Belarusda çevriliş gözlənilirmi? – “Lukaşenko səhvləri anladı”- Qərbin kadrarxası rolu !

“Baş verən hadisələrdə Böyük Britaniya və Polşanın müdaxiləsi özünü göstərir”

“Eyni zamanda Litva, Latviya, Ukrayna da bu mitinqlərdə kadrarxası rol oynayır”

“Prezident başa düşür ki, ölkə daxilində dialoqlar zəruridir. Siyasi partiyaların fəaliyyəti üçün də şərait yaradılmalıdır”


Belarusun paytaxtı Minskdə müxalifətçilərin növbəti etiraz aksiyaları səngimir.
Hökumət aksiyanın kütləviliyinin qarşısını almaq məqsədilə bir neçə metro stansiyasını bağlanması barədə qərar verib. Aksiyaçıların Prezident Aleksandr Lukaşenkonun iqamətgahının qarşısına yürüş etmək istəyiblər. Onların yürüşünə qarşı İqamətgahın qarşısında təhlükəsizlik qüvvələrinin əməkdaşları baryerlər qurublar. 

Qeyd edək ki, Belarus Mərkəzi Seçki Komissiyasının 80,1 faiz səslə Aleksandr Lukaşenkonu qalib elan etməsinə narazılıqlarını bildirən müxalifət qüvvələri avqustun 9-dan etibarən etirazlarını davam etdirirlər. Bu isə ölkə daxilində çox gərgin vəziyyət yaradıb. Hətta iş o həddə çatıb ki, Lukaşenko artıq əlində avtomatla küçəyə çıxır. Hakimiyyətinin növbəti ili Lukaşenkoya ciddi problemlər, hətta bəlalər gətirsə də, o, yenə də taxtından düşmək istəmir. Kreslosundan iki əli ilə, çox möhkəm yapışıb...



Belarusdakı durumu “Sherg.az”a şərh edən politoloq Tofiq Abbasov düşünür ki, belə şəraitin yaranmasında xarici qüvvələrin də “əli” var: 

“Hakimiyyətin əleyhinə olanlar dövlət çevrilişini qarşılarına məqsəd qoyublar. Odur ki, dünyanın gözü qarşısında səfərbərliyə davam edirlər. Ölkə, demək olar, iflic vəziyyətdədir. Hətta Prezident aparatının fəaliyyətində də problemlər yaranıb. Buna baxmayaraq, hakimiyyət də zəif deyil. Lukaşenko təzyiqlərə tab gətirə bilir. Prezidentə sədaqətlə xidmət edən güc strukturları proseslərin qarşısını məharətlə alırlar. Baş verən hadisələrdə Böyük Britaniya və Polşanın müdaxiləsi özünü göstərir. Eyni zamanda Litva, Latviya, Ukrayna da bu mitinqlərdə kadrarxası rol oynayır. Çünki həmin ölkələrdə Belarus inqilabına xidmət edən qüvvələr var. Silahlı dəstələr ölkəyə daxil olaraq polis idarələrini, Daxili İşlər Nazirliyinin binasını dağıtmaqdan ötrü tam münasib vaxt gözləyirdilər. Lakin bu əməllərin qarşısı alındı”. 

T.Abbasovun fikrincə, tədricən həm hakimiyyət, həm də müxalif qüvvələr loyallaşacaqlar: 

“Mən Lukaşenkonun tərəfini tutmaq niyyətində deyiləm, ancaq daxildə onun tərəfdarları da az deyil. Həm də ölkədə sosializm və kapitalizm elementləri bir-birini tamamlayır. Aztəminatlı ailələrə kömək edilir, evlər, az qala, pulsuz verilir. Müəssisələrin zərərlə işlədiyi deyilsə də, bu, belə deyil.  Mitinqlər, dövlət çevrilişinə cəhdlər isə Qərb texnoloqlarının rəhbərliyi ilə hazırlanıb.

Onlar Lukaşenkonu diz çökdürmək istəyirdilər. Amma gəlişmələr arzulanan kimi olmadı. Düşünürəm ki, tərəflər kompromisə gedəcəklər. Prezident artıq səhvlərinin fərqinə varıb. Siyasətçi başa düşür ki, ölkə daxilində dialoqlar zəruridir. O, birmənalı olaraq, bütün fərqli fikir sahiblərini düşmən kimi qəbul etməyin düzgün olmadığını  anlayır.

Eyni zamanda siyasi partiyaların fəaliyyəti üçün də şərait yaradılmalıdır. Əslində Lukaşenkonun son vaxtlar verdiyi bəyanatlar  onun güzəştə getmək fikrində olduğunu göstərir. Əgər hakimiyyət bunu anlayırsa, deməli, müxalifətçilər də xaricdən təlimat almaq əvəzinə, daxildəki vəziyyəti normallaşdırmaqdan ötrü öz aralarında “dil tapmalıdırlar”.

Beləliklə, yeni modellər, yeni mexanizmlər hazırlanmalıdır. Məncə, dediyim kimi də olacaq. Çevriliş isə gözlənilmir. Bu variantı, ümumiyyətlə, istisna edirəm”.