ABŞ-ın sorğusu Paşinyanı yerdən-yerə vurdu - Hakimiyyət böhranı !

"Ermənistanda yeni inqilabi şəraitin yaranması gözlənilir"

ABŞ-ın Ermənistandakı səfirliyi və müxalifət partiyalarından biri ölkədəki vəziyyəti öyrənmək və baş nazir Nikol Paşinyanın reytinqini müəyyənləşdirmək üçün rəy sorğusu keçirib. Sorğu daxili istifadə üçün nəzərdə tutulub və nəticələri ictimaiyyətə açıqlanmayıb. Buna baxmayaraq, bəzi məlumatlar cəmiyyətə sızdırılıb. Rəy sorğusunun nəticələrinə əsasən, Ermənistan baş naziri Nikol Paşinyanın və bütövlükdə hökumətin reytinqi sürətlə azalmağa doğru gedir. İnqilabla hakimiyyətə gəlmiş Paşinyanın reytinqinin tarixi antirekord vurduğu məlum olub. Respondentlərin yalnız 17,2 faizi baş naziri dəstəkləyib. 



Ermənistan baş nazirinin tərəfdarları arasında nüfuzdan düşməsinin səbəblərini “Şərq”ə təhlil edən politoloq Qabil Hüseynlinin sözlərinə görə, Paşinyan elə zənn edirdi ki, özünü “Qərbin adamı” kimi təqdim etməklə Rusiyadan kənar hakimiyyətin formalaşmasına nail ola biləcək. Amma hadisələrin gedişatı göstərdi ki, Paşinyan vəd etdiklərini reallaşdıra bilmir. Eyni zamanda qərbyönlü siyasət həyata keçirməyi bacarmır:

“Üstəlik, Rusiya ilə İrəvan hökumətinin yaxınlığı “Qarabağ klanı”ndan daha dərindir. ABŞ-Paşinyan münasibətləri hələ reytinq ölçmə mərhələsindədir. Rusiyanın Ermənistanda hava hücumundan müdafiə sistemləri qurması, düşmən ölkəni davamlı silahlandırması faktlarından sonra Paşinyanın vəziyyəti daha da ağır olacaq.

Baş nazir Ermənistanı elə vəziyyətə gətirib ki, düşmən ölkə Rusiyanın hansısa quberniyasından daha az səlahiyyətə malikdir. Sözün həqiqi mənasında Moskva Ermənistanda “at oynadır”. Hadisələrin gedişatında müxalifətin, xüsusən “Qarabağ klanı”nın güclənməsi nəticəsində qüvvələr nisbətində ciddi dəyişiklik baş verəcək.

Ermənistanda yeni inqilabi şəraitin, hakimiyyət böhranının yaranması gözlənilir. Amerika da buna hazırlıq görür. Vaşinqton çalışır ki, məqam yetişəndə Rusiyaya uduzmasın”.