Ziyalılardan xalq yazıçısına SƏRT TƏPKİ: “...Ölüm olsun belə hədəfə!” 

Fərəc Quliyev:“ Ölkəmizə rus mədəniyyəti gətirilir. Buna invaziv mədəniyyətlərin işğalı deyirlər” 

Firudin Cəlilov: “Çingiz bəy bir dənə də olsun Azərbaycan türkcəsində kitab yazmayıb. Bu, milləti öz kimliyindən uzaqlaşdırmaqdır” 

Aqşin Yenisey:“Siz öz dilinizdə kadr yetişdirmək üçün bir dəfə cəhd etdinizmi?!

“Dirisiylə rusca, ölüsüylə ərəbcə danışan xalqım mənim...”. Yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin bu fikirləri hələ də aktuallığını qoruyur. Bəlkə də, yazıq Mirzə Cəlilin qəbirdə sümükləri sızlayır. Arxasınca aylar uçdu, illər qaçdı və “kor” məmləkətimizin öz dilinə qulağı kar oldu. Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayev “Facebook” profili vasitəsilə ölkəmizdə rus məktəblərinin bağlanması üçün çağırış edən yerli millətçiləri tənqid edib.

O qeyd edib ki, Rusiya mediasında erməni soyadlı jurnalistlər üstünlük təşkil edir və bu, lobbi fəaliyyətinin nəticəsi deyil: 

“Onlar rus dilində səlis danışan ağıllı, intellektual və istedadlı insanlardır”.

Əslində Ç.Abdullayevin belə düşünməsinə təəcüblənmək lazım deyil. Çünki onun Feysbuk səhifəsinə nəzər yetirəndə hansısa məsələyə dair fikirləri, yazdığı statusları ancaq rus dilindədir. Nədənsə ölkəmizdə rus dilinə fərqli bir münasibət var. Yox, buna fərqli münasibət əvəzinə “rus dili sevdası” demək daha doğru olardı.  Rus dilində oxumaq, bu dildə danışmaq və yazmaq “fərqlilik” sayılır. Bu dildə danışanlar “elit” təbəqəyə aiddir. Qısası, Çingiz müəllimin dediklərinə “qüvvət”, “rus dilində danışanlar “ağıllı”, “intellektual” və “istedadlı” insanlardır”.

Xalq yazıçısının fikirlərinə münasibət bildirən Türkoloq-alim, professor Firudin Cəlilov "Sherg.az"a deyib ki, rus dili sevdası sovet dövründən qalma bir xəstəlikdir. Onun sözlərinə görə, sovet dövründə də milli kimliyini arxa plana atıb, ancaq rus dilinə üstünlük verir və rus ədəbiyyatı oxuyurdular:

“Çingiz bəyin xətrini çox istəyirəm. Amma o bir dənə də olsun Azərbaycan türkcəsində kitab yazmayıb. Hamısı rus dilindədir. Özü də ən çox nəşr olunan müəlliflərdəndir. Çingiz Aytmatov, Çingiz Abdullayev və başqaları ana dilimizdə yox, rus dilində yazıblar. Yazsınlar, amma rus dilini təbliğ etmək böyük cinayətdir. Bu, milləti öz kimliyindən uzaqlaşdırmaqdır”.

Professor qeyd edib ki, dil bilmək yaxşı haldır, kimin marağı varsa, gedib 10 dil öyrənə bilər:

“Amma gəncləri kütləvi şəkildə rus dilinə meyilləndirib, bu dildə oxumağa sövq etmək millətimizə qarşı bağışlanmaz cinayətdir. Çünki belə etməklə gəncliyimizi milli kimliyindən qoparırlar”.

F.Cəlilov düşünür ki, ölkəmizdə rusdilli məktəblərin çox olması düzgün deyil:

“Çünki rus dilli məktəbdə oxuyan uşaqlar rus tarixini və ədəbiyyatını biləcəklər. Onlar Azərbaycan ədəbiyyatında 5-6 saat dərs keçməklə Fizulini öyrənməyəcəklər, Şəhriyardan xəbərləri olmayacaq. Bu cür yetişən insanlarda milli kimlik yoxa çıxacaq. Beləliklə xarici siyasi qüvvələr onlardan istifadə edib ölkədə “5-ci kolon” yaradırlar. Necə ki, bu gün onun acısını çəkirik. Kim rus dilini öyrənirsə, öz işidir. Lakin buna kütləvi şəkildə şərait yaratmaq, çoxlu sayda rusdilli məktəblər açmaq lazım deyil”.


Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, sabiq millət vəkili Fərəc Quliyev bildirib ki, ölkəmizdə 300-ə qədər rusdilli  məktəb var. Amma rusların sayı cəmi 200 minə yaxındır: 

“Rusiyada 3 milyon azərbaycanlı yaşayır və işləyir. Orada isə sadəcə bazar günü məktəbləri var. Buradakı ruslar da zəhmət çəkib Azərbaycan dilini öyrənsinlər və tədrisin Azərbaycan dilində olduğu məktəblərdə oxusunlar. İstəsələr, onlar da bazar günü məktəbləri aça bilərlər. Digər məsələ, Azərbaycandakı rus məktəblərinə ədəbiyyatın gətirilməsi ilə bağlıdır. Bu ədəbiyyat Rusiyadan gətirilməli deyil. Bir var ki, Azərbaycanın elmi, mədəniyyəti, təfəkkürü rus dilinə tərcümə olunub və şagirdlərə çatdırılır, bir də var ki, başqa mədəniyyət ölkəmizə gətirilir. Buna invaziv mədəniyyətlərin işğalı deyirlər”. 

