“Şeypur” Xalq Cümhuriyyəti ideallarını təbliğ edir 

Jurnal dövlət quruculuğu prosesində qarşıya çıxan əngəlləri, çətinlikləri qələmə alır, bolşevik təbliğatına qarşı mətbu mübarizə aparırdı

Azərbaycan Xalq Cümhuriyyəti illərində nəşr olunan çoxsaylı mətbu orqanlar arasında satirik janra üstünlük verən jurnallar da var idi. 1918-20-ci illərin satirik mətbuatı mütərəqqi ideyaların carçısı olan "Molla Nəsrəddin” ədəbi məktəbinin ənənələrindən faydalanaraq, azadlıq və istiqlal düşmənlərini, imperializmin müstəmləkəçilik siyasətini, geriliyi, cəhaləti və xurafatı satira atəşinə tuturdu. Satirik mətbu orqanlar xalqı elmi biliklərə yiyələnməyə və müasirləşməyə səsləyirdi. Dövrün milli ideyalı satirik nəşrləri arasında "Şeypur” və "Zənbur” kimi jurnalların özünəməxsus yeri var idi.

İlk sayı 1918-ci ilin 5 oktyabrında nəşr olunan "Şeypur”un naşiri Səməd Mənsur, redaktoru Məmmədəli Sidqi idi. "Şeypur”un 1918-ci illərdə 11, 1919-cu ildə 3 sayı işıq üzü görüb və fəaliyyətini 1919-cu il yanvarın 18-dən sonra dayandırıb. "Şeypur” Azərbaycan Xalq Cümhuriyyəti ideallarını təbliğ edir, dövlət quruculuğu prosesində qarşıya çıxan əngəlləri, çətinlikləri qələmə alır, bolşevik təbliğatına qarşı mətbu mübarizə aparırdı. Həmçinin, Bakı neftini ələ keçirmək istəyən dövlətlər arasındakı çəkişmələri ifşa edirdi. "Molla Nəsrəddin” ənənələrini davam etdirən "Şeypur”da müxtəlif üsullardan istifadə olunur, satirik şeirlər, felyetonlar dərc olunurdu.
"Şeypur”un başlıca gülüş hədəflərindən biri ermənilərin Qarabağda törətdikləri vəhşiliklər idi. Jurnalın 1919-cu il 11 yanvar tarixli 13-cü sayında "Azərbaycanlı” imzalı müəllifin "Erməni yuxusu” adlı felyetonunda bu məsələyə toxunulurdu. "Şeypur”çular Azərbaycanın müstəqilliyini qəbul etməyən bolşevikləri də eyni cür gülüş hədəfinə çevirdi: "Kerenski hökumətindən sonra Rusiyada baş qaldırıb dünyanı azad edəcəyini vəd edən füqəra tərəfdarı, bir nan firqə adamı "bolşoy” (yəni böyük adam) peyda olub... Həmin firqə Bakıda rəhmətlik Şaumyandan ibarət idi. Bakıda yaşlı iranlılardan bəziləri bu firqənin məramnaməsini qəbul edib, bərbad halda olan İranı abad etmək istəyirdilər”.
Jurnal müstəqilliyi, milli dövləti qorumağına vacibliyini öz oxucularına bu cürə çatdırırdı: "Mart hadisələrindən sonra suya batmış toyuq kimi suyun süzülə-süzülə, büzülmüş bir tərəfdə qalmışdım. Öz şəhərində, öz evində özgə yerdən gəlmişlərin əli altında əzilirdin. Küçədən keçəndə divar dibi yeriyib, öz ana dilində danışmağa ehtiyat edirdin. Bu altı ay sənin üçün çox zülmlər olub. Lakin oyunlar üçün çalmağa şeypur olmayıb. İndi şükür olsun, "Şeypur”umuzu partlayana qədər çalmağa başlayırıq”.

"Şeypur” Azərbaycan dövlətinin maraqlarının əleyhinə yazılar yazan mətbu orqanlarına qarşı da satirik gülüşdən istifadə edirdi. Belə qəzetlərdən biri rusca nəşr olunan "Vperyod” qəzeti idi. "Şeypur” bu barədə yazırdı: "Vperyod” əslən rus sözü olub, axır vaxt ermənilər onu çox istemal edirdilər. Bu sözün əsl mənası "qabağa” deməkdir. Amma nədənsə, ermənilər onu tərsinə başa düşüb "dala” deyə işlədirlər. Bizim zamanlarda da erməni daşnaklarının həmin adda Bakıda bir qəzetləri çıxırdı. Müsəlmanlara müraciətlə hər gün şirin-şirin məqalələr yazmaqda idi”. Təəssüflər olsun ki, görkəmli maarifçi, jurnalist və publisist Məmmədəli Sidqinin redaktorluğu ilə çap edilən "Şeypur” jurnalı indiyədək elmi fikrin diqqətindən kənarda qalıb. Jurnal haqqında yalnız bəzi qısa mülahizələr söylənilib ki, bunların da çoxu qeyri-dəqiq, yaxud birtərəfli olub.

