“Pandemiya insanların təbiətə münasibətini dəyişdi” 

Pandemiyanın yenidən aktivləşməsinə dair proqnozlar özünü doğruldur. B əzi ölkələrdə koronavirusa yoluxma sayında kəskin artım qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mətbuat katibi Marqaret Harris olduqca maraqlı açıqlamalar verib. Onun sözlərinə görə, təəssüf ki, ötən həftədən bəri koronavirus infeksiyası ilə əlaqədar uğursuz dinamika müşahidə olunur. ÜST rəsmisi koronavirusun ikinci dalğası ilə bağlı dünya ölkələrinə xəbərdarlıq edib. 

İranın azərbaycanlılar yaşayan Zəncan əyalətinin bütün şəhər və rayonlarında da koronovirus sürətlə yayılır. Məlumata görə, virus yayılmağa başladığı vaxtdan bəri əyalətin xəstəxanalarında 10498 nəfər xəstəxanaya yerləşdirilib. Onlardan 3459 nəfərin, yəni 33 faizinin koronavirus testi müsbət çıxıb.



Azərbaycan Diabet Liqası İctimai Birliyinin sədri, Səhiyyə Nazirliyi yanında İctimai Şuranın üzvü Yeganə Sultanova “Sherg.az”a bildirib ki, ölkə başçısının rəhbərliyi ilə Azərbaycanda pandemiya ilə mübarizə üçün zamanında işlər görüldü. Y.Sutanova qeyd edib ki, koronavirus bütün ölkələr üçün yeni hadisə idi:

“Heç bir dövlət bu vəziyyətə hazır deyildi. Virusun ağır fəsadları oldu. Lakin pandemiya bəşəriyyətə müəyyən mesajlar verdi. İnsanların düşüncəsi, təbiətə münasibəti dəyişdi. 

Azərbaycan Diabet Liqası İctimai Birliyi olaraq bizə müəyyən müraciətlər edildi. Həmin şəxslərə də dəstək göstərdik.

Məsələn, bayramla əlaqədar rayona gedənlər sonra yolların bağlanmasına görə dərmanlarını ala bilmirdilər. Fərdi olaraq belə vətəndaşlarımıza köməklik göstərdik. Ölkəmizdə karantin qaydaları yumşaldıldı, yoluxma azalıb. Lakin vətəndaşlarımız diqqətli olmalıdır. Özünü və ətrafdakıları qorumalıdır”.

Birlik sədri vurğulayıb ki, virusdan qorunma qaydaları o qədər də çətin deyil:

“Sadəcə olaraq Operativ Qərargahın tövsiyələrinə əməl etmək kifayətdir ki, özümüzü təhlükəli vəziyyətdən qoruyaq. Pandemiya insanları düşünməyə vadar etdi. Sanki təbiət insanların göstərdiyi münasibətlərdən dincəldi”.