Nadirdən Miri Yusifə sərt sözlər: “Sənətkara “dil uzatma”, get, repini de!”

 “Ümumiyyətlə, bu insanla təmasda olmamışam. Münasibətimiz belə yoxdur. Şokda idim ki, bu adama nə demişəm, buna nə oldu ki, birdən mənə qarşı çıxdı. Düşünürəm ki, mənə sataşan insan mənim gücümdə sənətkar olmalıdır”.

“Sherg.az” xəbər verir ki, bu sözləri “MTV Azərbaycan”a açıqlmasında tanınmış müğənni Nadir Qafarzadə xalq artisti Mir Yusif haqqında söyləyib. O, fikirlərinə bunları da əlavə edib:

“Qabağımda söz deyən, məni tənqid edən və ya məndən nöqsan tutan adamın sənəti  mənim sənətimlə eyni səviyyədə olmalıdır. Sənətində reper kimi yaxşı sənətkardır, ammma musiqi anlamında yox. Peşəkar musiqiçilərdən deyil. Ola bilər ki, reper kimi qəbul olunmuş sənətkardır. Amma müğənni kimi qəbul olunmur. Heç dostluğumuz, düşmənliyimiz də yoxdur”.

Jurnalistin “Üz-üzə gəlsəniz məsələni aydınlaşdırmaq istərsinizmi?” sualına müğənni belə cavab verib:

“Yox. Dedim axı mənə yaraşmaz. Bilmirəm onun neçə yaşı var. 40 yaşı varsa, mənim 30 il sənət təcrübəm var. Durum o insanla nə kəlmə kəsim?! Mən sənətdə, səhnələrdə mədəniyyət, incəsənət üçün külüng döyəndə, bilmirəm onlar  harada idi? İndi gəlib sənətkara “dil uzatmaq” olmaz.

Mənə yaxşı və ya pis söz deməyə sənin haqqın yoxdur. Get, repini de! Xətrini də istəyirəm. Yaxşı oğlan, yaxşı reper ola bilərsən, amma mənə toxunma!  Öz taxt-tacımda, oturmuşam. Burdan hər şeyi müşahidə edirəm. Oturuşmuş sənətkarlar var, mən də onlardanam.  Xaq məni qəbul edib”.

Qeyd edək ki, bir müddət öncə  Miri Yusif  N.Qafarzadə ilə bağlı yayılan “Soyuducusu boşdur dediyin alimlərdən vaksin tapmasını istəyirsən” sözlərini paylaşıb, onu lağa qoyaraq “Həyat bumeranqdır, bəzən kiməsə cavab verməyə tələsmək lazım deyil. Çünki dünya fırlanır və qayıdıb üzünə dəyir. Bu barədə sonra paylaşım edəcəm”sözlərini yazıb.