Partiya sədri vurğulayıb ki, hər bir adam milli kimliyini bilməlidir:

“İnsan laylalarla, sözlə, dillə formalaşır. Çingiz Abdullayevin dediyi fikirlər tamamilə absurddur. Rusiyadakı azərbaycanlılar təkcə bazarlarda fəaliyyət göstərmirlər. Rusiyanın ən böyük elm mərkəzlərində rəhbər vəzifəsində olan alimlərimiz var”. 

F.Quliyev hesab edir ki, istənilən dili, hətta düşmənin belə dilini bilmək lazımdır. Bu, tamamilə başqa məsələdir:

“Azərbaycanda da istənilən xarici dili öyrənmək olar. Çünki vətəndaşlarımız nə qədər çox xarici dil bilərsə, o qədər yaxşıdır. Rusdilli təmayüllü məktəblərin olması da normal haldır. Amma ölkəmizdə Rusiyadan ədəbiyyatın gətirilməsi mədəniyyətimizə müdaxilədir. Bu, Azərbaycan mədəniyyətini dağıtmaq üçün bir minadır. Çingiz Abdullayev kimi adamlar - millətinə  xor baxanlara ziyalı sayılmaz. Xalqımıza Bəxtiyar Vahabzadə, Xudu Məmmədov kimi yanaşmaq lazımdır. Bu siyahını daha da uzatmaq olar”. 

Keçmiş deputat diqqətə çatdırıb ki, dilimizi, mədəniyyətimizi aşağılamaq, guya rus dilində danışmağı elit danışıq kimi qəbul etmək gülməlidir:

“11-12-ci əsrlərdə Azərbaycan türkləri imperiyalar quran zaman rus dövləti deyilən bir şey yox idi. Bu gün də Rusiyanın əksəriyyətini müsəlmanlar təşkil edir. Hamam nə idi bilmirdilər, bizim mədəniyyətimizə baxıb öyrəndilər. Azərbaycan dili və mədəniyyəti həmişə üstün olub. İndi başqa dildə danışmaq mədəni sayılırsa, bu, sadəcə gülməlidir. Yüz illərlə ömür sürən və az qala dünyanın yarısını fəth edən türklərin dili və mədəniyyəti bu gün də aparıcıdır. 
Millətimiz qədər qürurlu, şərəfli, mədəni millət yoxdur. Bunu tarixən sübut etmişik. Heç kimdən çəkinmədən Rusiya da daxil olmaq digər əcnəbi dilərin öyrənilməsi üçün sadəcə təmayüllü məktəblər qurmalıyıq. Mədəniyyətimizin yıpranmasına şərait yaratmalı deyilik”.

Görkəmli şair Aqşin Yenisey də xalq yazıçısının fikirlərinə tənqidi yanaşıb:


“Çingiz Abdullayevin məlum statusunu bir mətnşünas kimi oxusaq, bu status rus dilinin üstünlüyünü göstərməkdən daha çox Azərbaycan dilini, türk dilini, ana dilini alçaltmaq məqsədi güdür. Yəni öz ana dilimiz peşəkar insanlar yetişdirə bilmədiyi üçün biz öz vergilərimiz hesabına öz ölkəmizdə rus dilində oxumalıyıq.

Eduard Səid "Şərqşünaslıq" kitabında yazır ki, ingilislər, fransızlar Şərq müstəmləkələrində ona görə yüksək təhsil verən ingilisdilli, fransızdilli məktəblər açırdılar ki, bu məktəblərdə yetişdirlən kadrlar məzun olduqdan sonra öz ölkələrinin müstəmləkə ömrünü uzatmaq üçün idarəetmədə onlara lazım olurdu. Yəni Qərb imperializmi Şərq ilanını Seyid Əhmədin öz əli ilə tutmaq istəyirdi.

Dünyaca məşhur yazıçı Milan Kundera çex müasirindən sitat gətirir ki, ruslar əvvəlcə hər şeyi slavyanlaşdırırlar ki, sonradan onları ruslaşdıra bilsinlər. Məşhur olduğu dünyadan bixəbər bizim bu məşhurumuz isə müstəmləkə dəllalılığı edir. Ümumiyyətlə, bu gün rus dilinın intellektual potensialı hansı inkişaf etmiş Avropa xalqının dili ilə müqayisə oluna bilər? Nə üçün Azərbaycanda Çin, yapon dili rus dili səviyyəsində öyrədilməsin? Bu gün Anadolu türkləri Osmanlıcadan nə öyrənə bilərlərsə, biz də rus dilində o səviyyəni yaxalaya bilərik. Yəni rusdilli azərbaycanlı rus dilini bilməyən öz həmkəndlisindən üstün ola bilər, bir ingilisdən, bir almandan, bir yapondan yox. Hədəfimiz fağır Novruzəlini rus dilini bilmədiyi üçün yenə pərt etməkdirsə, ölüm olsun belə hədəfə!”.

Şairin sözlərinə görə, ömürlərinin çoxu sovet əsarətində keçən bu köləzəkalılar bir dəfə məsələ qaldırmadılar ki, nə üçün Azərbaycanın elm ocaqlarında bütün elmi kitablar rus dilindən tədris olunmalıdır? Niyə bu kitablar öz dilimizə tərcümə olunmur? Niyə bu gün də Azərbaycan "mədəni" elitası öz dilinə ikrahla baxır? Öz dilində danışa bilmir? İndi durub rus dilində yetişən kadrların üstünlüyündən danışırlar:

“Siz öz dilinizdə kadr yetişdirmək üçün bir dəfə cəhd etdinizmi? Azərbaycan türkcəsini qoşma və kabab səviyyəsinə endirən müstəmləkə siyasəti ilə nə vaxt boğuşdunuz xəbərimiz olmadı?!”