Millət vəkillərini narkoloji yoxlamadan keçirmək onlara həqarət olar

Gürcüstan parlamenti Seçki Məcəlləsinə dəyişiklikləri ikinci oxunuşda qəbul edib. Qanun layihəsini 87 deputat dəstəkləyib. Dəyişikliklərə əsasən, qanunverici orqana deputat seçiləcək şəxslər narkoloji test verməli olacaqlar.

Bəs, ölkəmizdə də bu qanun layihəsinin icrası mümkündürmü? 

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu "Şərq"ə açıqlamasında bildirib ki, bu qanun layihəsinin ölkəmizdə həyata keçirilməsini düzgün hesab etmir. S.Cəlaloğlunun sözlərinə görə,  belə müayinələrin icrası etik baxımdan düzgün deyil:


"Görünür, Gürcüstanda bu sahədə problemlər çox kəskin qabarıb. Ona görə də parlament tərəfindən belə qanunlar qəbul edilir. Hesab edirəm ki, ölkəmizdə millət vəkillərini narkoloji yoxlamadan keçirmək çox böyük  yanlışlıq olar. Çünki birincisi, burada hər kəs hamını bu baxımdan yaxşı tanıyır. Ona görə də narkoman gedib namizədliyini versə, heç kəs gedib seçkilərdə həmin şəxslərə səs verməz. İkincisi isə onlar arasında narkoman, alkoqollu axtarmaq millət vəkillərinə bir həqarət olar. Hesab edirəm ki, belə müayinələrin həyata keçirilməsi məqsədəuyğun deyil".