Şeyxin Nobel mükafatı almaq şansı varmı?

Aqşin Yenisey: "Ölkəmiz adına sevindirici olardı, amma haqq edəcək hansı fəaliyyəti olub, sualı bu sevinci indidən kölgələyir"

Natiq Məmmədli: "Düşünürəm ki, Rafiq Əliyevin namizədliyini irəli sürsək, bu, daha məntiqli olardı"

Qan Turalı: "Şeyxin hansısa sülhyaratma prosesində rolunu xatırlamıram, ictimaiyyət də bilmir"

Nüfuzlu Nobel mükafatının kimlərə və hansı ölkənin nümayəndələrinə veriləcəyi bütün dünyada hər il diqqətlə izlənilir. Fizika, kimya, tibb, ədəbiyyat, sülh və iqtisadiyyat sahələri üzrə verilən mükafat Azərbaycan auditoriyasının da marağındadır. İndiyədək bir neçə azərbaycanlının adı mükafatın nominasiyalarında çəkilsə də, heç bir soydaşımız məşhur təltifata layiq görülməyib. 1895-ci ildə Alfred Nernard Nobelin vəsiyyəti əsasında təsis edilən bu mükafat dəyərli elmi tədqiqatlar, inqilabi ixtiralar, mədəniyyətə və ya cəmiyyətin inkişafına edilən zəngin töhfəyə görə verilir. Nobel mükafatının məbləği hazırda təxminən bir milyon 450 min dollara bərabərdir. Formalaşmasında Bakı neftinin müstəsna rolu olsa da, hələlik mükafatı ölkəmizə gətirə bilməmişik. Sülh üzrə Nobel mükafatı ölkəsində və bütün dünyada Sülhün və Humanizmin bərqərar olunması naminə gərgin və səmərəli fəaliyyət göstərən şəxslərə təqdim olunur. Hər il dekabr ayının 10-da Alfred Nobelin dünyasını dəyişdiyi gündə mükafat laureatlara təqdim edilir. 

Bu il Azərbaycandan Nobel Sülh Mükafatına namizəd Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə göstərilib. Bu barədə Beynəlxalq Nobel İnformasiya Mərkəzinin vitse-prezidenti, elmlər doktoru Bəybala Ələsgərov məlumat verib. Onun sözlərinə görə, Şeyx Nobel Sülh mükafatına ekspert qrupu tərəfindən namizəd kimi təsdiqlənib. Namizədlərlə bağlı gizli səsvermə gedəcək və sentyabrın sonu, oktyabrın əvvəlində adlar açıqlanacaq. Məlumat üçün deyək ki, Şeyxülislamın namizədliyi artıq ikinci dəfə verilir. İctimaiyyət nümayəndələri hesab edirlər ki, Azərbaycana nobel gəlməməsinin əsas səbəbi namizədin “düzgün” seçilməməsidir. Xüsusən, Şeyxin adının ikinci dəfə namizəd kimi irəli sürülməsi əksəriyyət tərəfindən tənqidə tuş gəlir. Əlbəttə, hörmətli Şeyxülislamın nüfuzu, uzun illərdir həyata keçirdiyi ictimai-siyasi və dini fəaliyyəti yüksək dəyərləndirilməlidir. Ancaq əksəriyyət düşünür ki, Azərbaycanda nobelin müxtəlif nominasiyalarına uyğun gələn çoxsaylı şəxsiyyətlərimiz, ictimai-siyasi xadimlərimiz, elm adamlarımız və yazarlarımız da var. Məsələn, bir faktı vurğulayaq ki, Belarusda müxalifətçilərin lideri Svetlana Tixanovskaya Nobel Sülh Mükafatına namizəd göstərilib. Özü də təklifi Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk irəli sürüb. 



Nobelə namizəd “qıtlığı” problemini “Şərq”ə dəyərləndirən tanınmış şair, publisist Aqşin Yenisey bildirib ki, keçən il Nobel Sülh mükafatı Eriteriya ilə münaqişəni həll etdiyinə görə qonşu ölkə Efiopiyanın baş nazirinə verilmişdi. Yazarın sözlərinə görə, bu mükafat dünyada sülh fəaliyyətlərində qazanılan uğura görə verilir:

“Bu gün ən çox adı hallananlardan biri də ABŞ Prezidenti Donald Trampdır. Daha çox Şimali və Cənubi Koreya arasında siyasi dialoqu başlatdığına görə layiq olduğunu düşünürlər. Qırmızı Xaç Cəmiyyəti dünyadakı sülhpərvər faəliyyətinə görə, səhv etmirəmsə, altı dəfə bu mükafata layiq görülüb. Bizim Şeyxə gəlincə, mükafatı alması ölkəmiz, coğrafiyamız adına sevindirici olardı. Amma Şeyxin Nobel Sülh mükafatını haqq edəcək hansı qlobal fəaliyyəti olub sualı bu sevinci indidən kölgələyir. Çünki bütün islam bölgəsində heç bir münaqişə ocağında 2020-ci ildə qalıcı sülhə nail olunmayıb. İslam coğrafiyasında Nobel sülh mükafatına layiq ciddi bir fəaliyyətin də şahidi olmamışıq. Amma bütün hallarda Şeyxin sülh Nobelini almasının təkcə ölkəmizin yox, bütünlükdə islam dünyasının həyatına rəng qatacağını düşünürəm”. 



