Azərbaycan türkcəsində təhsili gücləndirməliyik

Eyni zamanda, onun işlədilməsi miqyasını artırmalıyıq

Hər sahədə, məişətdən tutmuş idarəetmə və mühəndisliyə qədər bunu etməliyik


Son zamanlar Azərbaycanda rus məktəblərinin fəaliyyəti ilə bağlı müzakirələr yenidən gündəmə gəlib. Hətta konkret rus dilində təhsilin ləğv olunması haqda təkliflər də səslənir. Məlum olduğu kimi yazıçı Çingiz Abdullayev rus məktəblərinə qarşı “hücumun” yanlış olduğunu, ölkənin inkişafı, xaricdə tanıdılması baxımından rus dilini öyrənməyin əhəmiyyətini qeyd etmişdi. Onun bu mövqeyi və xüsusilə açıqlamasına “hörmətli yerli cahillər” ifadəsi ilə başlaması ictimaiyyətdə kəskin tənqid olunmuşdu. Sözügedən məsələ feysbuk sosial şəbəkəsinin də əsas müzakirə predmetinə çevrilib. İctimaiyyət nümayəndələri günlərdir çək-çevir edilən rus dili “problemi” ilə bağlı öz fikirlərini bəyan ediblər. Təbii ki, rus dili məsələsində də yanaşmalar fərqlidir. 

Məsələn, sosioloq-alim Əhməd Qəşəmoğlu bildirib ki, indi təhsil sistemimizdəki rus bölməsi barədə çox adam danışır. Onlar əsasən iki qrupa bölünür, birincisi, rus bölmələrinin bağlanmasını istəyənlər, ikincisi isə bu məktəblərin faydasından danışanlar. Amma, təəssüf ki, hər iki tərəf çağırış xarakterində danışır: “Məncə, müəyyən bir izahata ehtiyac var. Bir var rus məktəbi, bir də var rusdilli məktəb. Bunlar mahiyyət etibarı ilə çox fərqlidir. Təəsüf ki, təhsil sisteminə məsul şəxslər bu məsələyə lazımi qiymət verməyiblər. İndiyə qədər rus bölməsi rus məktəbi olaraq fəaliyyət göstərib. Yəni dərsliklər əsasən Rusiyadan gəlib, rus ideologiyasına xidmət edib. Ona görə də bu məktəblərdə oxuyanların bir çoxunda milli hisslər zəifləyib. Onlar öz tarixlərini lazımınca bilmir, milli qəhrəmanlarını demək olar ki, tanımırlar. Bəzi şagirdlər elə orta məktəbdə oxuduğu zamandan öz millətinə bir az yuxarıdan aşağı baxır”.

Sosioloqun fikrincə, bu məktəblər rusdilli, amma Azərbaycan mütəxəssislərinin hazırladığı dərsliklərlə dərs keçsələr, insanlar bu qədər həyəcanlanmaz, məktəblərin bağlanmasına çağırış etməzlər:

“Əksinə, belə məktəblər faydalı da ola bilər. Təsəvvür edin ki, bu məktəblərdə bir vaxt oxuyan erməni şagirdlər Azərbaycan mədəniyyəti, tarixi barədə lazımi məlumat alsaydılar, daşnakların təsiri altına belə tez düşməzdilər. İndi də bu məktəblərdə Azərbaycana məhəbbətlə böyüyən xeyli gənclər yetişə bilər. Beləliklə, rusdilli məktəblərin sayını çoxaltmağa çalışanlardan tələb etmək lazımdır ki, orada təhsil sistemi milli maraqlara uyğun qurulsun. Milliyyətindən asılı olmayaraq, hər bir şagird Azərbaycan dilini öyrənsin. Xüsusi ilə azərbaycanlıların öz ana dilini öyrənmələrinə böyük ehtiyac var! İnsanlar bilməlidir ki, ana dili insanın milli kodlarının açılmasında, daxili potensialının hərəkətə gəlməsində əvəzsiz rol oynayır. Təbii ki, qısa zamanda bu qədər rus məktəbini bağlamaq olmaz. Belə məktəblər ölkəmizdə olsa yaxşıdır. Amma milli maraqlara uyğun rusdilli məktəblər kimi. Rus məktəbi kimi yox!”.  

