“COVİD-19 soyuq havada daha tez yayılır” – İkinci dalğanın “ayaq səsləri”

“Bəzi ölkələrdə ikinci dalğa başlayıb və Azərbaycanda da gözlənilir”

“Qarşıdan gələn payız-qış aylarında vətəndaşlarımızdan daha diqqətli olmalıyıq”

“Gigiyenik qaydalara əməl etmək, sosial məsafəni qorumaq və tibbi maskadan istifadə etmək tələb olunur”


Pandemiyasının yenidən aktivləşəcəyi ilə bağlı proqnozlar özünü doğruldur. Bəzi ölkələrdə koronavirusa yoluxma sayında kəskin artım qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının(ÜST) mətbuat katibi Marqaret Harris olduqca maraqlı açıqlamalar verib. Onun sözlərinə görə, təəssüf ki, ötən həftədən bəri koronavirus infeksiyası ilə əlaqədar uğursuz dinamika müşahidə olunur. ÜST rəsmisi koronavirusun ikinci dalğası ilə bağlı dünya ölkələrinə xəbərdarlıq edib. 

Mövcud prosesləri “Sherg.az”a şərh edən millət vəkili Nəsib Məhəməliyev bildirib ki, ÜST-nın dünya ölkələrini xəbərdar etməsinin kifayət qədər əsasları var. Pandemiya davam etdiyini deyən millət vəkili qeyd edib ki, 28 milyondan artıq insan bu virusa yoluxub:

“Braziliya, Amerika Birləşmiş ştatlar, Hindistan kimi ölkələrdə isə yeni yoluxma və ölənlərin sayı sürətlə artmaqdadır. Bəzi ölkələrdə ikinci dalğa başlayıb və Azərbaycanda da gözlənilir.

Koronovirusdan sağalan şəxslərin təkrar yoluxması kimi məlumatlar da mətbuata sızır. Aydındır ki, COVİD-19 soyuq havada daha tez yayılır.

Qarşıdan gələn payız-qış aylarında vətəndaşlarımızdan daha diqqətli olmaq, gigiyenik qaydalara əməl etmək, sosial məsafəni qorumaq və tibbi maskadan istifadə etmək tələb olunur.

Bu üç qızıl qaydaya riayət etmək, özümüzü və yaxınlarımızı qorunmaq deməkdir. Bu zaman səhiyyə sistemi artıq yüklənməz və dövlətimizin maliyyə vəsaitlərinə qənaət etmiş olarıq”.