"15 sentyabr xalq və dövlət səviyyəsində əziz tutulur” - O günü heç unutmadıq!

"Bu gün Bakının erməni daşnak-rus bolşevik hərbi işğalından xilas edilməsinin 102-ci ildönümüdür. Əfsanəvi komandan Nuru Paşanın başçılıq etdiyi Osmanlı və Azərbaycan Xalq Cümhuriyyəti hərbi qüvvələrindən ibarət Qafqaz Türk-İslam Ordusu müzəffər döyüş yolu keçərək, 15 sentyabrda Bakıya daxil olub şəhəri işğaldan azad edib”.



Bu sözləri "Şərq"ə açıqlamasında Azərbaycanda Atatürk Mərkəzinin şöbə müdiri, Milli QHT Forumu İdarə heyətinin üzvü Əkbər Qoşalı deyib.
Onun sözlərinə görə, 1918-ci ilin mayında Tiflisdə Azərbaycanın dövlət müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin önəmli hissəsi, o cümlədən Bakı və ətraf bölgələr erməni-bolşevik işğalında idi:

“Yenicə elan olunmuş Cümhuriyyətin ərazi bütövlüyünü təmin etmək məqsədi ilə Osmanlı dövləti Nuru paşanın komandanlığı ilə könüllü seçim əsasında formalaşmış hərbi qüvvələrini qardaş yardımına göndərdi.  Özü də, Osmanlı həmin dövrdə heç də yaxşı günlər yaşamırdı. Buna baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin çağırışlarına cavab verildi. Qəhrəman Qafqaz Türk-İslam Ordusu təşkil olundu və möhtəşəm qələbələrə imza atıldı.  Beləliklə, sentyabrın 15-də Bakı azad edildi. İki gün sonra hökumət Gəncədən Bakıya daşındı".

Ə.Qoşalı vurğulayıb ki, Qafqaz Türk-İslam Ordusu Azərbaycan Xalq Cümhuriyəti ərazilərinin, özəlliklə, Bakının azad olunması uğrunda hərbi əməliyyatlar zamanı  1130 şəhid verib: 

"Bakıdakı Şəhidlər Xiyabanında türk əsgərlərinin xatirəsinə abidə ucaldılıb.  Tikintisinə 1999-cu il iyunun 24-də başlanılıb. Açılış mərasimi o zamankı dövlət başçılarımız Heydər Əliyev və Süleyman Dəmirəlin iştirakı ilə 2000-ci il aprelin 9-da olub. Abidə açılışından bu yana ora qədirbilən xalqımızın aralıqsız ziyarət yerinə çevrilib.

Azərbaycan 1991-ci ildə növbəti dəfə dövlət müstəqilliyi qazandıqdan bəri, hər il sentyabrın 15-də Bakıda, eləcə də, Şamaxıda, Göyçayda və digər bölgələrimizdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qardaş ölkə əsgərlərinin məzarları ziyarət olunur. Hər il Şəhidlər Xiyabanında türk əsgərlərinin xatirəsinə ucaldılmış “Bakı Türk Şəhidliyi” abidə kompleksi önündə anım törənləri keçirilir". 

"15 sentyabrın qeyd olunması həm ümumxalq, həm də dövlət səviyyəsində əziz tutulur. İki il bundan öncə Bakı küçələrində bir daha canlandırılan böyük coşqu və sevgini yaxşı xatırlayırıq. Daha dorğusu, o möhtəşəm günü heç unutmadıq!

Bakının işğaldan qurtulmasının 100 illiyi münasibəti lə Azərbaycan və Türkiyə əsgərlərinin iştirakı ilə keçirilmiş möhtəşəm hərbi paradı Azərbaycan və Türkiyə dövlət başçıları birgə izləyib. Bu gün də Azərbaycan-Türkiyə əbədi qardaşlığı, sarsılmaz dostluğu və strateji müttəfiqliyi bütün dünya üçün örnəkdir. Dostlarımız bu örnəkdən güc alır, sevinir.

Bu il iyulunda işğalçı Ermənistanın Tovuz istiqamətində növbəti hücum cəhdi ylə başlayan sərhəd toqquşmasına qardaş Türkiyə dövlət və xalq birliyi ilə öz sərt, qəti mövqeyini bildirdi. 

Azərbaycanın haqq işini müdafiə etdi.  Şəxsən qardaş ölkənin Cümhurbaşqanı, həmçinin, Xarici İşlər naziri, Müdafiə naziri, TBMM təmsil olunan 4 əsas partiya, vətəndaş cəmiyyəti təmsilçiləri, nüfuzlu ziyalılar və b.

Tovuz hadisələri ilə bağlı birmənalı açıqlamalarla, eləcə də, operativ məsləhətləşmələr, qarşılıqlı səfərlərlərlə, xalqımızda ruh yüksəkliyi yaratdı. Qardaşlıq hüququmuzu möhkəmlətdi. Eyni ilə Azərbaycan da birmənalı olaraq və hər zaman qardaş Türkiyənin yanındadır.  Əslində, belə tərəddüdsüz dəstəklərlə müşayiət olunan Azərbaycan-Türkiyə sarsılmaz birliyi Qafqazlarda, Yaxın Şərqdə sülhə, təhlükəsizliyə xidmət edir. Arzu edən digər dövlətlər də bu təbii əsaslı birliyə qoşula, bölgə və dünya sülhünə, birgə yaşayış sahəsində işbirliyinə töhfələr verə bilər", - deyə, Ə.Qoşalı əlavə edib.

O qeyd edib ki, sentyabrın 15-də İlham Əliyev  Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərək, Bakının işğaldan azad olunmasının 102-ci ildönümü münasibətilə təbriklərini çatdırıb: 

 "Telefon danışığı zamanı, hazırda ölkələrimiz arasında əlaqələrin daha da yüksək səviyyəyə qalxmasından məmnunluq ifadə olunub. İşbirliyinin müxtəlif sahələrdə inkişaf perspektivləri müzakirə edilib.

Dövlət başçıları ölkələrimizin hər zaman bir-birinin yanında olduğunu və bütün məsələlərdə bir-birini dəstəklədiklərini vurğulayıblar".