“Qəhrəmanların şəkillərindən şəxsi məqsədlər üçün istifadə etməyin”

Son vaxtlar şəhidlərimizin fotoşəkillərini avtomobillərinin şüşələrinə vuraraq şəhər küçələrində şütüyən sürücülərə tez-tez rast gəlirik. Bu hal vətəndaşların şəhidlərimizə hörməti kimi qəbul edilsə də, bəzi sürücülər  qanundan sui-istifadə məqsədi ilə bunu edir. 
Belə ki, son vaxtlar şəhidlərimizin fotoları vurulan maşınlarla kobud qayda pozan, yol polisi tərəfindən saxlandıqda “görmürsən, maşınımda şəhidlərin şəklini gəzdirirəm, hörmət elə, cərimə yazma” kimi sözlər deyirlər. 



Bu barədə "Sherg.az"a  açıqlama verən sosioloq Elçin Bayramlının sözlərinə görə, döyüş bölgəsində həlak olan qəhrəmanlarımızın şəkillərinin şəxsi məqsədlər üçün istifadəsi yolverilməzdir. 

O deyib ki,  az sayda adam var ki, bunu onlara hörmətindən edir, lakin əksəriyyət sadəcə qayda pozarkən polisdən yaxa qurtarmaq məqədilə o yola əl atır: 

"Vətən uğrunda həlak olan şəhidlərin xatirəsinin əbədiləşdirmək üçün yer maşınların şüşəsi deyil. Dövlət onların adına küçə, park, məktəb və obyektlər verir, verilişlər və filmlər hazırlanır, tədbirlər keçirilir və s.

Hesab edrəm ki, maşınların şüşələrinə şəhidlərin şəkillərinin vurulması qadağan edilməlidir. Belələri əgər həqiqətən şəhidlərə ehtiramını bildirmək istəyirsə, mən bunun yollarını deyim onlar etsinlər.

Həmin şəhidlərin məlum olduğu kimi çox böyük əksəriyyəti kasıb ailələrdəndir. Onların ailəsinə yardımlar edə bilərlər, evi bərbad haldadırsa onun yenidən tikilməsinə pul ayıra bilərlər.

Uşaqlarının təhsilinə, ailə üzvlərinin müalicəsinə kömək edə bilərlər. Onların qəhrəmanlığı haqda kitab, məqalə, film hazırlatdıra, gənclərə, yeniyetməyə danışa bilərlər.

Şəhidlərin ruhuna ehsan olaraq yaşadığı yerdə büstünü düzəltdirə, su olmayan yerə su çəkdirə, digər xeyirxah işlər görə bilərlər. Bundan başqa, özləri də vətən üçün nəsə etməlidirlər.

Maşına şəkil yapışdırmaqla vətənpərvər olmaq olmur".