İctimai nəzarət güclənir

Ölkəni inkişafdan saxlayan əngəllər məhv ediləcək

"Azərbaycanda korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni müstəviyə keçib"


Azərbaycanda korrupsiyaya qarşı mübarizə Prezident İlham Əliyevin ən çox önəm verdiyi məsələlərdən biridir. Dövlət başçısı çıxışlarında dəfələrlə qeyd edir ki, korrupsiya dövləti içəridən dağıdan ən təhlükəli təzahürlərdən biridir. Xüsusən, məmurların, yüksək vəzifəli şəxslərin korrupsiyaya bulaşması dövlətin çöküşünə səbəb olur.

Ona görə də ölkə rəhbərliyi səviyyəsində korrupsiyaya qarşı davamlı, fasiləsiz və tərəddüdsüz mübarizə aparılır. Şübhəsiz, bu mübarizədə Korrupsiyaya qarşı Mübarizə Komissiyasının ayrıca rolu var. Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın yeni tərkibdə formalaşması, ilk iclasında rüşvət məsələsinin bir daha aktuallaşdırılması mübarizənin növbəti mərhələsindən xəbər verir.

Bu sahədə görülən bütün tədbirlər, atılan addımlar korrupsiya bəlasının kökünün birdəfəlik kəsilməsinə hesablanıb. Bununla yanaşı, hesab edilir ki, korrupsiyaya qarşı mübarizədə ictimai nəzarət güclənməli, vətəndaş cəmiyyəti institutları daha aktiv olmalıdırlar. 

Millət vəkili Azər Badamov vurğulayıb ki, korrupsiyaya qarşı aparılan mübarizə cəmiyyətimiz tərəfindən rəğbətlə qarşılanır. İnsanlar anlayırlar ki, korrupsiyaya, rüşvətxorluğa qarşı atılan addımlar dövlətimizin müstəqilliyinin  gücləndirilməsinə, həm də vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına xidmət edir: “Ölkəmizin uğurlu inkişafı naminə görülən tədbirlər xoşagəlməz halların tam aradan qaldırılmasına qədər davam etdiriləcək. Sentyabrın 15-də Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının yeni tərkibdə videoformatda ilk iclası keçirildi.

Komissiya sədri, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev diqqətə çatdırdı ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın inkişaf strategiyasının mühüm tərkib hissəsini korrupsiyaya qarşı qətiyyətli mübarizə təşkil edir.

Korrupsiyaya qarşı mübarizə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq keyfiyyətcə yeni müstəviyə keçib. Hətta ölkə rəhbərinin tapşırığına əsasən, korrupsiyaya qarşı mübarizə daha sərt forma alıb. Elə son aylar 6 rayonun icra hakimiyyəti başçılarının və ayrı-ayrı nazirliklərin struktur rəhbərlərinin işdən azad edilərək həbs olunmaları bunun bariz nümunələridir”. 

Parlament üzvü qeyd edib ki, ölkə rəhbəri yeni təyin olunan icra başçılarını qəbul edərkən xüsusilə tapşırır ki, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır: “Azərbaycanın dayanıqlı inkişafı naminə neqativ hallara birdəfəlik son qoyulmalıdır. Cənab Prezidentin dediyi kimi, “Dürüstlük, şəffaflıq, ədalət hər bir dövlət məmurunun iş prinsipi olmalıdır”. Dövlət başçısı ölkəmizdə sosial ədalət prinsiplərinin hakim olmasında israrlıdır. Əminəm ki, dövlət başçısının siyasi iradəsi nəticəsində tezliklə korrupsiyaya son qoyulacaq”. 

Millət vəkili Cavid Osmanov da bildirib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni müstəviyə keçib. Deputatın sözlərinə görə, dövlət başçısı tərəfindən bir neçə dəfə məmurlara xəbərdarlıq olunub:

“Cənab Prezident hər zaman vurğulayıb ki, korrupsiya, rüşvətxorluq halları ölkənin ümumilikdə inkişaf tempinə zərbə vurur. Ona görə də, korrupsiya, rüşvətxorluğun qarşısı amansızcasına alınmalıdır. Ölkə rəhbəri tərəfindən həyata keçirilən dərin islahatlar kursu ölkənin sosial, iqtisadi, siyasi, ictimai, mədəni həyatını əhatə edir. Şəffaf və ədalətli idarəçilik sisteminin daha da gücləndirilməsini, vətəndaş məmnunluğunun təmin edilməsini başlıca vəzifələrdən biri kimi qarşıya qoyur. Ümumiyyətlə, dövlət başçısının həyata keçirdiyi siyasətin mərkəzində vətəndaş dayanır. Aparılan kadr islahatları nəticəsində peşəkar, bilikli, müasir kadrlar önə çəkilir. İstənilən sahədə kadrlar dövlətə, xalqa bağlı, vətənpərvər olmalıdır, onlar üçün dövlət maraqları hər şeydən üstün olmalıdır”.