Yunanıstan başa düşdü: “Türkiyə geri addım atmayacaq !” – Hərb, yoxsa sülh?!

“Anladılar ki, türk ordusu bir neçə saata Yunanıstanın ikinci ən böyük şəhərinə daxil ola bilər”

“Amma yenə də genişmiqyaslı hərbi əməliyyatlar başlamayacaq” 

“Çünki Avropa Birliyi ölkələri gərginliyin artmasının əleyhinədirlər”


Türkiyə Yunanıstanla həmsərhəd olan Ədirnənin şimal-qərb əyalətinə ordu göndərir. Bu barədə “İHA” aganetliyi hərbi mənbələrə istinadən xəbər verib. Məlumata görə, ötənlərdə təxminən 40 tank yük maşınları ilə Suriya sərhədini tərk edib. Tankların Ədirnəyə dəmir yolu vasitəsilə göndərilməsi gözlənilir.

Qeyd edək ki, son həftələrdə Afina ilə Ankara arasında münasibətlər kəskin şəkildə pisləşib. Buna səbəb “Oruc Rəis”in Yunanıstanın müstəsna iqtisadi bölgəsi hesab etdiyi Şərqi Aralıq dənizində seysmik tədqiqatlara başlamasıdır.

 

 İki dövlət arasındakı münasibətlərin gələcəkdə hansı məcraya keçməsi isə çoxlarına maraqlıdır. Odur ki, siyasi analitik Turab Rzayevin fikirlərini öyrəndik. O, “Sherg.az”ın suallarını ətraflı cavablandırdı:

- İki dövlət arasındakı gərginlik səngimir. Sizcə, münasibətlər hansı  istiqamətdə inkişaf edəcək? 

-  Genişmiqyaslı hərbi əməliyyatların başlanacağına inanmıram. Buna Qərb imkan verməz. 

- Niyə?

- Çünki Avropa Birliyi ölkələri Yunanıstanı dəstəklədiklərini bir neçə dəfə desələr də, eyni zamanda gərginliyin artmasının əleyhinədirlər. Üstəgəl, nəzərə almaq lazımdır ki, hər iki tərəf  NATO ölkəsidir. Hər halda müharibənin qarşısı alınacaq. Amma bunun hansı formada olacağı mübahisəlidir. 

- Yəni vəziyyət bu qədər mürəkkəbdir?

- Yunanıstan Aralıq dənizindəki yataqları istismar etməkdə israrlıdır. Hətta dəniz sərhədlərini genişləndirmək istəyir. Türkiyə isə buna icazə verməyəcək. Başqa sözlə desək, qardaş ölkənin geri addım atacağını gözləmirəm. Amma yenə də genişmiqyaslı hərbi əməliyyatlar başlamayacaq. 

- Münasibətlərin bu qədər kəskin olduğu, hər iki dövlətin özlərini Bağdadda kor xəlifə kimi apardığı bir vaxtda müharibəyə nə mane ola bilər?

- Çox güman, Avropa Birliyi ölkələri iqtisadi sanksiyalarla Türkiyəyə təzyiq göstərməyə çalışacaq. ABŞ isə bir növ vasitəçi rolunu oynayıb, status-kvonu qorumaqda maraqlıdır. 

- Bəs Türkiyənin öz tanklarını Yunanıstanla sərhəddə yığmağını necə qiymətləndirirsiniz?

- Belə demək mümkünsə, bu, “əzələ nümayişi” idi. Amma eyni zamanda Yunanıstan lazımi mesajı aldı. Düşünürəm ki, danışıqlar uzun çəksə də, hər iki tərəf kompromisə getməli olacaq. Düzdür, Yunanıstanı dəstəkləyən Fransa da geri çəkilmək istəmir. Amma ABŞ, İngiltərə, həmçinin NATO-nun məsələyə müdaxilə edəcəyini düşünürəm. 

- Əgər Yunanıstan mesajını aldısa, bundan sonra nələr dəyişəcək?

- Qardaş ölkə göstərdi ki, düşmən üçün təkcə dənizdə yox, quruda da təhlükə yarada bilər. Qərb nə qədər kömək etsə də, Yunanıstan Türkiyənin qarşısında tab gətirməyi bacarmaz. Sizi əmin edirəm, türk ordusu bir neçə saata Yunanıstanın ikinci ən böyük şəhərinə daxil ola bilər. Yunanıstan bunu başa düşdü.