İnternet, kompüter saz olmalıdır

Hökumət Təhsil Nazirliyinə əl uzatmalıdır

Distant təhsilin təşkili üçün bütün güclər səfərbər olunmalıdır

"Ötən gün Nazirlər Kabineti “Xüsusi karantin rejimi dövründə tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nı təsdiq edib. Qaydalarda tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkil edilməsi nəzərdə tutulub. Və cəmi bir yerdə distant sözü işlənib. Vəssalam. Distantla bağlı başqa heç bir müddəa, qaydalar da yoxdur. Elə o nəhənglikdə təhsil qanununda da belədir. Yalnız bir yerdə distant sözü var. Bu distant formanı kompüter və internet olmadığı halda Təhsil Nazirliyi, təhsil müəssisəsinin necə təşkil edəcəyi, distantın yaradacağı yeni hüquqi münasibətlər, istifadə olunacaq virtual tədris platformaları, distantın elmi-pedaqoji əsasları, distantda dərsin və qiymətləndirmənin necə təşkil olunacağı və s. bu kimi məsələlər haqqında qaydalarda bir kəlmə də olsun müddəa yoxdur.

Məəttəl qalıram. Bu necə ola bilər? Bunun məsuliyyətini kim çəkəcək? Bəlkə distant ekosistem mövcud olmadığına görə, NK qaydalara konkret müddəalar daxil etməyib. Amma mövcud hüquqi-normativ bazaya baxsaq görərik ki, əyani təhsil verməklə bağlı öhdəlik götürən təhsil müəssisəsi bundan birtərəfli qaydada imtina edib. Distant təklif edirsə, onda düşünürəm ki, bu formada təhsil xidməti vermək üçün imkanlar da yaratmağa borcludur".



Bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O hesab edir ki, Təhsil Nazirliyi ləngimədən şagirdlərin və müəllimlərin texniki-texnoloji təminatı ilə bağlı apardığı monitorinqin nəticələrini açıqlamalıdır:

"Əminəm ki, TN-in əlində mövcud durumla bağlı yetərincə informasiya toplanıb. TN-in bu informasiyaları ictimaiyyətdən gizlətməsini doğru hesab etmirəm. Təhsilə cavabdeh mərkəzi icra qurumu olaraq TN dərhal mövcud texniki-texnoloji durumla bağlı məlumatları açıqlamalı və hökumətdən, ayrı-ayrı qurumlardan distant təhsilin keyfiyyətli təşkili üçün kömək istəməlidir. Əlbəttə anlaşılandır ki, çətinlik var".

O.Gündüz bildirib ki, pandemiyanın gətirdiyi yeni çağırışlar var:

"Bu, tək bizim ölkəmiz üçün deyil, bütün dünya da yeni çağırışlarla üz-üzədir. Amma müşahidələr göstərir ki, hökumətlər bu problemi həll etmək üçün daha effektiv qərarlar qəbul edirlər. Həssas ailələrin texniki-texnoloji təminatını hökumətlər öz üzərinə götürür. Düşünürəm ki, NK distant təhsilin təşkili üçün TN-ə köməklik göstərməli və əlavə resurslar ayırmalıdır. Hansısa bəsit formada, ənənəvi təhsillə bağlı qaydaları təsdiqləməklə işi bitmiş hesab etmək doğru olmazdı. Əgər hökumət distantın təşkili qaydalarını təsdiqləmək məsuliyyətini öz üzərinə götürmək istəmirsə, düşünürəm ki, TN dərhal belə bir müvəqqəti qaydaları özü hazırlamalıdır.

Bununla əlaqəli metodiki resurslar hazırlanıb müəllimlərə verilməlidir. TN özü də kompüter və internet üçün NRYTN, provayderlərə və mobil operatorlara, İT şirkətlərə müraciət etməlidir".