Texniki fənləri mənimsəmək çətindir

Ona görə abituriyentlər humanitar sahələrə meyillidirlər

“Bu il III qrup üzrə müsabiqə vəziyyəti keçənilki kimi gözlənilir. Keçid balları təxminən eyni səviyyədə olacaq”.
Bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O əlavə edib ki, bu il III ixtisas qrupunda yeni ixtisaslar yoxdur: “4 ixtisas ləğv edilib və onlar üzrə plan yerləri təqdim edilməyib. Bu il hüquqşünaslıq ixtisası üzrə 300 əyani, 20 qiyabi yer təqdim olunub”.

Məleykə Abbaszadə həmçinin qeyd edib ki, bu il III qrupda 600-dən çox bal toplayanların ümumi sayı 555 nəfər olub: “Belə abituriyentlərin hamısı dövlət sifarişli yerləri seçməyə meyillidirlər. Keçən il ən yüksək müsabiqə vəziyyəti olan ixtisaslar hüquqşünaslıq (tədris ingilis dilində), dövlət və ictimai münasibətlər və s. olub. Ən aşağı nəticələr isə tərcümə (fars dili), məktəbəqədər təlim və tərbiyə, ibtidai sinif müəllimliyi, təhsildə psixoloji xidmət, tarix müəllimliyi olub”.



Abituriyentlərin humanitar fənlərə daha çox marağının olması barədə “Şərq”ə danışan təhsil eksperti Nabatəli Qulamoğlu bildirib ki, texniki fənləri mənimsəmək üçün insanın müəyyən qədər potensial psixoloji əsasları olmalıdır:

“Texniki fənlər hamı üçün deyil. Bu sözü cəsarətlə deyirəm. Çünki bu fənlərin öyrənilməsi üçün fərdin kifayət qədər potensialının olması başlıca şərtdir. Hamının dərk etmək qabiliyyəti var. Bu kimidə yaxşı, kimidə isə ortadır.

Birinci səbəb bundan irəli gəlir ki, hər kəs yüksək dərk etmək qabiliyyətinə malik deyil. İkinci başlıca səbəb ondan ibarətdir ki,  bu sahədə kadrlar geniş deyil.

Ümumiyyətlə, bizim əmək bazarında texniki sahələrə ehtiyac çoxdur. Bu sahədə nə qədər kadrlar çox olarsa, o zaman bir-birinə qarşı rəqabət hissi yaranır. Bunun nəticəsində də o sahəyə meyillənmə olar. Hesab edirəm ki, humanitar fənləri dərk etmək  insanlar üçün o qədər də çətinlik törətmir”.