Araşdırmaçı-yazar Natiq Məmmədli isə “Şərq”ə deyib ki, Nobel mükafatı tək prestij deyil, yüksək intellektual göstəricisidir. Onun sözlərinə görə, Sülh üzrə Nobel alan bir çox dövlət rəsmiləri sonradan bu etimadı doğrulda bilmədilər:

“ABŞ prezidenti Barak Obamanın fəaliyyəti buna sübutdur. Onun hakimiyyət illəri müsəlman dünyasında qanlı proseslər nəinki dayandı, əksinə, daha da artdı. Yaxud Myanmanın baş naziri tanınmış hüquq müdafiəçisi idi, Nobel sülh mükafatı almışdı, amma ölkəsində müsəlmanların qırğınına haqq qazandırırdı. Ədəbiyyat üzrə Nobelin verilməsi də demək olar ki, hər il müxtəlif müzakirələrə yol açır. 
Eyni fikirləri elm sahəsi üzrə verilən mükafatlar haqqında söyləmək olmaz. İqtisadiyyat, tibb, fizika və kimya üzrə elmə töhfə vermiş alimlər bu ada layiq görülür. Azərbaycan hansı nominasiyada iştirak edər sualı ətrafında düşünəndə, təhlil etməliyik ki, biz bəşəriyyətin inkişafına nə vermişik ki, ondan Nobel istəyirik? Elmlər Akademiyası Nobelə iddialı alim yetişdirə bilərmi? Belə gedişlə təbii ki, yox. Yalnız istisna hal kimi akademik Rafiq Əliyevin adını çəkə bilərəm. Onun elmi nailiyyətləri bizim akademiya mühitindən kənarda baş tutub. Beynəlxalq səviyyədə tanınır və istinad olunur. Lütfi Zadə onun haqqında dəyərli fikirlərini bildirib. Düşünürəm ki, Rafiq Əliyevin namizədliyini irəli sürsək, bu, daha məntiqli olardı”.



Tanınmış yazar Qan Turalı da “Şərq”ə açıqlamasında vurğulayıb ki, Nobel Sülh mükafatı adətən sülhün bərqərar olunmasında, silahsızlanmanın təmin edilməsində, sülh konfranslarının çağrılmasında və s. bu kimi sahələrdə göstərilən xidmətlərə görə verilir. Yəni sülh mükafatına hansısa elm adamı, yazıçı, incəsənət nümayəndəsi deyil, daha çox ictimai-siyasi xadimlər layiq görülür:

“Nobel Sülh mükafatı alanların siyahısına baxdıqda bunu aydın görürük. Bu mükafat əsasən üçüncü dünya ölkələrinə, məsələn, Pakistan, Tunis, Yəmən, İran, Kolumbiya, Konqo və s. dövlətlərə verilir. Diqqət çəkən məqam odur ki, 2012-ci ildə Avropada 60 ildir sülhün bərqərar olunmasındakı xidmətlərinə görə Avropa Birliyinə verilib. Həmçinin, nüvə silahına qarşı apardığı mübarizəyə görə İsveçrə bu mükafatla təltif edilib. Nobel Sülh mükafatı tamam başqa prinsiplərlə işləyir. ABŞ prezidenti B.Obama 2009-cu ildə bu mükafata layiq görüldü. Halbuki, mükafatı almamışdan qısa müddət öncə Əfqanıstana 30 minlik ordu göndərmişdi.

Bu da insanlarda haqlı təəccüb doğurmuşdu. Amma Nobel Sülh mükafatının ən acınacaqlı taleyi SSRİ-nin sonuncu rəhbəri M.S.Qorbaçovla bağlıdır. Qorbaçov bu mükafatı 1990-cı ildə, “mübariz sülh prosesindəki liderliyinə” görə almışdı. 1990-cı il Azərbaycan xalqının yaddaşında qanlı 20 yanvar hadisəsi ilə kodlanıb. Hesab edirəm ki, bu, Nobel Sülh mükafatının ən qanlı və üzüqara səhifələrindən biridir”. 
Yazar Şeyxülislam Hacı Allahşükür Paşazadənin namizədliyindən də danışıb: “Allahşükür Paşazadənin namizədliyinin konkret hansı xidmətlərinə görə irəli sürülməsinin özü qəribədir.

Şeyxin hansısa sülhyaratma prosesində rolunu xatırlamıram, ictimaiyyət də bilmir. Çox güman ki, QMİ sədrinin namizədliyi azərbaycansayağı metodologiya ilə, Nobel almayacağını bilə-bilə irəli sürülüb. Bunu təsdiq edənlər yaxşı bilirlər ki, Şeyxin mükafat barəsində heç bir şansı yoxdur”.