Nadir Qafarzadə çaşdı - Kulturoloq müğənnini qınadı 

Metrodan istifadə edənlərə yuxarıdan aşağı baxmaq meşanlıqdı

“Mən metrodan istifadə etmirəm, nəyimə lazımdır? Heç açılmasın. Mən ümumiyyətlə ictimai nəqliyyatdan istifadə etmirəm”.
Bu sözləri müğənni Nadir Qafarzadə söyləyib. Onun fikirləri cəmiyyətdə müzakirələrə səbəb olmaqla yanaşı, həm də insanlar arasında qıcıq yaradıb. Koronavirus infeksiyasının insanlara hərtərəfli təsir etdiyi bir məqamda N.Qafarzadənin çıxışı xoş qarşılanmayıb.

Nəzərə alsaq ki, əksər vətəndaş ictimai nəqliyyatdan istifadə edir, hətta gün ərzində bir-neçə avtobusa minmək məcburiyyətində qalır. Onda müğənninin açıqlamasına gələn sərt reaksiyalar təbiidir. 

Məsələ ilə bağlı “Sherg.az”a danışan Vətəndaş Cəmiyyəti Alyansı TŞ  rəhbəri, Yeni Yazarlar və Sənətçilər İB sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov söyləyib ki, koronavirus pandemiyasının həm ölkə iqtisadiyyatına, həm də ictimai nəqliyyata çox təsiri olub:

“Operativ Qərargah məcbur olub, ictimai nəqliyyat vasitələrinə, xüsusilə də metroya və rayonlar arası sərnişin daşıyan avtobuslara qadağa qoydu. Çox düzgün və vaxtında atılmış addım idi.

Buna bir neçə tərəfdən baxmaq olar. Birincisi, bizim metro işləmirsə avtobuslar, o cümlədən taksilər vasitəsilə  gündəlik həyatımızı qurub, iqtisadi məsələləri həll edib, işə gedə bilərikmi" sualına cavab kimi metronun bağlanması maraqlı forma idi. Gördük ki, metro çalışmasa da əhali, işə gedənlər, təhsil alan tələbələr ictimai nəqliyyatdan normal istifadə edib, bir məkandan başqa yerə gedə bilər.

Amma istənilən halda metro dünyada olduğu kimi, Azərbaycanda da  ictimai nəqliyyatın böyük yükünü üzərinə götürür. Yeraltı qatarlar tıxacların qarşısını almaq, yollarda baş verən çətin məsələləri həll etmək üçün unikal nəqliyyat növüdür.

Ona görə metronun açılması arzuolunandır. Metro ilə bağlı çox insanların, tanınmış müğənnilərin, ictimai fəalların müxtəlif təklifləri var. Hər kəs metropolitenin yenidən işə düşməsini, insanların metrodan sosial məsafəni qorumaq şərtilə, sıxlıq yaratmadan istifadə etməsini bildirirlər”.

Kulturoloq onu da vurğulayıb ki, pandemiyadan əvvəl də metrodan istifadə etməyən insanlar olub:

“Ən azı məşhurların tanınıb, şəxsi avtomobil alandan sonra metrodan istifadə edənlərə yuxarıdan aşağı baxması, əlbəttə meşanlıq kimi qəbul olunmalıdır.

O cümlədən tanınmış müğənni Nadir Qafarzadə  növbəti qalmaqallı açıqlaması ilə metronun açılmasını gözləyən həm metropoliten işçilərinin, həm də ictimai nəqliyyatdan istifadə edən əhalinin qəzəbinə səbəb olub.

Bu da onu sübut edir ki, ictimai fərdlər, tanınan şəxslər açıqlama verəndə ehtiyatlı olmalıdır. O ki qaldı, metroya nə qədər tez açılsa, o qədər də əhalimizə və iqtisadiyyatımıza xeyir vermiş olar”.