“Yenə universitetlərə seçdiyi ixtisası sevməyən gənclər gələcək" - Valideyn eqosu !

“Yaxın günlərdə ölkəmizdə Ali təhsil müəssisələrinə ixtisas seçimi başlayacaq. Yenə nə qədər valideyn öz “eqo”sunu doyuzdurmaq, qonşudan dala qalmamaq, “camaatın yanında biabır olmamaq” üçün övladının yerinə ixtisas seçimi edəcək”.

Bu sözləri “Sherg.az”a açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib. 

Mərkəz sədri bildirib ki, valideynlərin önəmli qismi seçimlərini sovet dövründən qalan dar təsəvvürü, ya da bitməyən keçid dövründə “müasir dünya” ilə bağlı əldə etdiyi məhdud və çox vaxt da yanlış biliklər çərçivəsində edəcək: 



“Yenə universitetlərə seçdiyi ixtisası sevməyən gənclər gələcək.

Sevmədiyi ixtisas üzrə təhsil almış insanlar iş həyatına başlayacaq. Həyat əvvəlki kimi davam edəcək. Və bizdən sonrakı nəsillər də 100 il əvvəl yazılmış şeirləri, məqalələri oxuyub deyəcəklər ki, heç nə dəyişməyib.

Təhsilə və ixtisaslaşmaya müasir yanaşma digər problemlərimizin həllinin ən vacib açarlarından biridir.

Cəmiyyətin mənfi mənada özünü təkrarlamaması, gələcəyə daha ümidlə baxması, daha yaxşı keyfiyyətlərə doğru irəliləməsi üçün yol buradan başlayır”.