“Zəhərlənməni dərmanın üzərinə yıxmaq olmaz” – Başqa əlamətlər var !  

Avqust ayı ərzində on iki nəfər dərmandan zəhərlənib. Bu barədə 1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov məlumat verib.
Həkim bildirib ki, avqust ayı ərzində zəhərlənmələrlə bağlı ölüm faktı qeydə alınmayıb:
“Avqust ayında xəstəxananın Toksikologiya Şöbəsinə 11 nəfər dərman mənşəli allergik reaksiya ilə, üç nəfər sirkə turşusu ilə, üç nəfər isə əqrəb sancması ilə daxil olub. Sirkə turşusu ilə müraciət edən xəstələrdən birinin müalicəsi hələ də davam etdirilir”.

Azərbaycan Demokrat Partiyasının sədri, ixtisasca həkim Sərdar Cəlaloğlu “Sherg.az”a açıqlamasında bildirib ki, dərman zəhərlənmələri iqlimlə bağlı deyil. Onun sözlərinə görə, dərmanın özündə problem varsa, qış, yaxud da yay ayının olmasının heç bir fərqi yoxdur:

“Zəhərlənmələr müxtəlifdir. Qan zəhərlənməsi, tənəffüs zəhərlənməsi və dərmanların özündən də zəhərlənmək mümkündür. Zəhərlənmə bərk maddə udandan sonra baş veribsə, həmin maddə mütləq şəkildə bədəndən çıxarılmalıdır. 
Adətən yay aylarında zəhərlənmələrin çoxalmasının səbəbi qidaların düzgün saxlanmamasıdır. Nəticədə zəhərlənmə baş verir. Hesab edirəm ki, dərman zəhərlənməsi başqa faktordur, müəyyən iqlim şərtlərində zəhərlənmə isə başqa şeydir. Ona görə də zəhərlənməni dərmanın üzərinə yıxmaq olmaz”.