Metro açıldı ! Hökumət də, metropoliten də üzərinə düşəni həyata keçirdi 

İndi söz vətəndaşlarındı, məsuliyyətli olacağıqsa, yoluxma sayının artmasına mane olacağıq, yox əgər, məsuliyyətsizlik edəcəyiksə, koronavirus bizi məğlub edəcək

Nəhayət! 72 günlük fasilədən sonra Bakı metrosunun fəaliyyəti bərpa edildi. Metrosuz çətin idi. Hətta, dözülməz. Bakı Nəqliyyat Agentliyinin metroəvəzi ekspres avtobusları sərnişin sıxlığı probleminin öhdəsindən gələ bilmirdi. Bunu gözləmək və Bakı kimi böyük bir meqapolisdə ictimai nəqliyyatda sərnişindaşımanın yalnız avtobuslar vasitəsilə normal şəkildə təmin ediləcəyini düşünmək də doğru olmazdı. Və paytaxt əhalisi 2 aydan artıqdır ki, avtobuslarda sözün əsl mənasında zillət çəkirdi.

Amma hökumətin qərarına əməl etmək vacibdir. Vətəndaşlar da başa düşürdü ki, metropolitenin fəaliyyətinin dayandırılması koronavirus təhlükəsinin qarşısını almaq, yoluxma riskini minimuma endirmək məqsədi daşıyır, pandemiya şəraitində metro kimi süni ventilyasiya sistemi ilə işləyən nəqliyyat növünün xidmət göstərməsi əhaliyə xeyirdən çox, ziyan verə bilər. Dövlət hansısa bir sahənin fəaliyyətinə qadağa qoyursa, ilk növbədə əhalinin sağlamlığını düşünür və geri dönüşü olmayacaq istiqamətə gedilməməsini təmin etməyə çalışır. Sərnişinlər üçün, xüsusilə də hər gün işə gedib-gələnlər üçün metrosuz çətin idi. Lakin metronun fəaliyyətini davam etdirəcəyi halda yoluxma sayının artacağı təqdirdə bunu dövlətimiz üçün və ümumilikdə xalqımız üçün hansı ağır nəticələrə gətirib çıxaracağı da məlum idi. Nə qədər çətin və ağır olsa da, vətəndaşlar səbir və dözüm nümayiş etdirirdilər. Lakin yoluxma sayındakı azalmalar, pandemiya statistikasındakı müsbət dinamika metropolitenin fəaliyyətinin bərpa ediləcəyinə ümid yaradırdı. Nəhayət, Operativ Qərargah vətəndaşların çoxdan gözlədiyi xəbəri verdi; Bakı Metropoliteni sentyabrın 14-dən fəaliyyətini bərpa edir. Və Bakı metrosu dünən səhər saat 06:00-dan yenidən sərnişinlərinin xidmətinə verildi. 
 
Metro öz işini görür… 

Bununla bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında bildirilir ki, Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyası ilə əlaqədar tətbiq olunmuş xüsusi karantin rejiminin 2020-ci il avqustun 5-dən mərhələli şəkildə, ayrı-ayrı sahələr üzrə yumşaldılması məqsədilə tədbirlər davam etdirilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, sanitar-epidemioloji vəziyyətə uyğun olaraq 2020-ci il sentyabrın 14-ü saat 06:00-dan Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti bərpa edilir.

2020-ci il sentyabrın 30-dək şənbə və bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərmədiyinə görə sentyabrın 19-u saat 00:00-dan sentyabrın 21-i saat 06:00-dək və sentyabrın 26-sı saat 00:00-dan sentyabrın 28-i saat 06:00-dək metropolitenin sərnişindaşıma fəaliyyəti müvəqqəti dayandırılacaq. 
“İctimai nəqliyyatda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”ə uyğun olaraq koronavirus infeksiyasının yayılmasına yol verilməməsi, sərnişinlərin sağlamlığının qorunması məqsədilə metropoliten ərazisində müvafiq tədbirlər görülüb.
Mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq və virusa yeni yoluxma hallarına yol verməmək üçün vətəndaşlardan mövcud karantin rejiminin tələblərinə və tibbi-profilaktik qaydalara əməl etmək xahiş olunur.

