilən haldır. Ən əsası ailələr  iqtisadi yüklərini azaltmaq səbəbindən bu yola daha tez müraciət etməyə başlayacaq.
 
"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova "Şərq"ə açıqlamasında, pandemiya səbəbindən Azərbaycanda erkən nikahların artmasının mümkünlüyündən narahatlıq ifadə edib: 

"Pandemiya səbəbindən nəzarət mexanizmi itdiyinə görə, erkən nikahların sayı yenidən arta bilər. Bu da  indiyədək bu istiqamətdə çəkilən bütün əziyyətləri yerə vura bilər. Bildiyimiz kimi, indi məktəblər bağlanıb və onlayn təhsil sisteminə keçid başlayıb. Bunun nəticəsində şagirdlərin taleyinə nəzarət mart ayından tamamilə azalıb. Hazırda ailələrdə nə baş verdiyi məlum deyil.

Çünki bölgələr öz həyatını, paytaxt isə öz fərqli həyatını yaşayır. Pandemiya səbəbindən kütləvi tədbirlər qadağandır və bütün evləndirmə prosesi çox dar bir dairədə gizlin şəkildə təşkil olunur.

Ona görə də bu cür qanunsuzluqları aşkar etmək çox çətinləşib. Bu yaxınlarda belə bir-iki hadisə diqqətimizi çəkdi. Məsələn, rayonların birində 14 yaşlı uşağın 27 yaşlı bir gənclə nişanlanması və bir neçə günə qızın gəlin aparılması məlumatını aldıq.  Dərhal Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə bu barədə məlumatı ötürdük.

Günortaya artıq məlumat aldım ki, ailə ilə görüşülüb, hüquqi məsuliyyət barədə ailə məlumatlandırılıb və ailə nəzarətə götürülüb. Görüş zamanı uşaqla ayrıca söhbət aparılıb.

Uşaq təhsilini davam etdirmək istədiyini, lakin məcburi ərə verildiyini təsdiq edib. Yəni bu məsələ vətəndaşın gizli zəngi nəticəsində bilindi deyə dərhal müdaxilə olundu və qarşısı alındı. Amma bilinməyənlər də var. Bu cür hadisələr bölgələrimizdə hər zaman yaşanıb, hazırda da yaşanmaqdadır". 

Təşkilat rəhbərinin sözlərinə görə, bölgələrdə icra hakimiyyətlərinin, bələdiyyələrin və polisin erkən nikahların sayının artmasına imkan verməməsi vacibdir:

“Bu dövlət qurumları onlara həvalə olunan ərazidə nələrin baş verdiyindən xəbərdar olmalıdırlar. İcra Hakimiyyətləri nəzdində monitorinq və zorakılığa qarşı mübarizə komissiyası və eyni zamanda monitorinq qrupu var. Artıq onların da bu istiqamətdə işləri çoxalıb. Bir məsələni də diqqətdə saxlamaq lazımdır. Ola bilsin ki, onlaynda uşaq görünsün, amma eyni zamanda ərə getmiş olsun. Bu kimi halları dəqiq müəyyənləşdirmək lazımdır. Təbii ki, bu kimi proseslər də çox çətin olacaq.

Hesab edirəm ki, bu məsələlərdə bələdiyyələrin rolunu artırmaq daha məqsədəuyğundur. Çünki bələdiyyələr əhali ilə işləyir və digər qurumlara nisbətən onların daha tez bilgiyə sahib olmaq imkanları var.  Çox təəssüf ki, onlar bugünədək bu prosesə cəlb edilməyiblər. Hesab edirəm ki, məhz onların qarşısında bu öhdəliklər qoyulmalıdır.

Əvvəllər toylar olanda erkən nikahları daha tez aşkarlamaq olurdu. İndi toyların və  məktəblərin olmaması bunu müəyyənləşdirməyə imkan vermir. Çox çətin proseslər gedəcək.

Biz bir də ayılacağıq ki, erkən nikahlar baş alıb gedir. Halbuki, ölkədə bununla bağlı yaxşı mübarizə metodları formalaşmışdı. Saylar günbəgün azalırdı. Amma pandemiya ərəfəsində ehtimallar böyükdür ki, bu məsələ yenidən problemli məsələyə çevrilsin".

M.Zeynalova bildirib ki, belə hallarla rastlaşan qonşular, qohumlar da laqeyd qalmamalı və bu kimi halların qarşısını almaq üçün müvafiq qurumlarla əlaqə saxlamalıdırlar: "Çox az adam bu məsələyə reaksiya verir. Vətəndaşlarımız bu məsələdə aktivlik göstərmirlər. Əhalinin aktivliyi məsələsi problemin qarşısını almaq üçün ən yaxşı yoldur.

Bu gün vətəndaş mövqeyi, vətəndaş münasibəti, kiminsə övladının erkən ərə verilməsinə biganə qalmamaq kimi məsələlər hər kəsi düşündürməlidir. Təbii ki, bu gün uşaq qaynar xəttinin daha çox təbliğ edilməsinə ehtiyac var. O, "Ümidli Gələcək" Təşkilatının nəzdində yaradılıb, UNİCEF və  Ombudsman tərəfindən dəstəklənir.

Amma hər uşaq buna reaksiya vermir, zəng vurmur. Bax bu da problemdir. Ən başlıcası, uşaqların özlərini bu istiqamətdə maarifləndirmək vacibdir. Onlara hüquqlarını başa salmaq lazımdır. Erkən nikahların onların sağlamlığı və gələcəyi üçün təhlükəli olduğu bildirilməlidir".