İslahatların real nəticələri görünəcək

İcra hakimiyyəti sahəsində yarımçıq qalmış proses başa çatdırılmalıdır

"Çox təəssüflər olsun ki, uzun illər ərzində ölkəmizdə korrupsiya və qanun pozuntuları ilə mübarizə sahəsində atılan addımların və həyata keçirilən proqramların real nəticələri cəmiyyətimizlə yanaşı dövlətimizi də tam qane etməyib. Düşünürəm ki, bunun ən ümdə səbəbi ölkədə həyata keçirilən islahat tədbirləriylə mövcud yüksək səlahiyyətli kadr korpusu arasındakı uyğunsuzluğun olması ilə bağlıdır". 

Bu sözləri "Şərq"ə açıqlamasında politoloq Xəyal Bəşirov deyib. Politoloq bildirib ki, bir sıra səbəblər ucbatından son dövrlər həyata keçirilən islahatlar demək olar ki, nəticəsiz qalmışdı:

"Prezident İlham Əliyev də dəfələrlə çıxışlarında bütün istiqamətlərdə dövlət əhəmiyyətli islahatların daha da dərinləşdiriləcəyi ilə bağlı fikirlər səsləndirib. Məhz bu məqsədlə də, ölkədə icra hakimiyyəti sahəsində çox böyük kadr dəyişiklikləri həyata keçirilib. Korrupsiya və ciddi qanusuzluqlarla mübarizə prosesində bəzi mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbər şəxsləri vəzifələrindən azad olunaraq məsuliyyətə cəlb olunublar". 

X.Bəşirov vurğulayıb ki, ölkədə hakimiyyətlərin bölgüsü prinsipinə əsasən ədalət mühakiməsini həyata keçirən məhkəmə hakimiyyəti sahəsində də bir sıra işlər görülüb: "Ancaq düşünürəm ki, bu kifayət deyil. Nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirilməsi və aparılan islahat tədbirlərinin real nəticələrinin əldə olunması üçün ilk növbədə icra hakimiyyəti sahəsində yarımçıq qalmış proses başa çatdırılmalıdır.

Həmçinin, məhkəmə hakimiyyəti ilə bağlı planlaşdırılan kadr korpusunun yeniləşdirilməsi ilə bağlı proseslər də öz həllini tapmalıdır. Yalnız bu halda, biz ölkədə qarşıya qoyulan məqsədlərə, korrupsiya hallarının qarşısının alınmasına, o cümlədən həmin dəyişiklikləri hər bir vətəndaşımızın həyatında çox aydın şəkildə hiss olunmasına nail ola bilərik".