Məsuliyyətimiz qələbəmiz olacaq

Növbəti yumşalma o demək deyil ki, pandemiya bitir

"Sahibkarlar, vətəndaşlar sosial məsafəyə, qoruyucu vasitələrə əhəmiyyət verməyəcəklərsə, onda xəstəlik yenidən alovlanacaq"

Karantin rejimində növbəti yumşalmalara gedilməsini ictimaiyyət razılıqla qarşılayır. Pandemiya hamını yorub, karantin qaydaları da həmçinin. Lakin hamı da anlayır ki, karantin rejimi tətbiq edilməsi labüd idi. Yoluxucu xəstəliklərin qarşısının alınmasının əsas şərtləri, sanitar-gigiyenik qaydalara riayət etmək, sosial təcrid, sosial məsafə, olduğun yeri tərk etməməkdir.

Qədim zamanlardan bu qaydalar var və əsrlərlə bəşəriyyət yoluxucu xəstəliklərlə bu sadə, asan, lakin etibarlı vasitələrlə mübarizə aparıb. Müasir dünyamızda viruslar öyrənilir, tədqiq edilir, onlara qarşı peyvəndlər, ən müxtəlif müalicə üsulları tətbiq edilir. 

Amma yenə də infeksiyalarla mübarizədə əsas məsuliyyət vətəndaşların, əhalinin üzərinə düşür. Çünki dövlət, rəsmi strukturlar nə qədər dəqiq fəaliyyət göstərsə də, təhlükənin önlənməsi üçün bütün lazımi və gərəkən tədbirləri icra etsə də, vətəndaşın məsuliyyətsiz davranışdan doğan kiçik bir səhvi böyük problemlərə yol aça bilər.

Mart ayından dövlət vətəndaşlardan məhz bunu tələb edir; məsuliyyətli olmaq!

Ümumi vəziyyətdən çıxış etsək, Azərbaycan insanı sosial məsuliyyət məsələsində ciddi sapınmalara yol vermədi. Doğrudur, bəzən hardasa vətəndaşın səhvlərini görürdük. Kimlərsə nişan mərasimi, toy məclisi düzənləyir, müvafiq icazə olmadan kafe və ya restoranı gizli şəkildə işlədir, karantin rejimi qaydalarını pozur, bölgələrə icazəsiz səfərlərə cəhd edirdilər. İnsan bu, nəticədə.

Çox və ya az düşüncəlisi da olacaq. İnsanın hansısa məqamda səhvə yol verməsini də gərək anlayışla qarşılayasan. Əlbəttə, əgər səhv etdiyini bilib, onu düzəldirsə. Koronavirus pandemiyası və karantin rejimi ilə bağlı Azərbaycanda ümumi mənzərə qənaətbəxş hesab edilə bilər.

Bu mənadakı dövlət orqanları da üzərlərinə düşən vəzifəni yerinə yetirir, vətəndaşlar da tətbiq edilən karantin qaydalarına bəzi kiçik çatışmazlıqlarla, demək olar, riayət edirlər. 

Yumşalma “dalğaları” vətəndaşları sevindirir
      
Pandemiyanın ilk günlərindən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah üzvləri karantin rejimi qaydalarına ciddi əməl edilərsə, yoluxma sayının təhlükəli həddə çatmayacağını, bunun müqabilində də yumşalmalara mərhələli şəkildə gediləcəyini bildirmişdilər.  
Belə də oldu. SMS icazə ilə hərəkət etmək qadağası avqustun 5-dən qaldırıldı, mağazalar, bir sıra iş yerləri açıldı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən karantin rejiminin tələblərinə uyğun müəyyən edilən qaydalar çərçivəsində ölkə üzrə çimərliklərin istifadəsinə icazə verildi, açıq havada kafe və restoranların fəaliyyətinə, həmçinin idman yarışları və oyunlarına avqustun 17-dən icazə verildi, 31 avqustdan etibarən muzey və sərgi salonları açıldı. Sentyabrın 8-dən isə növbəti yumşalma mərhələsi başladı.   

Bununla bağlı AR NK yanında Operativ Qərargahın məlumatında bildirilirdi ki, Azərbaycan Respublikasında xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində və vətəndaşların məsuliyyətli davranışı sayəsində koronavirus (COVİD -19) infeksiyasının yayılması məhdudlaşıb, yoluxma hallarının sayında azalmaya nail olunub.

Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, müvafiq karantin qaydalarına riayət olunmaqla  2020-ci il  sentyabrın 8-i saat 00:00-dan əlavə yumşalma tədbirlərinin həyata keçirilməsi qərara alınır. Bu sırada ictimai iaşə obyektlərinin daxilində müştəriyə xidmət göstərilməsinə icazə verilir, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonuna gediş-gəlişlə əlaqədar tətbiq olunmuş məhdudiyyətlər aradan qaldırılır (şəhərlərarası və rayonlararası sərnişindaşıma istisna olmaqla). Operativ Qərargah mövcud sanitar-epidemioloji vəziyyətdən irəli gələrək və virusa yeni yoluxma hallarına yol verməmək üçün bir daha hamını tətbiq olunmuş karantin rejiminin tələblərinə, tibbi-profilaktik qaydalara əməl etməyə çağırır.

Xatırladaq ki, sentyabrın 15-dən orta məktəblərdə növbəti tədris ili başlayacaq və şagirdlər dərsə gedəcək. Bu məsələ isə xüsusi diqqət tələb edir. Uşaqların sağlamlığı və təhlükəsizliyinin qayğısına qalınması məqsədilə bir sıra qaydalar tətbiq edilir.

Orta təhsil müəssisələrində bu qaydalara riayət edilməsi vacibdir. Həmçinin valideynlərə övladlarını məktəbə göndərmək məsələsində sərbəst seçim hüququ tanınır.   

Növbəti yumşalmanın təminatı qaydalara əməl etməkdir

Karantin rejimində bəzi qadağalar hələ də qüvvədədir. Həftə sonları ictimai nəqliyyatın hərəkətinə, nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzləri və «Mall»ların fəaliyyətinə hələ də icazə verilmir. 

Eləcə də ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışa, şəhər və rayonlara sərnişindaşımada, əyləncə məkanları, o cümlədən uşaq əyləncə məkanlarının fəaliyyətində, idman, sağlamlıq-bərpa üzrə xidmətlərin dayandırılması, kinoteatr və teatrların, idman zallarının fəaliyyətinin dayandırılması, dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsi və toy məclislərinin təşkilində qadağalar qüvvədə qalır. 

Operativ Qərargah virusa yoluxanların sayının azaldılması, özünüzü və yaxınlarınızı virusa yoluxmadan maksimum qorumaq üçün mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə, tibbi-profilaktik qaydalara riayət etməyə, ictimai yerlərdə sosial məsafə saxlamaq, qoruyucu maskalardan istifadədə səhlənkarlığa yol verilməməsinə çağırır. Qaydalara riayət etmək təhlükəsizliyimizin əsasıdır. Yumşalmaların davamlı olmasını, karantin rejimindən mümkün qədər tez çıxmağı istəyiriksə, qaydaları pozmamalıyıq.

Həyat davam edir və etməlidir. Dünya dövlətləri artıq bu qənaətdədir ki, koronavirus bəlkə də uzun müddət mövcud olacaq. İnsanlar normal yaşayış tərzinə dönməlidir. Karantin rejimi uzun müddət davam edə bilməz. İnsanlar çalışmalı, gündəlik həyat tərzi bərpa olunmalıdır. Lakin mütləq qaydada koronavirusun mövcudluğunu unutmamaq şərtilə.

Unutqanlıq karantin rejiminin daha da uzanması və sosial həyatın bütün sahələrini əhatə etməsiylə nəticələnə bilər. Əldə edilmiş nəticəni də itirə bilərik. Sağ qalmaq və normal, adət etdiyimiz həyat tərzini geri qaytarmaq istəyiriksə, məsuliyyətli olmalıyıq. Qələbə bizim məsuliyyətimizdən asılıdır.       

“Qəbul edilən qərarlar səmərə verir”

“Artıq pandemiya dövrünün daha çox yumşalmalar mərhələsini yaşayırıq. İstər müəyyən qaydalar çərçivəsində təhsilin başlanması, istər iaşə obyektlərinin daxilində xidmətə icazə verilməsi, istərsə də şəhər və rayonlararası gediş-gəlişin bərpa olunması və s. qaydalara daha ciddi riayət olunmasını qaçılmaz edir”.

