“Bizə Rusiyanın nə dili, nə də özü lazımdır” – Beyin axını yaradırlar?!

“Son 25 ildə rus dilində gənclik yetişdirməyimizin bizim üçün müsbət geri dönüşü olmayıb” 

“Rus ictimai fikrində dəyişiklik edə bilmədik. Rus mediasında, incəsənətində söz sahibi olmadıq”

“Siyasətində Azərbaycana qarşı müsbət nəsə olmadı”



“Rusiya qonşu dövlətdir və onun dilini bilməyimizin ziyanı yoxdur, amma rus dili əvəzinə ingilis, fransız, alman dili bizə daha vacibdir. Dünya ədəbiyyatı məhz həmin dillərdədir. Əgər mədəniyyət və səviyyə istəyiriksə, hamısı bu dillərdədir”

Bu sözləri “Sherg.az”a açıqlamasında BAXCP sədrinin müşaviri, politoloq Аzər Qasımov deyib. 

Siyasi şərhçi bildirib ki, bizə Rusiyanın nə dili, nə də özü lazımdır: 

“Əcnəbi dil öyrənmək təbii ki, vacibdir. Sovet dövründə rus dili öyrənməyimiz dünya elminə, mədəniyyətinə çıxışımıza səbəb olurdu. Bir çox ədəbiyyatı rus dilində oxuduq, öyrəndik, tibbdən tutmuş akademik fəaliyyət, mühəndislik, sosial elmlər, incəsənət və s. İncəsənətimizin kinosu, operası, baleti, hətta ədəbiyyatımız belə rus dilinin təsiri ilə inkişaf etdi, yeri gələndə dünya miqyasına da çıxdı.

Ona görə inkişaf etdik ki, sovet qapalı ölkə olduğu üçün rus elmi xarici ədəbiyyatı özünün adına çıxıb rus dilinə tərcümə edirdi və bizlərə sırıyırdı, bizim nailiyyətləri isə rus elminin adına yazırdı. Yaxşı bəy, indi bizim rus dilinə nə məcburiyyətimiz var? Ölkəmizdə rus dilinə olan marağı səviyyə fərqi ilə ölçənlər, məntiqlə daha vacib dillər öyrənməli idilər, nəinki rus dili. Sadə məntiq isə bunun səbəbinin məqsədli yönləndirmə və təbliğat olduğunu göstərir”.

Partiya təmsilçisi qeyd edib ki, son 25 ildə rus dilində gənclik yetişdirməyimizin bizim üçün müsbət geri dönüşü olmayıb: 

“Rus ictimai fikrində dəyişiklik edə bilmədik. Rus mediasında, incəsənətində söz sahibi olmadıq. Siyasətində Azərbaycana qarşı müsbət nəsə olmadı. Küçədə kənardakılar eşidib bizi “səviyyəli insan” hesab etsinlər deyə rus dilində danışdıq. Rus dilinin bir-birimizə “çuşka” gözü ilə baxmaqdan başqa xeyrini görmədik. Dili bilənlərimiz artsa da, Moskvanın gözündə “bazar çuşkası” kateqoriyasından o tərəfə gedə bilmədik. Halbuki  küçədə ingilis, alman, fransız dilində danışanı görsək, ona həsədlə baxarıq.

Bu yanaşmalar təbii ki, əcnəbi dilin ölkədə “5-ci kolon” formalaşdırdığı, mədəni ekspansiya siyasəti yürütdüyü, gələcəkdə ölkədən beyin axını yaratmağa hesablandığı reallığını da unutmaq olmaz”.