Mərkəzi Asiya ölkələri ilə işlər yenidən qurulmalıdır

"Bu ölkələrlə əməkdaşlığı inkişaf etdirməli, hətta müttəfiqlik müqavilələri bağlanmalıdır"


“Mərkəzi Asiya ölkələri ilə əlaqələr çox zəifdir. Azərbaycan Xarici İşlər Nazirliyinin əsas proqramalarından biri Mərkəzi Asiya dövlətləri ilə sıx işləmək, orada diaspora və lobbi qrupları yaratmaqdır”.

Bunu “Şərq”ə Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. Partiya rəsmisi bildirib ki, ABŞ, Rusiya və Çin Mərkəzi Asiya uğrunda mübarizə aparır və tərəflərin maraq toqquşması davam edir:


“Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığa barmaqarası baxmamalıyıq. Məhz bu cür yanaşmanın nəticəsidir ki, Rusiya Ermənistana silahları Qazaxıstan, Türkmənistanın hava məkanından istifadə edərək daşıyır.

Mərkəzi Asiya etnik və dini baxımdan, həmçinin coğrafi olaraq bizə daha yaxındır. Bu ölkələrlə əməkdaşlığı inkişaf etdirməli, hətta müttəfiqlik müqavilələri bağlanmalıdır.

Son dönəmlər Ermənistan Qazaxıstan və Qırğızıstanda fəaliyyətini genişləndirir, Azərbaycan əleyhinə siyasət formalaşdırır. Biz isə quru bəyanatlarla kifayətlənirik. Həmin bölgənin ölkələri ilə beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq səmərəli deyil. MDB, Türk Şurası çərçivəsində siyasət uğrulu nəticə vermir. İkitərəfli dövlət əlaqələrini gücləndirməliyik. Mərkəzi Asiya respublikalarına XİN rəhbəri Ceyhun Bayramovun səfəri zəruridir”. 

Analitik hesab edir ki, Mərkəzi Asiya ölkələrini Ermənistan əleyhinə koalisiyaya qoşmalıyıq:

“Ötən ay Qazaxıstanla Ermənistan arasında neft sahəsində müqavilə imzalandı. Qazaxıstan kimi böyük bir türk dövlətinin işğalçı Ermənistanla münasibətləri istiləşdirməsi arzuolunan deyil. Nəzərə alaq ki, dünya gücləri Mərkəzi Asiyaya nəzarət uğrunda mübarizə aparır. Ermənistan başımızın üzərindən bu ölkələrlə siyasi-iqtisadi əlaqələri möhkəmləndirir.

Rəsmi Bakı isə hələ gözləmə mövqeyindədir. Milli Cəbhə Partiyası olaraq əsas hədəflərimizdən biri xarici siyasətdə türkdilli ölkələrlə əlaqələri daha keyfiyyətli qurmaqdır”.