Müharibə qorxusu...

Ermənistan vətəndaşları Qarabağa yerləşmək istəmir

Ona görə Paşinyan hakimiyyəti müxtəlif vədlərlə terrorçuları bölgəyə daşıyır

Ermənistan işğal etdiyi Dağlıq Qarabağda ermənilərin sayını süni şəkildə artırmaq üçün uzun illərdir iki yoldan istifadə edir. Birincisi, Ermənistanın müxtəlif yerlərindən ailələri, xüsusilə işə və evə ehtiyacı olan gənc cütlükləri sosial dəstəklə bağlı müxtəlif vədlər qarşılığında işğal olunmuş ərazilərə köçürür. İkincisi, Yaxın Şərq ölkələrindən - Suriyadan, Livandan erməniləri bu ərazilərə gətirir, hətta bunun üçün sonradan yerinə yetirilməyən müxtəlif vədlər də verirlər. Suriya müharibəsi başlayanda Ermənistan üçün Qarabağa yeni köçürmə planını həyata keçirməkdə geniş imkanlar yarandı. Suriya erməniləri müharibədən qaçmaq məqsədilə ilk dövrlər qonşu ölkələrə üz tuturdular.

Sonradan onların Ermənistana köçü başlandı. Publika.az-ın məlumatına görə, Britaniyanın “Open Democracy” saytı 2015-ci ildə yazırdı ki, müharibədən qaçan Suriya erməniləri iki səbəb görə Ermənistana getmək istəmirdilər: - yolun uzaqlığı və bu ölkədə sosial vəziyyətin aşağı səviyyədə olması. Sayt qeyd edirdi ki, Ermənistan hökuməti Suriya ermənilərinin köçürülməsi məqsədilə müxtəlif layihələr hazırlayıb. Lakin Ermənistana gələn Suriya erməniləri yaxşı şəraitin yaradılacağı ilə bağlı vədlərin əksi ilə qarşılaşdı və hakimiyyət onların işğal altındakı Qarabağa köçürülməsi işinə start verdi. Saytın araşdırmalarına görə, Ermənistan hökuməti Suriya erməniləri üçün “Yeni Hələb” layihəsi hazırlamışdı və Suriyadan gələn ermənilərin yaşaması üçün İrəvanın yaxınlığında yaşayış massivi tikiləcəkdi. Bununla həm qaçqınların mənzil problemi həll edilməliydi, həm də gəlmələrin öz ab-havasını saxlaması üçün kompakt yaşayış şərtləri tanınmalıydı. Sonradan aydın oldu ki, hökumətin bu planı həyata keçirməyə vəsaiti yoxdur. 

Avqustun 4-də Beyrut limanında baş verən partlayışdan sonra Ermənistan Suriya senarisini yenidən təkrarlamağa başladı.

Əslində partlayışdan öncə də Livandakı sosial-iqtisadi kataklizmlər bu ölkədəki erməniləri Ermənistana köçməyə təşviq edirdi. Lakin partlayış bu prosesi daha da sürətləndirdi. Livanda nəşr olunan “Azdak” erməni qəzetinin baş redaktoru Şahan Kntarxaryan deyir ki, sosial-iqtisadi böhran fonunda Beyrutda baş verən partlayış erməniləri Ermənistana köçməyə vadar edir. Onun sözlərinə görə, Ermənistanda Livan ermənilərinə pulsuz tibbi yardım, yaşayış üçün mənzil, sosial müavinət və s. vədləri verilir, bu da Beyrutda evini itirmişlər üçün yeganə çıxış yolu kimi görünür. Ermənistan hökumətinin Livan ermənilərinə verdiyi vədlər Suriya ermənilərinin köçürülmə senarisinin təkrarlandığını sübut edir. Artıq proses başlanıb və faktlar göstərir ki, Livandan Ermənistana gətirilən erməni ailələr birbaşa Azərbaycanın işğal altındakı ərazilərinə köçürülür. Məlumatlara görə, ilkin mərhələdə işğal altındakı Dağlıq Qarabağa Livandan 150 erməni ailəsinin köçürülməsi planlaşdırılır.

