480 manat çox cəlbedicidir...

Amma sağlamlıq imkanları məhdud uşağı hər ailəyə övladlığa vermək olmaz

"Həmin uşaqlar elə ailələrə verilməlidir ki, doğrudan da onlar ona baxa biləcək"

Keçən ilin noyabrın 1-dən uşaqların övladlığa verilməsi səlahiyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilib. Noyabrın 1-dən indiyə qədər yalnız 3 uşaq əcnəbiyə övladlığa verilib”. Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Övladlığa götürmə siyasəti şöbəsinin müdiri Fərhad Ələkbərov deyib. Qeyd edilib ki, əvvəllər bu səlahiyyət Ailə, Qadın və Uşaq Problemləri üzər Dövlət Komitəsində olub: “Ötən ilin noyabrın 1-nə qədər 80-ə qədər uşaq əcnəbilər tərəfindən övladlığa götürülüb”.

"Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova  "Şərq"ə açıqlamasında övladlığa götürülmənin ötən illə müqayisədə azalmasının əsas səbəbinin pandemiya ilə əlaqədar olduğunu bildirib. O hesab edir ki, ölkəmizdə övladlığa götürmə məsələlərinin daha da sərtləşdirilməsinə ehtiyac var:

"Övladlığa götürmək istəyənlər bu gün çoxdur. Hazırda ölkəmizdə övladlığa götürülmə şərtləri o qədər də çətin deyil. Amma gələcəkdə bununla bağlı bir qədər də sərtləşdirici qanunların qəbul olunması çox vacibdir. Çünki övladlığa götürülən uşaqların sonrakı taleyi ilə bağlı məsələlər narahatedicidir. Təbii ki, bu məsələ bir sədr kimi məni də təşvişə salır. Monitorinqlər çox zəif aparılır. Onların sonrakı taleyi ilə maraqlanmırdılar. Bu baxımdan belə düşünürəm. İstər əcnəbi, istərsə də vətəndaşlarımızın övladlığa uşaq götürmə məsələsi düşündürücü və narahatedicidir. Yəni övladlığa götürənlər müəyyən müddətdə həvəslənirlər. Amma xeyli zaman keçdikdən sonra problemlər qabarmağa başlayır. Ya uyğunlaşmırlar, ya da həmin uşağı istəmirlər. Uyğunlaşmamanı xüsusilə əcnəbi vətəndaşlara aid edərdim. Əlbəttə, belə hallara ölkəmizdə də rast gəlmək mümkündür. Məsələn, bizə bir xanım müraciət etmişdi.

Onun cəmi 19 yaşı var idi, o artıq insan alveri qurbanına çevrilmişdi. Həmin xanım atası rəhmətə gedəndən sonra övladlığa götürüldüyünü bilib. Anasının qardaşları da öyrədib ki, sənin evin-eşiyin niyə götürülmə uşağa qalmalıdır. Biz sənə yiyə çıxacağıq, sahib çıxacağıq. Nəticədə həmin qızı çölə atmışdılar. O da artıq insan alverinin qurbanına çevrilmişdi. Bu halların olmaması üçün çox istərdim ki, övladlığa götürülmə məsələsinə çox ciddi yanaşılsın, xüsusilə də əcnəbilərə qarşı. Ümumiyyətlə, xarici vətəndaşlara övladlığa verilmənin tərəfdarı deyiləm. Çünki həmin uşaqların sonrakı taleyi barədə informasiya əldə etmək çox çətin olur". 

G.Səfərova "Sosial müavinətlər haqqında" qanuna təklif olunan dəyişiklik məsələsinə də toxunub:

"Yeni dəyişikliyə əsasən, 0-18 yaş arası sağlamlıq imkanları məhdud uşağı övladlığa götürən şəxslərə 480 manat müavinət veriləcək. Burada bir məsələni diqqətinizə çatdırım ki, elə ailələr var sağlam uşaqları götürürlər, amma yoxlama apardıqda ona normal baxmadıqları bəlli olur. Düşünürəm ki, məhz belə ailələr yalnız maddiyat səbəbindən sağlamlıq imkanları məhdud uşaqları götürsələr, onların sonrakı taleyi həqiqətən də çox acınacaqlı ola bilər. Düzdür, müavinət barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında bu məsələni müzakirəyə çıxartdılar. Yəqin ki, bunun da müəyyən şərtləri var. Hər adama övladlığa götürmə həvalə olunmamalıdır. Onsuz da onların sağlamlıq imkanları məhduddur,  xüsusi qayğıya ehtiyacları var. Həmin uşaqlar elə ailələrə verilməlidir ki, doğrudan da onlar ona baxa biləcək.

Bir xanım tanıyırdım. O, uşaq götürəndə sağlamlıq imkanı məhdud olan uşaq götürdü. Həqiqətən bu məni çox təəccübləndirdi. Həmin xanımın kifayət qədər imkanı da var idi.

O, uşağı bütün xarici ölkələrə müalicəyə apardı. İndi həmin uşağın 14 yaşı var. Həm sağlam, həm də ki, xoşbəxtdir. Düşünürəm ki, ürəyində rəhmi olanlar, belə uşaqlara sahib çıxsalar daha yaxşı olar".