Nifrət dilinə qarşı qanun layihəsi hazırlanır


Bir neçə qurumla birgə müəyyən qanun layihəsinin hazırlanması ilə bağlı müzakirələr aparılır. 

Oxu.Az-ın müxbiri xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında komitə sədri Zahid Oruc məlumat verib. 

O qeyd edib ki, əvvəllər hansısa səbəblərdən yarımçıq qalan qanun layihələrinin müzakirələrə çıxarılması gözlənilir. 

Millət vəkili söyləyib ki, İnsan hüquqları komitəsində “Nifrət dili haqqında” qanun layihəsinin qəbulu da prioritetdir:

“Dinləmələr, müzakirələr keçirildikdən sonra, “Nifrət dili haqqında” qanun layihəsini qəbul etmək olar. Həmin qanun layihəsi beynəlxalq praktikanın Azərbaycana gətirilməsidir. Bu, nifrət aşılayan fikirlərə qarşı qanun layihəsidir”, - deyə Z.Oruc əlavə edib.

Onun sözlərinə görə, həmin qanun layihəsi söz və ifadə azadlıqlarına qarşı sənəd kimi qəbul oluna bilməz. 

Z.Oruc onu da söyləyib ki, parlamentin payız sessiyasında “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatları haqqında” qanun layihəsinin də müzakirəyə çıxarılması gözlənilir.