Həftədə bir dəfə "Turan” mətbəəsində nəşr olunan "Şeypur” jurnalının səhifələrində Məmmədəli Sidqi, Səməd Mənsur, Salman Mümtaz, Cəfər Cabbarlı, Əliabbas Müznib, Əmin Abid və digər tanınmış qələm sahiblərinin ideya-bədii mükəmməlliyə malik yazıları mühüm yer tuturdu. Ümumiyyətlə, nəşri boyunca "Şeypur” jurnalı öz ətrafına dövrün bır sıra maarifçi ziyalılarını, ictimai xadimlərini cəlb edərək, cəmiyyətdə baş verən ictimai prosesləri, xalqın məişətini, yaşayış tərzini, əyrilikləri, onların səbəb və nəticələrini ədəbi-bədii və publisist materiallar vasitəsilə işıqlandırıb. Konkret olaraq mövcud mənəvi kataklizmlərə qarşı özünəməxsus şəkildə mübarizə aparıb.

Jurnal haqqında geniş tədqiqat aparmış filologiya elmləri doktoru Hüseyn Həşimli yazırdı ki, "Şeypur”a uzun illər birtərəfli, laqeyd münasibət bilavasitə onun mövzu-ideya mündəricatı, izlədiyi qayə ilə bağlı idi: "İctimai-siyasi hadisə və proseslərə aydın mövqedən münasibət bildirən jurnal Vətən və xalq taleyi üçün xüsusi önəm daşıyan məsələlərə həssaslıqla yanaşır, milli mənafelərin ardıcıl müdafiəçisi kimi çıxış edir, bu yolda heç nədən çəkinmirdi. Xüsusən Azərbaycanın yenidən işğalına yönələn rus bolşevizminin əsl mahiyyəti, onlara və digər havadarlarına arxalanan ermənilərin fitnəkar əməlləri, əsassız torpaq iddiaları, 1918-ci ilin martında soydaşlarımıza qarşı törətdikləri qanlı qırğınlar "Şeypur”un səhifələrində tutarlı faktlar və əhatəli təhlillər vasitəsilə gah ciddi, gah da satirik tərzdə öz ifadəsini tapırdı”. Jurnalın aparıcı yazarlarından biri Məmmədəli Sidqi olub. O, 1910-11-ci illərdə "Molla Nəsrəddin” jurnalında redaktor köməkçisi kimi çalışıb.

Bu jurnalla yanaşı, "Tazə həyat”, "İqbal”, "Yeni iqbal”, "Bəsirət”, "Tuti”, "Zənbur”, "Azərbaycan” və digər mətbuat orqanlarında müxtəlif mövzularda çoxsaylı məqalələr və felyetonlar dərc etdirib. Lakin onun bədii-publisistik irsi, o cümlədən "Şeypur” jurnalındakı fəaliyyəti indiyədək araşdırılmayıb. Məmmədəli Sidqinin "Şeypur”un ilk sayındakı "Altı ay” adlı məqaləsi jurnalın əsas məramnaməsi, proqram sənədi də sayıla bilər. Burada həftəlik jurnalın əsas hədəfləri, başlıca qayəsi öz ifadəsini tapıb. M.Sidqinin jurnalın müxtəlif saylarında verilmiş "Əsgərlik”, "Qrammofon”, "Tiflis duması”, "Barışırlar”, "Nə istəyirlər?”, "Nə var, nə yox?”, "Bu gün”, "Siyasət” və digər məqalə və felyetonları onun yetkin qələmindən, aydın milli mövqeyindən soraq verir. "Şeypur”un səhifələrində müxtəlif gizli imzalar qoyulub. Jurnaldakı məşhur "Şeypur” imzasının şair-publisist, jurnalın naşiri Səməd Mənsura mənsubluğu barədə iddia edilsə də, Hüseyn Həşimlinin fikrincə, bu, doğru deyil. Məşhur salnaməçi Qulam Məmmədli "İmzalar” kitabında "Şeypur” imzasını Məmmədəli Sidqiyə aid edib.

