"Ermənistan heç də rus “dayı”sına arxalanmasın"

Kreml işğalçı ölkəyə görə Türkiyə ilə kəllə-kəlləyə gəlməz


Ermənistan hökumətinin beynəlxalq hüquqa əsasən Azərbaycanın bir parçası olan və 30 ilə yaxındır Ermənistanın işğalında olan Dağlıq Qarabağ bölgəsinin demoqrafik strukturuna müdaxiləsi davam edir.
Bu barədə Türkiyənin “Cümhuriyyet.com” saytında Sena Yaşarın müəllifi olduğu məqalədə bəhs olunub.

Paşinyan hökuməti Livanın paytaxtı Beyrutdakı limanda baş vermiş partlayışdan sonra yüzdən artıq ermənini Dağlıq Qarabağa və Ermənistanın işğalındakı digər Azərbaycan torpaqlarına yerləşdirib. Baş nazir Nikol Paşinyan gələnləri hava limanında qarşılayaraq, onlara tezliklə vətəndaşlıq veriləcəyini açıqlayıb.

Dağlıq Qarabağda eyni həmlə 2009-cu ildə Suriya savaşı dövründə də edilmiş, Suriya erməniləri vasitəsilə köç dalğası davam etdirilmişdi.
Paşinyanın demoqrafik strukturla yanaşı, Dağlıq Qarabağdakı hərbi struktura da qeyri-rəsmi müdaxilələr etdiyi iddia olunur.

Bölgədəki təhlükəsizlik mənbələrinin məlumatına görə, PKK terror qruplaşması xüsusi təyinatlı qüvvələrini Dağlıq Qarabağa göndərərək ermənilərə təlim keçib. PKK-nın burada yeni hücum dalğası yaratmağı hədəflədiyi vurğulanır.

Həmçinin Suriya ermənilərinin Dağlıq Qarabağa yerləşdirilməsi prosesində 250-yə qədər erməni əsgərinin də Suriyada PYD-YPG terror qruplaşması cərgələrinə qoşulduğu qeyd olunur.

Erməni əsgərlərlə PKK arasındakı əməkdaşlığa Fransanın moderatorluq etdiyi, erməni əsgərlərinin Fransanın koordinasiyası ilə PKK terror qruplaşması ilə görüşlər keçirdiyi bildirilir.

İranın Azərbaycandakı sabiq səfiri Əfşar Süleymani verdiyi açıqlamada Livan ermənilərinin Qarabağa köçürülməsinin “məsələnin görünən tərəfi” olduğunu qeyd etmişdi. O vurğulamışdı ki, son iki ayda İraq və Suriyadan yüzlərlə PKK terrorçusu Dağlıq Qarabağa yerləşdirilib.

Bu barədə fikirlərini “Sherg.az”a bildirən “Ağ partiya”nın sədri Tural Abbaslı yayılan xəbərlərin təəccüblü olmadığını düşünür:

“Ermənistan terrora həmişə isti münasibət göstərib. Odur ki, PKK terrorçularının orada yerləşdirilməsi təəccüblü deyil. Türkiyə PKK-nın İraqdakı, Suriyadakı yurdlarını dağıdıb.

Ona görə də həmin terror qruplaşması özünə başqa yuva axtarır. Əlbəttə, dünya siyasətində terrorun banisi olan Ermənistandan daha yaxşı bir sığınacaq tapa bilməzlər.

Həm də nəzərə almaq lazımdır ki, ermənilər həmişə, o cümlədən birinci Qarabağ müharibəsi illərində terrorçuların köməyindən gen-bol istifadə ediblər.

Sabah PKK-nın Dağlıq Qarabağda məskunlaşdığını eşitsəniz, təəccüblənməyin. Yerli hakimiyyət post-modernizm dövrünün gəncliyinə inanmır. Bilirlər ki, yetişməkdə olan nəsil Avropaya qaçmaq üçün bahanə axtarır. Onların Qarabağ uğrunda döyüşməyəcəkləri də məlumdur. Odur ki, belə bir üsuldan, pulsuz döyüşçü dəstəsindən istifadə edirlər”. 

T.Abbaslının fikrincə, bu, Azərbaycan qədər Türkiyəni də maraqlandıran məsələdir:

“Əlbəttə, PKK döyüşçüləri onlara qucaq açılmasının qarşılığında bizə qarşı düşmən tərəfindən vuruşacaq. Yetişdirilən döyüşçülər Türkiyəyə göndəriləcək. Ona görə Azərbaycan və Türkiyə gecikmədən məsələyə reaksiya verməlidir. Ermənistan beynəlxalq tənqidə məruz qalmalı, məsələ barədə təcili danışıqlar keçirilməlidir.

Bu, nəticə verməyəcəyi təqdirdə isə Türkiyə öz təhlükəsizliyini təmin etmək və PKK qoşunlarını “təmizləmək” məqsədilə Ermənistan ərazisinə girə bilər. Buna görə heç kim Türkiyəni qınaya bilməz. Beynəlxalq konvensiyaya uyğun olaraq qardaş ölkənin indiki məqamda Ermənistana girməsinə hüququ var.

Həmçinin BMT-nin qətnaməsində də göstərilib ki, bir ölkə öz təhlükəsizliyini təmin etməkdən ötrü başqa ölkənin ərazisinə daxil ola bilər.

Əgər bir dövlət terrorçu yetişdirib başqasının üstünə göndərirsə, cavab necə olmalıdır?!”.

Partiya sədrinin sözlərinə görə, Rusiya artıq Ermənistana yardım etməyəcək: “Düşünürəm ki, Ermənistana görə Kreml Türkiyə ilə kəllə-kəlləyə gəlməz. Bunu düşmən özü də bilir.

Rəsmi Moskvanın Ermənistanı kifayət qədər dəstəkləmədiyini Tovuz döyüşləri zamanı da  gördük. Bu baxımdan Ermənistan heç də rus “dayı”sına arxalanmasın”.