Bakıda saxta şampunlar peyda olub

Məşhur brendin zay məhsullarını vətəndaşlara sırıyırlar


"Uzun illərdir saçımı ancaq "Head&shoulders" şampunu ilə yuyuram. Bu dəfə uşaq gedib marketdən kiçik, üstündə yasəmən şəkli olan şampun aldı. Elə bil zirzəmidə hazırlanıb, "head&shoulders"in iyi yüngülvari gəlir, amma içi zibil. Əslində bunu salonda mənə illər qabaq demişdilər ki, bu şampuna da əl qatırlar, inanmamışdım. Yaxşı, bəs, bu ünlü şirkətin Azərbaycanda nümayəndəliyi yoxdumu? Hara baxırlar? İstehlakçını belə aldatmaq olarmı? Biz buna pul verib alırıq, sizin qablaşdırdığınız zibili yox. Əcəb işə düşmüşük, dünyaca məşhur brendi gətirib Azərbaycanda özümüzə oxşadırıq. Keçən dəfə "Sisley"in timsalında gəldi başıma, indi də belə. Ölkədə normal məhkəmə də yoxdur ki, vurub belini qırasan bunların". Bu sözləri tanınmış jurnalist Ləman Ələşrəfqızı şəxsi sosial media şəbəkəsində yazıb.
Bildiyimiz kimi, dünyada saxta geyimlər, aksesuarlar, təmizlik vasitələri və ya elektronika məhsulları, hətta qidalar belə geniş yayılıb. Avropa ölkələrinin özündə belə bu cür ajiotaj dolu xəbərlərə rast gəlmək mümkündür. Azərbaycanda da bu baxımdan vəziyyət heç də ürəkaçan deyil. Bəs, dələduzlardan necə qorunaq? 

Mövzu ilə bağlı "Şərq"ə danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov vurğulayıb ki, dünyanın hər yerində bu kimi məhsullar insanlara satılır. Onun qənaətincə, məqsəd yalnız daha çox gəlir əldə etməkdir:
"Azərbaycanda  illər boyudur ki, bu problem davam edir. İldən-ilə bunun sistemi dəyişir, yəni bir mal qrupundan başqasına keçir. Bütün istehsal olunan mallarda bu kimi hallara rast gəlmək mümkündür. "İstehlakçılar Hüquqları Müdafiəsi haqqında" qanunda göstərilib ki, istehlakçı bir sıra məhsullar istisna olmaqla, bəzilərini kassa çeki olduqda 14 gün müddətində qaytarmaq, dəyişmək və pulu yüz faiz həcmində almaq hüququna malikdir. Lakin Nazirlər Kabinetinin uyğun qərarında bir sıra mallarda istisnalar təşkil edir. Həmin qərarda məntiqi olub qanunu olmayan, qanunu olub məntiqi olmayan, nə də ki, məntiqi və qanunu olmayan hallar var. Məsələn, kitab qaytarılan mallar siyahısındadır, amma qızıl qaytarılmayan, dəyişdirilməyəndir. Qanunda yazılıb ki, mağazadan çıxarılmış ərzaq məhsulu qaytarıla bilməz. Belə çıxır ki, istehlakçı mağazada yağı əridib baxmalıdır ki, necədir? Təbii ki, onu yalnız evdə yoxlamaq mümkündür. Bu kimi problemlər çoxdur. Bizə gələn şikayətlər sırasında 80 faizini telefon yolu ilə tərəflər arasında danışıqlar aparmaq yolu ilə qaytarırıq". 

Ən çox da texnologiya ilə bağlı problemlərin yaşandığın qeyd edən E.Hüseynov vurğulayıb ki, istehlakçılar çox zaman saxta və orijinal malı ayırd edə bilmirlər:
"Araşdırmalara görə, dünyada insanlar texnologiya məhsulları alan zaman daha çox aldanırlar. Xüsusilə də telefon və telefona aid aksesuarların saxtası bazarda daha çoxdur. Saxta malın satışını həyata keçirən dələduzlar o qədər inkişaf ediblər ki, alıcılar bəzən gözlə malın orijinal olmadığını anlaya bilmirlər. Zəmanət məsələsinə gəlincə, onu deyə bilərəm ki, bir çox şirkətlər onun altından çox yaxşı çıxırlar.

Çox zaman özləri qəsdən zəmanət hissəsini pozurlar, ya da ki, bunu satanda edirlər. Nəticədə bir problem yaşandıqda bunu istehlakçının üzərinə atırlar. Bütün markaları elə yazırlar ki, onu bir çox insan ümumiyyətlə, ayırd edə bilmir. Hətta böyük yanacaqdoldurma şirkətlərində də bu hallara rast gəlinir. Məsələn, "Lukoil" şirkəti kimi eyni cür rəng və bir hərflə dəyişməklə insanları aldadırlar. Biz bunlarla çox mübarizə aparırıq. Amma görünən odur ki, yenə də insanlar dələduzlar tərəfindən aldadılır".