Şəhidlər bizlər üçün müqəddəsdir

Belə ailələrə təzyiq göstərmək şəriətdə batilliyə, haramlığa aparıb çıxarır

14 sentyabr 2020-ci il tarixində Şəmkir Rayon İcra Hakimiyyətindən rayon Polis Şöbəsinə daxil olan müraciətdə bildirilib ki, rayonun Dəllər qəsəbəsində icra hakimiyyəti tərəfindən ayrılan torpaq sahəsində torpaqlarımızın bütövlüyü uğrunda şəhid olan Zaur Abbasovun həyat yoldaşı, 2-ci qrup əlil, Minayə Abbasova üçün tikilən fərdi yaşayış evini qəsəbə sakini Edqar Osmanov sökərək, həmin ərazidə məscid tikdirəcəyini iddia edərək öz hüquqazidd əməllərini çəkərək bir sıra sosial şəbəkələr və xəbər saytlarında paylaşıb. Bu barədə Daxili İşlər Nazirliyindən daxil olan məlumatda deyilir. Bildirilir ki, müraciətlə əlaqədar RPŞ-nin əməkdaşları dərhal həmin əraziyə gələrək E.Osmanovla izahedici-profilaktiki söhbətlər aparılmasına baxmayaraq sonuncu, qanunsuz əməllərinə davam edərək polisin qanuni tələblərinə tabe olmayaraq cəmiyyətə açıqca hörmətsizlik edərək qanunsuz əməllərini gələcəkdə də davam etdirəcəyini bildirib. Buna görə də Edqar Osmanov polis əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-yə gətirilib və onun barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. Məhkəminin qərarı ilə E.Osmanov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkət) və 535.1 ( Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) maddələri ilə təqsirli bilinərək 10 gün müddətinə inzibati qaydada həbs edilib.



Şəhid üçün tikilən evi söküb yerində məscid tikmək istəyən şəxsin əməlinə münasibət bildirən ilahiyyatçı-alim Atif İsmayılov  bildirib ki, mülk sahibinin şəxsi icazəsi olmadan onun ərazisində hər hansı bir məscidin, ibadət yerlərinin tikilməsi hüquqi qanunsuzluqla yanaşı dini baxımdan da günah və haramdır. Onun sözlərinə görə, dində şəhidlik yüksək bir mərtəbə olduğu üçün bu məsələ çox həssasdır:

"Şəhidlik müsəlmanın ölümü ilə ibadət etməsidir. O əsasən, cihad kimi müqəddəs bir əməlin, ibadətin məhsuludur. Şəhidlər bizlər üçün müqəddəsdir. Onların ailələrinə sahib çıxmaq isə bizim mənəvi borcumuzdur. İslam dini və "Quran" da şəhid ailələrinə hörmət və ehtiram edir. İnsanlar onlara qoyulan hörməti gördüyü zaman vətənə, millətə qarşı sevgisi artmalıdır ki, hətta onlar da vətən, din yolunda şərəflə öz canlarını versinlər.

Burada hər iki tərəfdə şəhid də, məscid də hörmətlidir. Şəhid ailəsinə zorla təzyiq göstərmək isə şəriətdə batilliyə, haramlığa aparıb çıxarır.

İslam buna icazə vermir. Dində var ki, əgər hər hansısa torpaq məscid üçün nəzərdə tutulubsa, orada insanların yaşaması Allah tərəfindən məqbul hesab edilmir. Belə addımlar ataraq, insanlarda müəyyən aqresiyya yaratmağa çalışan şəxslərin əsas məqsədi bu gün cəmiyyət arasında dinə və vətənə qarşı ayrıseçkilik yaratmaqdır. Bu baxımdan da şəhid ailələrinə qarşı çox həssas və diqqətli olmaq lazımdır.

Bu məsələnin dövlət tərəfindən daha ciddi araşdırılması məqsədəuyğundur".