Bu fikirləri Milli Məclisin deputatı Emin Hacıyev şəxsi sosial şəbəkə hesabında paylaşıb. O qeyd edib ki, infeksiyanın yayılmasının qarşısının alınması bu gün hər bir insanın məsuliyyətindən daha çox asılı olacaq:

- Vəziyyətin nəzarətdə saxlanması sosial məsafənin qorunması, maskadan istifadə, təmaslardan qaçmaq, bir yerə toplaşarkən icazə verilən say həddini keçməmək kimi sadə qaydalarla müəyyən olunur. Nəzərə alaq ki, pandemiya başlayan dövrdən bu günə qədər verilən qərarlar, atılan addımlar öz səmərəsini verib. Həm yeni müalicə müəssisələrinin qurulması, həm karantin rejiminin yavaş-yavaş yumşaldılması, ümumiyyətlə, bu sahədə dövlətimizin gördüyü bütün ehtiyatlılıq tədbirləri öz müsbət nəticəsini verir. Məhz əks-epidemik tədbirlərin doğru aparılmasının nəticəsidir ki, xəstələrin sayı xeyli azalıb”.

Deputat bildirib ki, yaşadığımız çətin dövrdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əhaliyə olan diqqət və qayğısını hər kəs, xüsusilə sosial baxımdan həssas qruplar daha dərindən hiss elədi:

“Növbəti yumşalma qərarı o demək deyil ki, pandemiya bitir. Yəqin ki, monitorinqlər də daha sistemli və qaçılmaz olacaq. Artıq necə deyərlər, məsuliyyətimiz sağlamlığımızdır. Nə qədər məsuliyyətli olacağıqsa, koronavirusla mübarizədə o qədər güclü olacağıq”.

Millət vəkili Sədaqət Vəliyeva da vətəndaşları məsuliyyətli olmağa çağırıb və qeyd edib ki, mövcud qaydalara ciddi şəkildə riayət olunmasa, koronavirusa yoluxma sayı yenidən arta, xəstəliyin miqyası genişlənə bilər: 

- Pandemiyaya qarşı mübarizədə vətəndaş həmrəyliyi daha vacibdir. Pandemiyaya qarşı mübarizə üçün tibbi maskalardan istifadə, ara məsafənin saxlanılması, gigiyenik qaydalara əməl olunması tövsiyələri birbaşa vətəndaşların üzərinə düşən məsuliyyətdir. Ona görə də ölkə vətəndaşları maska və sosial izolyasiya rejiminə, sanitar-epidemioloji qaydalara hələ uzun müddət riayət etməli, o cümlədən həkimlərin və sanitar-epidemioloji qurumların tövsiyəsinə əsasən açılan obyektlərdə qayda-qanunlara, tələblərə riayət olunmalıdır. Həm istehlakçılar, həm də sahibkarlar bilməlidirlər ki, mövcud qaydalara ciddi şəkildə riayət olunmasa, koronavirusa yoluxma sayı yenidən arta, xəstəliyin miqyası genişlənə bilər.

Çox təəssüf ki, karantin rejimində yumşalmalardan arxayınlaşan bəzi vətəndaşlarımız hələ də maska taxmağın özü, yaxınları, çalışdığı kollektivin sağlamlığı üçün nə qədər böyük əhəmiyyət daşıdığını unudurlar.

Hələ də küçələrdə, ticarət obyektlərində maskasız gəzən, maskanı qolunda, cibində, alnında, çantasında gəzdirən vətəndaşlara rast gəlinir. Bununla yanaşı, dəfələrlə deyilməsinə baxmayaraq, hələ də gizli toy, nişan, ad günü, yas mərasimlərinin keçirilməsi xəstəliyin artmasına səbəb olur.

Qadağalara əməl etməyərək qeyri-qanuni yollarla regionlara gedənlər də virusun yayılmasına şərait yaradırlar. Bir daha qeyd etmək istərdim ki, yumşalma prosesinin tədricən davam etməsində, məhdudiyyətlərin aradan qaldırılmasında dövlət də, insanlar da maraqlıdır. Lakin nəzərdə tutulan qaydalara tam əməl olunmalı, qanunların pozulmasına yol verilməməlidir.

Amma sahibkarlar, vətəndaşlar sosial məsafəyə, qoruyucu vasitələrə əhəmiyyət verməyəcəklərsə, onda xəstəlik yenidən alovlanacaq. Əgər yenidən sərtləşdirilmiş karantin rejimini, xəstəliyin yenidən alovlanmasını istəmiriksə məsuliyyətli olmalıyıq, pandemiyaya qarşı mübarizədə birlik və həmrəylik nümunəsi ortaya qoymalıyıq.