Korrupsiyaya qarşı mübarizə yeni müstəviyə keçib

Prezidentin bu istiqamətdə həyata keçirdiyi tədbirlər hərtərəfli və innovativ xarakter daşıyır

Azərbaycanda korrupsiya, rüşvətxorluq, bürokratiya, süründürməçilik və digər bu kimi neqativ halların aradan qaldırılması əsas hədəflərdən biridir. Ölkəmizdə korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, hərtərəfli və innovativ xarakter daşıyır. Son illərdə isə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, bu sahədə yeni strateji baxışlar və vəzifələr müəyyən edilib, korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni müstəviyə keçib.

Prezident İlham Əliyevin dövlət idarəçiliyində həyata keçirdiyi genişmiqyaslı islahatlara, qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında aparılan dəyişikliklərə uyğun olaraq, 2020-ci ildə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın tərkibi yenilənib. Sentyabrın 15-də Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının yeni tərkibdə ilk iclası videoformatda keçirilib. İclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyev Komissiyanın sədri seçilib.

Komissiyanın sədri çıxış edərək Prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizə sahəsində müəyyən etdiyi hədəflərə çatmaq üçün Komissiyanın üzərinə düşən əsas vəzifələri iclas iştirakçılarının diqqətinə çatdırıb. O qeyd edib ki, Azərbaycanın korrupsiyaya qarşı mübarizə təcrübəsi sistemli, hərtərəfli və innovativ xarakter daşıyır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın inkişaf strategiyasının mühüm tərkib hissəsini korrupsiyaya qarşı qətiyyətli mübarizə təşkil edir.

Prezidentin siyasi iradəsinə uyğun olaraq, bu sahədə yeni strateji baxışlar və vəzifələr müəyyən edilib, korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni müstəviyə keçib, uğurlu iqtisadi, hüquqi və sosial siyasət nəticəsində Azərbaycanda şəffaf ictimai münasibətlər sistemi formalaşıb. Dövlət idarəçiliyində səmərəliliyin təmin edilməsi, açıq hökumət prinsiplərinin tətbiqi, elektron xidmətlərin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindəndir.

Dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılması üçün ictimai nəzarət mexanizmlərinin tətbiqi genişləndirilməli, ictimai şuraların fəaliyyətinin səmərəliliyi təmin edilməlidir.

Komissiya sədri vurğulayıb ki, korrupsiyaya qarşı mübarizə sahəsində müasir çağırışlara uyğun səmərəli mexanizmlərin tətbiqi üçün yeni təşəbbüslərin irəli sürülməsi zəruridir. Bu sahədə icra edilən tədbirlər korrupsiyaya şərait yaradan halların səbəblərinin müəyyən edilməsinə və bu kimi mənfi halların qarşısının alınması üçün səmərəli mexanizmlərin yaradılmasına yönəldilməlidir.

İclasda korrupsiyaya qarşı mübarizə sahəsində bugünədək görülən işlər nəzərdən keçirilib və növbəti illərdə bu sahədə reallaşdırılması zəruri olan tədbirlərin vahid strateji çərçivəsini müəyyənləşdirmək, prioritetləri önə çəkmək və bu tədbirlərin ölkədə gerçəkləşdirilən islahatlar kursuna cavab verməsini təmin etmək məqsədilə yeni Milli Fəaliyyət Planının əsas istiqamətləri müzakirə olunub, Milli Fəaliyyət Planının layihəsinin hazırlanması barədə tapşırıqlar verilib.

Həmçinin yerli icra hakimiyyəti orqanlarında korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlərlə bağlı aparılan ibtidai istintaq və əməliyyat-axtarış tədbirləri barədə məruzələr dinlənilib, bu sahədə şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün verilən təkliflər müzakirə edilib.

Bundan əlavə, iclasda Komissiyanın fəaliyyətinin təşkili ilə bağlı bir sıra məsələlər həll edilib, yeni katib təyin olunub, Komissiya yanında 3 işçi qrupun (Qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı İşçi Qrup, Təhsil və maarifləndirmə ilə bağlı İşçi Qrup, Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı İşçi Qrup) formalaşdırılması qərara alınıb.

İclasda çıxış edən Komissiya üzvləri qanunun aliliyinin və dövlət orqanlarının fəaliyyətində şəffaflığın təmin olunması məqsədilə açıqlıq və hesabatlılıq prinsiplərinin tətbiqinin daha da genişləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Vətəndaşlara dövlət xidmətlərinin korrupsiya hallarını istisna edən şəraitdə, operativ və resurslara qənaət etməklə göstərilməsi üçün müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə və innovativ həllərin tətbiqinin genişləndirilməsi zərurəti qeyd edilib.

İctimai nəzarətin təmin edilməsi məqsədilə mövcud mexanizmlərin tətbiqinin təkmilləşdirilməsi, vətəndaş cəmiyyəti təsisatları ilə əməkdaşlığın artırılması, korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşan qeyri-hökumət təşkilatlarına dəstək verilməsi və ictimai əhəmiyyətli qərarların qəbulunda onların rolunun artırılması məsələsinə baxılıb.

Qanunvericiliyin təkmilləşdirilməsi üçün zəruri olan istiqamətlər qeyd edilib, habelə maarifləndirmə tədbirlərinin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Xatıladaq ki, Prezident İlham  Əliyev mayın 1-də Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən korrupsiyaya qarşı mübarizə sahəsində mühüm addımların atılması ilə bağlı ciddi tapşırıqlarını vermişdi. Dövlət başçısı bildirmişdi ki, vacib vəzifələrdən biri korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədir: “Hesab edirəm ki, prokurorluq orqanları bu istiqamətdə daha fəal iş aparmalıdırlar. Bu xoşagəlməz hallara qarşı Azərbaycanda çox ciddi mübarizə aparılır. Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim.

Bütün dövlət məmurlarını xəbərdar etmişdim və hətta demişdim ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin”.

Prezident vurğulamışdı ki, Azərbaycan cəmiyyətində korrupsiya və rüşvətxorluq olmamalıdır. Korrupsiya və rüşvətxorluq üçün meydanı həm inzibati yollarla, həm də institusional üsullarla daraldılmalıdır: “Bu məsələ ilə bağlı bizim mövqeyimiz birmənalıdır. Korrupsiyaya və korrupsionerlərə qarşı amansız mübarizə aparılacaq”.

Son aylarda qanunları pozan, rüşvətxorluq edən vəzifəli şəxslərin həbsi isə bir daha təsdiq edir ki, dövlət orqanlarının fəaliyyətində şəffaflığın daha da artırılması üçün ictimai nəzarət mexanizmlərinin tətbiqi genişləndirilir, ictimai şuraların fəaliyyətinin səmərəliliyinin təmin olunması istiqamətində tədbirlər görülür. 

Əminliklə vurğulamaq olar ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizənin səmərəli və keyfiyyətli olması üçün dövlət səviyyəsində dinamik, ardıcıl tədbirlər görülür və bu mübarizə göründüyü kimi tam aşkarlıq şəraitində aparılır. Azərbaycan hakimiyyəti və dövləti bu sosial bəlaya qarşı qətiyyətlə mübarizə aparır, təkamül və islahatlar yolu ilə korrupsiyanın aradan qaldırılması yönündə mükəmməl iş və iradə ortaya qoyur. Təbii ki, bu durum həm ölkə vətəndaşları, həm də beynəlxalq təşkilatlar tərəfindən təqdir edilir.  

Aydın