Zelenski doğru yoldadır

"Təklif edərdim ki, Türkiyə-Azərbaycan-Ukrayna birliyi qurulsun"


Ukrayna regional təhlükəsizliyin gücləndirilməsi üçün bir sıra ölkələrlə, o cümlədən Azərbaycanla strateji əməkdaşlığı inkişaf etdirəcək. Bu məqam Prezident Vladimir Zelenski tərəfindən təsdiq edilmiş “Ukraynanın milli təhlükəsizlik strategiyası” sənədində öz əksini tapıb. Sənəddə vurğulanıb ki, öz milli maraqlarını qorumaq və Ukraynanın regional təhlükəsizliyini gücləndirmək üçün Azərbaycan, Türkiyə, Gürcüstan, Litva və Polşa respublikaları ilə strateji tərəfdaşlıq inkişaf etdirilməlidir.

Vurğulanıb ki, dövlətin xarici siyasəti ilk növbədə müstəqilliyin və suverenliyin təmin edilməsinə, Ukraynanın ərazi bütövlüyünün bərpasına yönəldilib. Ekspertlərin fikrincə, sözügedən sənəd Ermənistanın 12 iyul təxribatını Ukraynanın birmənalı şəkildə pisləməsinin arxasındakı reallığı ortaya qoyur. Həm də qarşıda yeni geosiyasi dəyişikliklərin olacağından xəbər verir. Azərbaycan və Türkiyənin Ukraynanın “milli strategiya planı”nda yer alması məhz bundan xəbər verir. 

Mühüm məqamla bağlı “Şərq”ə fikirlərini bölüşən “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri Əhəd Məmmədli Ukraynanın çox önəmli dövlət olduğunu vurğulayıb. Analitikin sözlərinə görə, Ukrayna həm ərazi, həm də əhali baxımdan Şərqi Avropanın ən böyük ölkəsidir:

“Minsk sovet dönəmində də bizə yaxın olub. Tarixən Ukrayna Azərbaycana, Rusiya isə Ermənistana dəstək çıxıb. Vladimir Zelenskinin hakimiyyəti dövründə Ukraynanın Türkiyə və Azərbaycanla sıx əməkdaşlıq niyyətində olması müsbət haldır. Paralel olaraq rəsmi Bakı da siyasi, iqtisadi və hərbi cəhətdən Kiyevlə münasibətlərini genişləndirməlidir.

Hətta təklif edərdim ki, Türkiyə-Azərbaycan-Ukrayna birliyi qurulsun. Növbəti hərbi təlimlərdə Ukraynanın iki qardaş ölkəylə birlikdə iştirakı çox yaxşı olar. Ukraynanın okeana çıxışı var. Azərbaycan bundan öz mənafeyi üçün istifadə etməlidir. Həm də Ukraynanın ərazi bütövlüyünə qovuşması Azərbaycanın maraqlarına cavab verir”. 

Ə.Məmmədli bu konfiqurasiyada Belarusu da görmək istədiyini bildirib:

“Son aksiyalar prezident Lukaşenkonu Moskvanın nəzarətinə sürüklədi. Amma bir faktı deyim, mitinqlər başlayanda Lukaşenko ailəsini Türkiyəyə göndərdi. Yəni Belarus prezidenti siyasi müstəvidə Rusiyaya arxalansa da, öz doğmalarını Türkiyəyə əmanət edir. Məncə, adını çəkdiyim ölkələrlə türk-slavyan birliyinə ehtiyac var. Mümkün qədər Ukrayna və Belarusla sıx münasibətlər qurmalıyıq”.