İlahiyyatçı:"Din xadimləri də siyasi proseslərə təsir etmək imkanına malikdirlər"

Nüfuzlu Nobel mükafatının kimlərə və hansı ölkənin nümayəndələrinə veriləcəyi bütün dünyada hər il diqqətlə izlənilir. İndiyədək namizədliyə bir neçə azərbaycanlının adı çəkilsə də, heç bir soydaşımız çox təəssüf ki, məşhur təltifa layiq görülməyib. Bu il isə Azərbaycandan Nobel Sülh mükafatına namizəd Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə göstərilib. Məlumat üçün deyək ki, Şeyxülislamın namizədliyi artıq ikinci dəfə verilir. 

Mövzu ilə bağlı fikirlərini "Şərq"ə dəyərləndirən ilahiyyatçı Hacı Atif İsmayılov bildirib ki, Şeyxülislamın namizədliyinin təsdiqlənməsi əlamətdar hadisədir. İlahiyyatçının sözlərinə görə, onun adının namizədliyə verilməsi bütün din xadimləri üçün qürurvericidir:

"Müasir dövrdə din xadimləri də siyasi proseslərə təsir etmək imkanına malikdirlər. Din xadimlərinin sülhün bərqərar olmasında rolları böyükdür. Şeyxülislam Allahşükür Paşazadənin də dinlərarası münasibətlərə, dialoqa çox böyük töhfəsi olub. O həm dünyada, həm də regionda nüfuzlu, tanınmış şəxsiyyətdir. Müsəlman din xadiminin Nobel Sülh mükafatına layiq görülməsi çox müsbət hadisə olar. Düşünürəm ki, onun bu mükafata layiq görülməsi tək bizim üçün yox, xalqımız üçün böyük bir uğurdur.