İqtisadçı-ekspert Sabit Bağırov da bildirib ki, bir millət olaraq hamımız rəqabət qabiliyyətli gənclərimizin yetişdirilməsini arzulayırıq. Yəni yaxşı təhsil almaqlarını istəyirik. Bu da o deməkdir ki, ölkəmizdə hansı dildə təhsil daha güclüdürsə, valideynlərin əksəriyyəti o istiqaməti seçəcək:

“Deməli, Azərbaycan türkcəsində təhsili gücləndirməliyik və eyni zamanda, onun işlədilməsi miqyasını artırmalıyıq. Hər sahədə, məişətdən tutmuş idarəetmə və mühəndisliyə qədər bunu etməliyik. Hər iki istiqamətin inkişafı ilk növbədə hökumətdən asılıdır və onun məsuliyyətidir. Əgər yüksək vəzifəli məmurlar, dövlət qurumlarının, şirkətlərin, bankların və s. rəhbərləri nümayişkaranə işdə və evdə rus dilindən istifadə edirsə və adi vətəndaş bunu görürsə, o zaman həmin vətəndaşın övladlarını hansı məktəbə vermək qərarına necə təsir etdiyini təsəvvür etmək çətin deyil. Başqa səbəblər də var, lakin yazını uzatmaq istəmirəm”.

“Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov isə bəyan edib ki, rus dilini bilmək vacibdir. Hətta ingilis dilini də, alınsa, alman və fransız dillərini də bilməliyik:

“Avropa dillərinin ruhunu və köklərini anlamaq üçün Latın dilini, öz dilimizi daha yaxşı başa düşmək üçün ərəb və fars dillərini də həmçinin öyrənməliyik. İşimizin adı nədir? Öyrənək də. Biz balaca xalqıq, dilimiz özümüzdən başqa dünyada heç kimə lazım deyil. Çayxanalarda, kafelərdə, “pub”larda, həyətlərdə keçirilən boş vaxtın 30 faizi, həmin məkanlarda xərclənən pulun 5 faizi bu məqsədə yönəldilsə, bütün Azərbaycan gəncləri 30 yaşa çatana qədər saydığım dillərin hamısında danışa bilərlər. Niyə də yox? 3-4 nəfərlik pivə məclisinin pulu ən yaxşı xarici dil kursunda bir aylıq təhsilin ödənişindən çox edir. Camaatın pulu da var, vaxtı da, amma ikisi də gic-gic şeylərə sərf olunur. Gəlin, qarşımıza belə bir milli hədəf qoyaq: - Azərbaycan gənci 30 yaşa çatana qədər 5 dildə danışmalıdır. Öz dilimiz isə müzakirə olunmur, o, özümüz olaraq qalmağımız üçün vacibdir. Ona canımız qurban, o, müqəddəsdir. Özümüz olmaq istəmiriksə, onda başqa məsələ”.

Türkiyədə yaşayan professor Toğrul İsmayıl məsələyə bu cür münasibət bildirib:

“Mən orta təhsilimi Bakıda ana dilimdə almışam. Ali təhsilimi Moskvada rusca, Türkiyədə türkcə tamamlamışam. Oxuduğum müddətdə ingilis və alman dillərindən dərs almışam. Ərəb dilini öyrənmək üçün 2 illik kurs bitirmişəm. Tarix fakültəsində oxuduğum müddətdə Latın və əski slavyan dillərini öyrənmişəm. Müstəqil olaraq italyan və fars dillərini öyrənməyə çalışmışam. Və iddia edirəm ki, ana dilində təhsil çox vacibdir. Ana dildə təhsil insanın özünə güvənini artırır və digər dilləri öyrənməyimizi asanlaşdırır. Əgər kimsə öz dilini sevmirsə, deməli, millətini sevmir, öz soyuna, kökünə hörmət göstərmir. Dövrümüz bir neçə dili bilməyin önəmini artırıb, amma millət olaraq varlığımızı sürdürmək üçün doğma dilimizdə təhsil şərtdır, vacibdir!”.