“Kiyev Bakı ilə strateji tərəfdaşlığı gücləndirmək istəyir” – AKTUAL ŞƏRH 

Elxan Şahinoğlu: “Azərbaycan – Ukrayna - Türkiyə üçtərəfli formatının yaradılması qərara alınıb”

“Üçtərəfli format əsasında görüşlərin və yeni layihələrin hazırlanmasına ehtiyac var”


“Ukrayna prezidenti Vladimir Zelinskinin Ukrayna Milli Təhlükəsizlik və müdafiə şurasının 14 sentyabr 2020-ci il tarixli “Ukraynanın milli təhlükəsizliyinin strategiyası” haqqında qərarı Azərbaycanda geniş rezonans doğurub”. 

Bu sözləri “Sherg.az”a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib.

Analitik bildirib ki, Ukraynanın milli təhlükəsizlik üzrə yeni strategiyasında Azərbaycan strateji tərəfdaş dövlət siyahısına salınıb:



“Əmrin müvafiq bəndində qeyd olunub ki, Ukrayna öz milli maraqlarını qorumaq və regional təhlükəsizliyi gücləndirmək üçün bir sıra ölkələrlə münasibətləri inkişaf edəcək. Əmrdə Azərbaycan, Gürcüstan, Litva, Polşa, Türkiyə ilə strateji tərəfdaşlıq, digər Baltik və Şimali Avropa ölkələri ilə tərəfdaşlıq, Mərkəzi və Cənub-Şərqi Avropa ölkələri ilə yaxın qonşuluq münasibətləri nəzərdə tutulub.

Belarusla və Moldova ilə praqmatik əlaqələr, Qara dəniz hövzəsində təhlükəsizliyin təmin edilməsində NATO üzvü olan ölkələrlə praktik əməkdaşlıq qeyd olunub.

Başqa sözlə Ukrayna üçün Azərbaycan ilk sıralardadır. Ukrayna prezidentinin qərarı Azərbaycanın siyasi və ekspert dairələrində yüksək qiymətləndirilib. Bundan bir neçə gün sonra Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayıb. Bəyanatda Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində Ukraynanın suverenliyi və ərazi bütövlüyünü qəti şəkildə dəstəklədiyi bu sözlərlə vurğulanıb:
“Ukraynanın yeni təhlükəsizlik konsepsiyasında Azərbaycanın bu ölkənin strateji tərəfdaşlarından biri kimi müəyyən edilməsini yüksək qiymətləndiririk. Ukrayna ilə strateji tərəfdaşlıq və dostluğumuzun daha da dərinləşdirilməsində qətiyyətliyik” ”. 



E.Şahinoğlu qeyd edib ki, Ukrayna-Azərbaycan strateji tərəfdaşlığı zamanın tələbidir:

“Kiyev Azərbaycanla strateji əlaqələri yeni müstəviyə çıxarmaq istəyir. Təsadüfi deyil ki, Ukrayna prezidenti Vladimir Zelenskiy Cənubi Qafqaz ölkələri içərisində yalnız Azərbaycana rəsmi səfər edib. Azərbaycanla Ermənistan arasındakı sərhəddə insidentdən sonra rəsmi Kiyev birmənalı şəkildə Azərbaycana dəstək verib. İşğalı pisləyib və bəyanatlarda BMT-nin Azərbaycan torpaqlarının işğaldan azad olunmasıyla bağlı 4 qətnaməsini xatırladıb. Müqayisə üçün Gürcüstanın oxşar bəyanatında BMT-nin 4 qatnaməsiyla bağlı heç bir cümlə yox idi”. 

Analitik vurğulayıb ki, Ukrayna ilə Azərbaycan arasında iqtisadi və hərbi əməkdaşlığı inkişaf etdirmək üçün böyük potensial var:

“Bu potensialdan istifadə etmək lazımdır. Prezident İlham Əliyevin Ukraynaya gələcəkdə rəsmi səfəri mühüm əhəmiyyət kəsb edəcək. Türkiyə müdafiə naziri Hulusi Akar bir müddət əvvəl Kiyevə səfər etmişdi. Türkiyə Ukrayna ilə hərbi əməkdaşlığı inkişaf etdirməyə qərar verib. Rəsmi Bakı da bu istiqamətdə addımlar atmalıdır.

Bu ilin əvvəlində Azərbaycan – Ukrayna - Türkiyə üçtərəfli formatının yaradılması qərara alınıb. Üçtərəfli format əsasında görüşlərin və yeni layihələrin hazırlanmasına ehtiyac var”.