Azərbaycan logistika mərkəzinə çevrilib

Böhran şəraitində sosial-iqtisadi layihələrin ixtisara düşməməsi dövlətin gücünün göstəricisidir

Magistral yollarımız ölkə iqtisadiyyatının şaxələndirilməsinə, regionlarımızın sürətli inkişafına, ən əsası isə xalqın sosial rifahının yüksəldilməsinə öz töhfəsini verməkdədir. Bir sözlə, müasirləşən yol şəbəkəsi infrastrukturu insanlara həm rahatlıq verir, həm də turizmin və regionların sosial-iqtisadi inkişafı üçün mühüm amilə çevrilir. “Azərbaycanda ən müasir nəqliyyat-yol infrastrukturu yaradılacaq” - deyən dövlət başçısı İlham Əliyevin sərəncamları və tapşırıqları ilə ölkəmizdə yol infrastrukturu ildən-ilə müasirləşir. Nəqliyyat sektorunun formalaşdırılması ölkənin beynəlxalq aləmə çıxışını təmin etməklə yanaşı, Azərbaycan məhsullarının xarici bazarlara çıxışını reallaşdırır.

Artıq Azərbaycan beynəlxalq nəqliyyat sistemində əhəmiyyətli rol oynayan ölkəyə çevrilib. Buna ölkəmizin yerləşdiyi coğrafi mövqe və iqtisadi potensialı zəmin yaradır. Elə ölkə daxilində yeniləşdirilən yol infrastrukturu da dövlətin prioritet məsələlərindən hesab olunur. Beynəlxalq standartlara cavab verən bugünkü magistral yollarımız ölkəmizin simasını başdan-başa dəyişdirib. Respublika iqtisadiyyatının qüdrətini artıran bu yollar indi Avropa ölkələrinin yollarından heç də geri qalmır. 

Prezident İlham Əliyev Mərdəkan-Zuğulba avtomobil yolunda yerüstü piyada keçidinin açılışında iştirak etdi. Bakı şəhərində 113 piyada keçidi tikilib istifadəyə verilib. Onlardan 41-i yerüstü piyada keçidi, 72-si yeraltı piyada keçididir.

Ölkəmizin respublika əhəmiyyətli magistral yollarında 64 yeraltı və yerüstü piyada keçidi, rayon və şəhərlərin daxilində 3 ədəd, ümumilikdə isə bugünədək ölkədə180 ədəd piyada keçidinin tikilərək istifadəyə verilməsi yol infrastrukturunun yaxşılaşdırılması sahəsində çox mühüm və ardıcıl işlərin həyata keçirilməsinin göstəricisidir.

Bu gün ölkəmizdə avtomobil yollarında hərəkətin təhlükəsizliyini və vətəndaşların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək məqsədilə kompleks tədbirlər icra olunur. Bu baxımdan, yerüstü və yeraltı piyada keçidlərinin tikintisi işləri xüsusi əhəmiyyəti ilə seçilir. 

Millət vəkili Cavid Osmanov “Şərq”ə açıqlamasında deyib ki, Azərbaycanda yol infrastrukturunun tamamilə yenilənməsi istiqamətində atılan addımlar xalqımız tərəfindən yüksək qiymətləndirilir. Deputatın sözlərinə görə, Azərbaycan dünya reytinqində avtomobil yollarının keyfiyyətinə görə üst yerlərdən birini tutur:

“Yol insanların rahatlığını təmin etməklə yanaşı, eyni zamanda ölkə iqtisadiyyatının qurulmasına xidmət edir. İstər istehsal müəssisəsi, istərsə də sahibkarlığın müxtəlif sektorları yol infrastrukturunun əlverişli və şaxəli qurulduğu məkanda daha əlverişli olur, inkişafı sürətlənir. Daha çox investisiya cəlb edə bilir. Bakı-Şamaxı-Yevlax və Gürcüstan sərhədinədək uzanan Bakı-Ələt magistral yolu tamamilə yenidən qurulub. Ölkəmizin müxtəlif şəhər və rayonlarında, o cümlədən qəsəbə və kəndlərində yolların asfaltlanması prosesi gedir.

Elə bugünlərdə ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə iki rayonda kəndlərarası yolların asfaltlanması ilə bağlı qərar verildi. Həmin rayonlardan biri də Ağdaşdır. Ağdaşı təmsil edən millət vəkili kimi sosial şəbəkədə dövlət başçısına öz minnətdarlığımı bildirdim. Çünki bu sərəncama əsasən, təmsil etdiyim rayonda 6 mindən çox əhalini əhatə edən 7 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulacaq”.

Parlament üzvü vurğulayıb ki, ümumiyyətlə, dövlət başçısı davamlı olaraq ölkə yollarının yenidən qurulması, bərpası ilə əlaqədar mütəmadi sərəncamlar imzalayır. Yolların salınması üçün büdcədən, Prezidentin Ehtiyat Fondundan vəsait ayrılır:

“Yol infrastrukturu iqtisadiyyatın yüksəldilməsində ən mühüm addımlardan biridir. Belə məqamda ulu öndərimiz Heydər Əliyevin kəlamını yada salmalıyıq. Ümummilli lider deyirdi ki, “yol iqtisadiyyatdır, mədəniyyətdir”.

Cənab Prezidentimiz də bu sahəyə böyük diqqət ayrırır. Yol insfrasktrukturunun qurulması insanların rahatlığı, vaxta qənaət, sahibkarlığın inkişafı ilə yanaşı, həm də beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi kimi mühüm rol oynayır. Azərbaycan artıq logistika mərkəzinə çevrilib. Şərqlə Qərbi birləşdirən ölkəmiz qədim İpək Yoluna mühüm töhfələr verib.

Bu da sıradan məsələ deyil və Azərbaycanın bugünu, gələcəyi üçün hazırlanmış bir layihədir. Bütün bunlar ölkə iqtisadiyyatının dirçəldilməsinə əlavə imkanlar yaradır. Dünyada koronavirus bəlasının tüğyan etdiyi bir dövrdə Azərbaycanda sosial-iqtisadi layihələrin ixtisara düşməməsi dövlətimizin gücünü göstərir”.