Bununla bağlı “Bakı Metropoliteni” QSC sərnişinlərə müraciət edib. Müraciətdə metro açıldıqdan sonra ondan istifadə şərtləri açıqlanır:
Qeyd edilir ki, Bakı metropoliteni gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Texniki imkanlar nəzərə alınmaqla, qatarların hərəkəti maksimal hərəkət qrafiki ilə təmin olunacaq. Əlil arabalarından istifadə edən sərnişinlərin daşınması xidmətinin fəaliyyəti də bərpa ediləcək. “İctimai nəqliyyatda koronavirus infeksiyasının profilaktikasına diar metodiki göstərişlər”ə uyğun olaraq Bakı metropoliteni stansiyalarının ərazisində və qatarlarda mütləq qaydada tibbi maskalardan istifadə edilməli və sosial məsafə gözlənilməlidir.

Tibbi maska taxmadan metropolitenin xidmətindən istifadə qadağandır. Sərnişinlərin diqqətinə çatdırılır ki, tibbi maska ağız və burun boşluğunu tam örtməlidir. Tibbi maskadan istifadə olunmamasına görə müvafiq qaydada inzibati məsuliyyət tətbiq edilir. Stansiyaların girişlərində sərnişinlərin tibbi maskadan istifadə etməsi tələb olunacaq. Stansiyaya daxil olan sərnişinlərin hərarəti seçmə qaydada olmaqla, müvafiq avadanlıq vasitəsi ilə ölçüləcək. Sosial məsafənin qorunmasını, tibbi maskalardan istifadəni, sanitar-gigiyenik qaydalara riayət olunmasını təmin etmək məqsədilə sərnişinlərin audio, vizual, statik məlumatlandırılması üsullarından istifadə olunacaq. Stansiya və qatarlardakı oturacaqlarda məlumatlandırıcı işarələr qoyulacaq, zərurət yarandığı halda, sərnişinlərin rabitə vasitələri və səsucaldanlarla məlumatlandırılması təmin olunub.

Bakı Metropoliteni stansiyalarında fəaliyyət göstərən apteklərdə tibbi maska satışı üçün şərait yaradılıb. Sərnişinlərin sosial məsafəni qoruması, metropolitenə təhlükəsiz və nizamlı daxil olmasını təmin etmək məqsədilə istiqamətləndiricilər qoyulub. Bunu nəzərə alaraq sərnişinlərdən stansiyalara daxil olarkən tibbi maskalardan düzgün istifadə etməklə sosial məsafə saxlamaları və təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur. Stansiya və qatarların dezinfeksiya olunması əvvəlki qaydada müəyyən edilmiş qrafik üzrə təmin ediləcək. 

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətindən agentliyə verilən məlumatda sərnişinlərə çağırış olaraq bildirilir ki, metro stansiyalarına daxil olandan mənzil başına çatıb metronu tərk edənədək tibbi maskanın düzgün taxılmasına əməl etmək mütləqdir.
Sosial məsafənin qorunması məqsədilə "Bakı Metropoliteni" texniki imkanlarından istifadə edərək, sərnişinlərə ən münasib şəraiti yaradıb. Bu məqsədlə gücləndirilmiş iş rejimi tətbiq edilib, qatarların hərəkət qrafiki ən optimal qrafiklə təmin olunub, stansiya və qatarlarda bütün mümkün imkanlardan istifadə olunaraq sərnişinlərin məlumatlandırılması təmin edilib. 

"Bakı Metropoliteni" sərnişinlərə bir daha müraciət edərək, mövcud qaydalara, sanitar-gigiyenik normaların tələblərinə riayət etməyə çağırıb. 
Deməli, metropoliten üzərinə düşən vəzifəni yerinə yetirir. Qalır, biz sərnişinlərin qaydalara riayət etməsi.  

