Daha millət vəkilləri maliyyə hesabatı verəcək

"İstənilən halda hansısa qanun deputatları bir az hərəkətləndirəcək, onları yerindən tərpədəcəksə, işə yaraya bilər"

Dünən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında İntizam Komissiyasının Əsasnaməsi müzakirə olunub və payız sessiyası üçün plenar iclasa tövsiyə edilib. Komitə üzvü Erkin Qədirli bildirib ki, layihədə başqa məsələlərlə yanaşı, deputatların maliyyə hesabatı vermək öhdəliyi yazılıb: “Qanun layihəsi qəbul olunarsa, maliyyə hesabatı verməyən deputatlar haqqında intizam icraatı başlana bilər”.

Qeyd edək ki, deputatların maliyyə hesabatı təqdim etməsi dəfələrlə gündəmə gətirilib. Vurğulanıb ki, xalqın seçdiyi millət vəkilləri ən azından öz seçiciləri üçün hesabat verməlidir. Hətta bir müddət əvvəl parlament üzvü Erkin Qədirli sosial şəbəkədə özünün 5 aylıq gəlir və xərcləri barədə hesabatını bölüşüb. Ancaq onun atdığı addım birmənalı qarşılanmayıb. Bəziləri bildiriblər ki, millət vəkilləri gəlir və xərclərin hesabatı əvəzinə, MM-dəki fəaliyyətlərinin hesabatını versəydilər, daha yaxşı olardı. Lakin əksəriyyət deputatın addımını təqdirəlayiq hesab edib. Sözügedən qanun layihəsi qəbul olunarsa, parlamentarilərin hesabat təqdim etməsi məcburi hala gələcək. 

Milli Məclisdə müzakirə olunan məsələni “Şərq”ə dəyərləndirən siyasi şərhçi, jurnalist Azər Həsrət deyib ki, parlament seçkisinə qatılan hər bir namizəd Dairə Seçki Komissiyasına özünün mal varlığı, maliyyə imkanları ilə bağlı bəyannamə təqdim edir. Bu onun üçün lazımdır ki, deputat seçiləcəyi təqdirdə namizədin hansı mala-mülkə sahib olduğu rəsmiləşsin:

“Əlbəttə ki, deputatların işi hamıdan daha şəffaf olmalıdır. Ümumiyyətlə, millət vəkili daim göz önündə durmalıdır, onun var-dövləti haqqında informasiyalar hər kəs üçün əlçatan olmalıdır. Bu baxımdan deputatların maliyyəsi ilə bağlı hesabatların verilməsi zəruridir. Əslində, Milli Məclisdə belə bir qanun layihəsinin hazırlanmasına ciddi ehtiyac olduğunu düşünmürəm.

Amma istənilən halda hansısa qanun deputatları bir az hərəkətləndirəcək, onları yerindən tərpədəcəksə, işə yaraya bilər. Lakin deputat seçilmiş şəxs xüsusi qanun və tələb olmadan belə dövri şəkildə özünün mal varlığı haqqında məlumat verməlidir. Xalqın seçdiyi adam seçicilərinə hesabat verməkdən çəkinməməlidir”.