“Tofiq bəy haqqında qərar dəyişdi, ürəyimizə sakitlik hopdu” – Humanist addım ! 

“Bu qərar həm ölkə daxilində, həm də xaricdə Prezidentimizin humanist simasını gücləndirir”


Müsavat partiyasının üzvü, Qarabağ qazisi Tofiq Yaqublu ev dustaqlığına buraxılıb. Təbii ki, T.Yaqublu haqqında qərarın dəyişdirilməsi dövlətimizin humanizm prinsiplərinə əsaslanan siyasətin əyani təzahürüdür. Bu, Azərbaycan dövlətinin növbəti humanist addımı, insan həyatını ən ali dəyər kimi qiymətləndirməsinin ən bariz nümunələrindən biridir.

T.Yaqublu ilə bağlı qəbul olunmuş yeni qərar heç kimə dövlətlə şantaj dili ilə danışmağa əsas vermir. Təcrübə göstərir ki, təzyiq, şantaj və bu kimi yollarla Azərbaycan dövlətinə, hakimiyyətə, məhkəməyə təsir etmək mümkün deyil.

Verilən qərarla bağlı “Sherg.az”a danışan millət vəkili Tahir Kərimli bildirib ki, Tofiq Yaqublunun azadlığa qovuşması dövlətimizin humanist qərardır:

“Elə başa düşməsinlər ki, dövlət orqanlarında çalışmayanlar bunu arzu etmir. Sadəcə olaraq deyə bilmirdik. Eyni zamanda sosial şəbəkələrdə mən də Appelyasiya Məhkəməsinə müraciət etmişdim. Ona görə də Tofiq Yaqublunun azadlığa buraxılmasına çox sevinirəm”. 

Parlament üzvü siyasi iradə göstərdiyi üçün ölkə başçısına təşəkkür etdiyini deyib:

“Bu qərar həm ölkə daxilində, həm də xaricdə Prezidentimizin humanist simasını gücləndirir. Hər birimiz narahat olduğumuzu bildirirdik.

Rəhbər işçilər öz aramızda söhbət edəndə də demişdik ki, ümumiyyətlə T.Yaqublu nəinki məhkəmyə çıxarılmalı, əvvəlcədən ona cinayət işi açılmamalı idi. Məhkəmə-hakimiyyət orqanlarının işinə qarışmaq istəmirəm.

Amma Prezidentimizin siyasi iradəsi olmasaydı, T.Yaqublu azadlığa buraxılmazdı. Bütün məhkəmələr və qanunverici orqanlarımız da qanunla yanaşı, ədalət və vicdani hissləri də rəhbər tutmalıdırlar.

Tofiq Yaqublu haqqında qərarın dəyişməsi çox yaxşı hal oldu, ürəyimizə sakitlik hopdu”.