Tədqiqatçının yazdığına görə, bu daha əsaslıdır. Jurnalın ilk sayındakı "Altı ay” məqaləsində Məmmədəli Sidqi əsas diqqəti 1918-ci ilin qanlı mart qırğınına yönəldərək azərbaycanlılara xitabən yazırdı: "Altı aydır ki, gülməmisən. Mart hadisatından, bolşeviklərin təbirincə, vətəndaş müharibəsindən sonra suya batmış toyuq kimi suyu süzülə-süzülə bir tərəfdə qalmışdın. Öz şəhərində, öz evində özgə yerdən gəlmişlərin əli altında əzilirdin. Küçədən keçəndə küçə dibi ilə yeriyib, öz ana dilində danışmağa ehtiyat edirdin...”.

Göründüyü kimi, M.Sidqi mart hadisələrini vətəndaş müharibəsi sayan bolşeviklərin də iç üzünü qısa ştrixlə açır. Həmin sayda "Yaftım” imzalı "Zəbani-hal” adlı şeirdə isə bolşeviklərin, Şaumyan kimi maskalı daşnakların Bakıdakı qanlı cinayətləri pislənilir. Jurnalın naşiri Səməd Mənsurun ilk sayda "Pompuşalı” imzasıyla verilmiş "Qaçmaq günüdür” şeirində Azərbaycan və türk silahlı qüvvələrinin Bakını azad etmək üçün birgə hərbi əməliyyatları alqışlanır. Torpaqlarımızdan çəkilməyə məcbur qalan ingilis və erməni bölüklərinə ironiya ilə xitab olunur.

Bu sayda "Şeypur”un lüğəti” başlıqlı satirik şərhlərdə də ermənilərin iç üzü açılır. "Şeypur”un 3-cü sayındakı "Teleqraf xəbərləri”ndə milli qüvvələrin Bakını yadellilərdən azad etməsi xəbərindən əndişələnən ermənilərin məkrli siması satirik tərzdə ifşa edilir. 4-cü sayında Məmmədəli Sidqinin dərc etdirdiyi "Tiflis duması” adlı məqalədə "sosialist dərisi örtmüş daşnakların” 1918-ci ilin martında törətdikləri qanlı qırğınları pərdələməsi, uydurmalar yayması, bolşeviklərin erməniləri dəstəkləməsi, azərbaycanlılara münasibətdə ayrı-seçkilik etməsi, azərbaycanlıların əks-inqilabçı adıyla qırdırılması diqqət mərkəzinə çəkilir. Müəllif istehza və qəzəblə yazır:

"Qafqaz islam əhalisi hamısı "kontrevolyusioner”, yəni əks-inqilabçı olduqlarına görə onların qətli vacibdir. Lakin kirvələr əsl həqiqi sosialist, yəni cibgir olduqlarından onlar lazımlı adamlardırlar. Özləri də azdırlar... Onlara əl gəzdirib azaltmaq yaxşı deyildir”. M.Sidqi əsl vətəndaş yanğısı ilə belə bir haqlı sual verirdi: "Amma bircə burası var ki, bilmirəm, bu "rəhmli ağalar” bir neçə ildə bütün Qafqaziyada müsəlman qanı çay kimi axanda harada idilər?”. Jurnalın 5-ci sayındakı "Rəsmi-güşad” adlı yazıda azərbaycanlılarda düşmənə qarşı birliyin, səfərbərlik ruhunun güclü olmasının vacibliyi önə çəkilib. Eyni zamanda mart hadisələrindən danışılarkən erməni namərdliyinin iç üzü konkret şəkildə açılıb. Onların "müsəlmanları qırması, evləri çapıb talaması, bazarları yandırması” nəzərə çatdırılıb. Bu saydakı "Taziyanə” adlı şeir parçasında da "Bakı yandı, millət qırıldı” harayı eşidilir. 6-cı sayda "Şeypur” imzalı müəllifin "Nə istəyirlər?” adlı məqaləsində də erməni xislətinin böhtankeş mahiyyəti önə çəkilir. "Bir diplomat ilə müsahibə”də erməni quldurların günahsız azərbaycanlıları qətlə yetirməsi nəzərə çatdırılır.

