Zaxarova səmimi deyil ! - "Kreml köçə göz yumur və Emənistanı dəstəkləyir”

“Moskva Dağlıq Qarabağdakı qeyri-qanuni məskunlaşmanı xeyli əvvəldən bilirdi”

“Həmçinin orada ASALA-nın, PKK-nın düşərgələrinin salındığından, Atom Elektrik Stansiyasının tullantılarının basdırıldığından xəbərdardır”

“Qanunsuz məskunlaşma ilə əlaqədər biz özümüz beynəlxalq təşkilatlara müraciət etməliyik”


Rusiya Xarici İşlər Nazirliyi (XİN) Livan ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsinə münasibət bildirib.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə müxbirin “Ötən həftə sosial şəbəkələrdə Livandan olan erməni ailəsinin Azərbaycan xalqı üçün böyük tarixi və mənəvi əhəmiyyətə malik Şuşa şəhərində yerləşdirilməsi haqda məlumatlar yayılıb.

Bu isə beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır. Müharibə dövründə mülki əhalinin qorunmasına dair IV Cenevrə konvensiyasına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir. Rusiya XİN bu faktı necə şərh edir?” sualına cavab olaraq bildirib ki, Rusiya Dağlıq Qarabağın de-fakto rəhbərliyinin Livanı tərk edən ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilməsi niyyətindən xəbərdardır:

“Biz iki livanlı ailənin Dağlıq Qarabağa köçmək niyyətində olması ilə bağlı xəbərləri oxumuşuq. Livandan olan qaçqınların Dağlıq Qarabağa və ətraf rayonlara real axın etməsi ilə bağlı məlumatlara malik deyilik.

Hesab edirik ki, indi Dağlıq Qarabağ probleminin həllinə istiqamətlənən danışıqlar prosesinin bərpasına, o cümlədən regiondakı qaçqın və məcburi köçkünlərin probleminə diqqəti yönəltmək lazımdır. ATƏT-in Minsk Qrupunun həmsədrləri sentyabrın 14-də Azərbaycan və Ermənistanın XİN başçıları ilə telefonla məsləhətləşmələr aparıb. Onlara vasitəçilərin təkliflərini, o cümlədən Dağlıq Qarabağ probleminin nizamlanması ilə bağlı atılacaq addımlar çərçivəsində həmsədrlərin ayrı-ayrılıqda nazirlərlə görüş keçirilməsi təklifini veriblər.
Biz tərəflərin müsbət reaksiyasına ümid edirik”.



Rusiya tərəfinin açıqlaması barədə “Sherg.az”a fikirlərini bildirən Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev onun qeyri-səmimi olduğu qənaətindədir:

 “Əlbəttə, Kreml məsələyə bilərəkdən göz yumur və beləliklə, faktiki olaraq Ermənistanı dəstəkləyir. Rusiya ilk növbədə vasitəçi olaraq məsələyə nəzarət etməlidir. Həm də müşahidəçilər vaxtaşırı göndərilirsə, onlar bu köç məsələsindən necə xəbərdar olmaya bilərlər?

Əslində Moskva Dağlıq Qarabağdakı qeyri-qanuni məskunlaşmanı xeyli əvvəldən bilirdi.

Həmçinin orada ASALA-nın, PKK-nın düşərgələrinin salındığından, Atom Elektrik Stansiyasının tullantılarının basdırıldığından, narkotik becərildiyindən də xəbərdardır. Bütün bunlara göz yummaqda məqsəd isə mövcud status-kvonu qoruyub, saxlamaqdır”. 

F.Quliyevin fikrincə, biz heç kimə ümid etmədən, baş verən hadisələrə özümüz cavab verməliyik: 

“Moskvadan bundan başqa reaksiya gözləməyə dəyməz. Qanunsuz məskunlaşma ilə əlaqədər biz özümüz beynəlxalq təşkilatlara müraciət etməliyik. Özü də bu, təkcə hökumətin işi deyil. Siyasi partiya sədrləri, QHT-lər də fəal olmalıdırlar.

Çalışmalıyıq ki, Ermənistan ciddi qınaqlara məruz qalsın. Sözsüz ki, məsələnin kökündın həll edilməsinin yeganə yolu düşməni Dağlıq Qarabağdan tamamilə çıxarmaqdır. Amma ona qədər də müəyyən tədbirlər görülməli, təxribatların qarşısı alınmalıdır”.