“Bölgələrdə idarəetmə sisteminin optimallaşdırılması günün tələbidir” - İslahat davam edir 

“Rayonların quberniya və ya vilayətlər formasında birləşdirilməsi məsələsi həqiqətən çox önəmlidir. Lakin biz buna trend kimi yanaşmamalıyıq”. 

Bu barədə “Sherg.az”a açıqlamasında Milli Həmrəylik Partiyasının (MHP) sədri Əlisahib Hüseynov deyib. 

Partiya rəhbəri bildirib ki, rayonların yaxın gələcəkdə təxminən 11-12 inzibati subyekt halında birləşdirilməsi son 2 ildə ölkədə cərəyan edən köklü islahatlar prosesinin tərkib hissəsidir: 



“Bölgələrimizdə idarəetmə sisteminin kardinal şəkildə dəyişdirilməsi və ya optimallaşdırılması günün tələbidir. Prezident İlham Əliyevin təşəbüsü ilə aparılan regionların sosial, siyasi və iqtisadi inkişaf siyasəti bunu qaçılmaz edir. Mövcud icra hakimiyyətləri sistemi və eləcə də bələdiyyələrin sönük fəaliyyəti şübhəsiz ki, günün tələblərinə cavab vermir. Biz bu sahədə müasir dünya təcrübəsinə və xüsusən qardaş Türkiyənin yerli idarəetmə sisteminə istinad edə bilərik. Türkiyənin ərazi-idarəetmə və bələdiyyələr sahəsində olduqca zəngin təcrübəsi var. Biz də bu təcrübəyə istinad edərək və ölkəmizin milli maraqlarını, inkişaf strategiyasını əsas götürərək regionlarımızın idarəetmə sistemini yeniləməli, təkmilləşdirməliyik”. 

Ə.Hüseynovun fikrincə, yeni sistem regionların sosial-iqtisadi inkişafı üçün yeni imkanlar açacaq: 

“Rəsmi qurumlar və bələdiyyələr səmərəli fəaliyyət göstərməyə başlayacaq. Vətəndaşlara xidmət daha da asanlaşacaq, həmçinin bürokratik əngəllər də minimuma endirilmiş olacaq. Zənnimcə, sovet dövrünün mirası olan rayon bölgüsünü yeni inzibati modellə əvəz etmək üçün əlverişli zəmin yaranıb”.