AYB-nin sədri kim olacaq ? – Qulu Ağsəs danışdı : “Qurultay keçiriləndə... ”


Sosial şəbəkələrdə növbəti seçkilərdə kimin Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri vəzifəsinə seçiləcəyi geniş müzakirə olunur. Bu barədə yazıçı, jurnalist Rasim Qaraca özünün “Facebook” hesabında yazıb: “Azərbaycan Yazıçılar Birliyi ətrafında debatlar yenidən qızışıb. Sədr kim olacaq sualı gündəmdədir...”. 

 “Ulduz” jurnalının baş redaktoru, Əməkdar jurnalist Qulu Ağsəs məlum sualla bağlı fikirlərini “Sherg.az”la bölüşüb:

“İndi səhv etmirəmsə, koronavirus pandemiyası dövrüdür. Məgər  pandemiya sosial şəbəkələrə çatmayıb?! Dünya dövlətləri artıq ikinci dalğadan danışır, müvafiq tədbirlər görülür. Belə bir vaxtda pandemiya ən prioritet məsələ olmalıdır. Həm də əlahəzrət qanun kütləvi, on nəfərdən artıq adamın iştirak etdiyi toplaşmalara icazə vermir. Elə isə qurultay necə keçiriləcək?

Onlayn formatda keçiriləcəyinə inanmıram. Çünki qurum mövcud olduğu 90 il ərzində heç vaxt belə təcrübə olmayıb. Qurultay keçiriləndə də kim sədr seçilər, seçilər. Burda ajiotaj yaratmalı nə var ki?

Belə mürəkkəb məqamda qaldırdığınız məsələni müzakirə edənlər koronavirusa inanmayanlardır. Onlar öz inamsızlıqları ilə insanları da yoluxdururlar”.