7-ci sayında "Mərqub” imzasıyla verilmiş "Təqsirkar gücsüzdür” adlı məqalədə 1918-ci ilin mart hadisələrində daşnakların təkcə Bakıda 13 min azərbaycanlını əsir götürməsi, onların ev-eşiyini talan etməsi barədə danışılır: "Bu on üç min nəfərin evi, məlum olduğu kimi, Caparidze və Məşədi bəyin söylədiyinə görə talan edilib. Aparılan aparılıb, yerdə qalan stəkan, nimçə kimi şeylər sındırılıb”. Məqalədə o da vurğulanıb ki, ermənilərin törətdiyi vəhşilik və talanın miqyası daha böyük olmuş, bolşeviklər isə "camaatı həyəcana gətirməmək üçün birə üç dəfə az demişlər”. 8-ci saydakı "Bu gün” məqaləsində isə Andranikin "Qarabağda müsəlmanları qırmağa başlaması”, Ermənistan hökumətinin ona dəstək verməsi, ermənilərin əsassız iddiaları nəzərə çatdırılır: "Həyasız adamdan hər nə desən, baş verər.

Bu həyasızlardan biri də Ermənistan hökumətinin baş komandanı Andranik kirvədir ki, yenə Qarabağda baş qaldırıb müsəlmanları qırmağa başlayıb. Ermənistan hökuməti də gözlərini yumub, əli ilə işarə eləyir. Ermənistan hökumətinin nə tövr siyasət yeritdiyini və nə fikirdə olduğunu təfsir etmək artıqdır. Bu hökumət deyir ki, Qafqazda Gürcüstan və Azərbaycan ola bilməz. Burda ancaq bir Ermənistan ola bilər. Qafqazın hamısı ya gərək Ermənistan olsun, ya da Ermənistana tabe kimi bir şey olsun”.

Məqalə müəllifi onu da vurğulayır ki, Tiflisdə çıxan "Qruziya” qəzeti Upuçnin adlı rus yazıçısının "Keçmiş xülyalar” adlı məqaləsini öz səhifələrində dərc etməklə ermənilərə cavab vermək istəyib. "Azərbaycan” qəzeti də həmin məqalənin tərcüməsini dərc edib. Bu məqalədə Upuçnin aşkar şəkildə yazır ki, Qafqazda Ermənistan adlı bir şey olmayıb. Ruslar Qafqazı tutanda burada bir Gürcüstan olub, bir də Azərbaycan xanlıqları... Həmin saydakı "Teleqraf xəbərləri”ndə, eləcə də "Özciyəzim” imzasıyla verilmiş "Azərbaycan” adlı məqalədə Andranikin və Biçeraxovun Zəngəzur və Cəbrayıl qəzalarında soydaşlarımıza qarşı qırğınlar təşkil etməsi, Ermənistanın Kaçaznuni hökumətinin buna dəstək verməsi faktları önə çəkilib. Bu sayda "Kənarçı Pompuşalı”nın "Ziyalılarımız” felyetonunda bolşevik-daşnak qüvvələrinin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlardan danışılıb.

Həmçinin, tarixi saxtalaşdıran, hətta Nuh peyğəmbərin, Adəm ilə Həvvanın erməni olduğunu iddia edən ermənilərin cəfəng uydurmaları satirik tənqid hədəfinə çevrilib. Jurnalın 9-cu və 10-cu sayında "Teleqraf xəbərləri”ndə də Andranikin vəhşilikləri faktlarla ifşa olunub. Yuxarıda vurğuladığımız kimi, H.Həşimlinin "Şeypur” jurnalının tədqiqi sahəsində atdığı ən böyük addım onun tam şəkildə yenidən nəşrinə nail olmasıdır. "Şeypur jurnalı” adlı kitabda mətbu orqanın bütün 14 sayında gedən ədəbi-bədii və publisistik materiallar transliterasiya edilərək tam halda ədəbi ictimaiyyətə təqdim edilib.

Kitaba yazılmış irihəcmli ön sözdə "Şeypur”da müxtəlif imzalarla çıxış edən ayrı-ayrı ədəbi simaların kimlikləri müxtəlif qaynaqlardan gətirilən zəruri faktlarla göstərilib. Xüsusilə jurnalın nəşrinə daha çox səy göstərən M.Sidqi və S.Mənsurun "Şeypur”dakı fəaliyyəti daha çox araşdırılıb. Jurnalda verilən qeydlərdən isə məlum olub ki, onun maddi-texniki bazası heç də ürəkaçan olmayıb.

Ancaq buna baxmayaraq jurnal 14 nömrə çap oluna bilib. Bu nöqteyi-nəzərdən M.Sidqi və S.Mənsur böyük bir işin öhdəsindən uğurla gəlib. Fikrimizcə, M.Sidqi və S.Mənsurun gördüyü iş ədəbiyyatşünaslığımız və mətbuat tariximiz üçün nə qədər böyük və əhəmiyyətlidirsə, Əməkdar elm xadimi H.Həşimlinin də apardığı tədqiqat bir o qədər vacib və əhəmiyyətlidir”.