Dünən metronun uzun fasilədən sonra fəaliyyətini bərpa etdiyi ilk gün idi. Əvvəlki dövrlərlə müqayisədə dünən səhər saatlarında metroda sıxlıq müşahidə edilmirdi. Vaqonlarda sərnişin sayı çox deyildi. Tibbi maska tələbinə bir-iki istisna ilə demək olar, hər kəs əməl etmişdi. Lakin niyə bəzi sərnişinlər hələ də israrla qayda pozuntusuna çalışır, bunu anlamaq çətindir. Metro vaqonunda iki nəfər tibbi maskadan düzgün istifadə tələbini görməzdən gəlmişdi. Bir sərnişin tibbi maskanı burnundan aşağıda saxlamışdı, gənc oğlan isə maskanı biləyində yellədirdi. Əyləşən sərnişinlərin bu iki nəfəri qınayıcı nəzərlə süzdüyü görünürdü. Lakin yenə də kimsə dillənmədi, bu iki sərnişinə irad bildirmədi. İctimai qınaq işini görə bilmədi.  

…indi bizdən - sərnişinlərdən çox şey asılıdır

“Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzi İdarə Heyətinin sədri, sosioloq Elçin Bayramlı “Şərq”ə açıqlamasında qeyd etdi ki, hökumət də, metropoliten də üzərinə düşən işi həyata keçirir. İndi biz sərnişinlərdən çox şey asılıdır. Məsuliyyətli olacağıqsa, yoluxma sayının artmasına mane olacağıq, yox əgər, məsuliyyətsizlik edəcəyiksə, koronavirus bizi məğlub edəcək.

Metropoliten fəaliyyət göstərmədiyi zaman əziyyət çəkənlər və sərnişinlərin hansı əzab-əziyyətlə üzləşdiyini görənlər metronun fəaliyyətini davam etdirməsi üçün çalışmalıdır. Bizdən tələb olunan yalnız məsuliyyətdir. Bu da karantin rejimi qaydalarına əməl etmək, tibbi maskalardan tələb olunduğu səviyyədə istifadə etmək və sosial məsafəni qorumaqdır: 

- Metronun bağlı olduğu vaxtda şəhər sərnişin nəqliyyatında ciddi problem yarandı. Yəni alternativ nəqliyyat sistemləri (tramvay, trolleybus, elektrik qatarları və s.) vaxtilə ləğv edildiyi üçün yerüstü sərnişindaşımada yalnız avtobus nəqliyyatı qalıb ki, bütün yük də onun üstünə düşdü. Xətlərə lazımi qədər avtobus da buraxılmadığından böyük sıxlıq yaranırdı ki, bu da indiki şəraitdə arzuolunan deyil.

Lakin pandemiya şəraitində metroda da sıxlıq yaranmasına yol vermək olmaz. Çünki yeraltı tunellərdə oksigen az olur, rütubət və nəmişlik çox olduğu üçün bakteriyaların və virusların yayılması üçün münbit şərait var. Ona görə də metroda sıxlıq məqsədəuyğun deyil. Mümkün qədər qatarların intervalı azaldılmalıdır. Eləcə də, avtobusların sayı maksimum artırılmalıdır. Yoxsa, BNA-nın daha az avtobusla daha çox sərnişin daşıyaraq daha çox gəlir əldə etməsi siyasəti indiki şəraitdə təhlükəlidir.

Daha bir problem isə şənbə-bazar günlərində avtobusların və metorunun işləməməsidir ki, bu, sərnişinlər üçün əlavə problemlər və xərclər yaradır. 6 günlük iş sistemində çalışanlar həmin günləri taksi ilə gedib gəlməlidirlər. Elələri var şəhərin o başından bu başına gəlib getməlidir. Taksi ilə 10 manat o başa, 10 manat bu başa olmaqla 20 manat xərcləməlidir. Üstəlik, təkcə işə gedənlər deyil, həkimə gedənlər olur, iş günləri vaxt tapıb edə bilmədikləri sənədləşmə işlərini, dükan-bazar işlərini şənbə-bazar günlərinə saxlayanlar olur. Bu adamlar necə getməlidirlər? Ya da onsuz da az olan maaşlarının yarısını da taksilərə tökməlidirlər?
Əlbəttə, sərnişinlər də ehtiyatlı olmalı, sıxlıq yaratmamağa çalışmalı, maskadan istifadə etməlidirlər. Yoluxmanın artmasına imkan verməməliyik.