Ermənistan bunu gizlətmir belə. Avqustun 26-də Ermənistanın Diaspor İşləri üzrə Baş Komissarlığının mətbuat katibi Zare Sinanyanın açıqlamasında deyilirdi: “Livan ermənilərindən iki həkim ailəsi “Artsax”-a (Dağlıq Qarabağ) köçürüldü, onlar Şuşa şəhərində məskunlaşdırıldı”. İşğal altındakı torpaqlarda yaradılan qondarma “dqr” “rəsmiləri” də bildirirlər ki, “Livandan gələn ailələrin yaşaması üçün bütün şərait yaradılıb”. Hətta bu ailələrə kömək üçün ianələr də toplanır. Azadlıq radiosunun erməni xidmətinin Şuşa şəhərinə köçürülən erməni ailəsindən hazırladığı videoreportajda işğal altındakı ərazilərə qanunsuz köçürmə prosesi açıq şəkildə sübut olunur. Livan ermənisi olan aşpaz Toni Hajar üç nəfərdən ibarət olan ailəsi ilə birlikdə məskunlaşdığı işğal altındakı Şuşada “kulinariya layihəsi”ni həyata keçirmək niyyətində olduğunu açıqlayır. Qondarma “dqr”-in “rəhbəri” Arayik Arutyunyan isə Qarabağda “Livan-Ermənistan koloniyasının” yaradılacağını bildirib.

Rəsmi məlumatlara görə, son iki həftə ərzində Livandan olan üç erməni ailəsi işğal altındakı ərazilərə köçürülüb və bu proses davam etməkdədir. İşğalçı ölkənin Azərbaycan torpaqlarına qanunsuz köçürmə siyasətinin iki ana səbəbi var. Birincisi, Dağlıq Qarabağda erməni əhalisinin sayını süni şəkildə artırmaqdır. İşğal altındakı ərazilərdə hazırda təxminən 150 min erməni yaşayır.

Onların böyük əksəriyyəti sonradan bu bölgəyə köçürülənlərdir. Lakin yerli ermənilər və köçürülənlər sosial problemlərin ağırlığına tab gətirmədikləri üçün kütləvi şəkildə yaşadıqları yerləri tərk edirlər. Hətta koronavirus pandemiyasına görə tətbiq olunan karantin rejimi yumlaşmaya başlayan kimi Qarabağdakı ermənilərin evlərini tərk etməsi daha da intensivləşib. İşğalçı ölkənin məqsədi Qarabağdakı erməni əhalisinin sayını 300-500 min nəfərə çatdırmaqdır. Bu məqsədlə Yaxın Şərq ölkələrindən Ermənistana gələn ailələri işğal altındakı ərazilərə köçürürlər. Digər tərəfdən Suriyadan və Livandan Qarabağa köçürülən erməniləri muzdlu əsgər kimi istifadə etməyi planlayırlar. 

Qarabağa yerləşdirilən sadəcə livanlı ermənilər deyil. PKK terrorçuları da erməni hökuməti tərəfindən Azərbaycanın işğal altındakı ərazilərinə gətirilir. “Haqqin.az” saytının məlumatına görə, razılaşmanı Ermənistanın İraqdakı səfiri Qraçya Poladyan hazırladıb. Müqaviləyə əsasən, Dağlıq Qarabağda PKK terror təşkilatının döyüşçüləri yerləşdirilməlidir.

Sayt Poladyanın bunun üçün dəfələrlə İraq Kürd Muxtar Vilayətinə getdiyini bildirib. İyul ayındakı səfərlərdən biri zamanı isə muxtar vilayətin rəhbəri Nəçirvan Bərzaninin göstərişi ilə onun müşavirləri kürd döyüşçülərini Qarabağa yollamaq üçün kanal yaratmağa kömək edə bilməyəcəklərini açıqlayıblar. Ərbildən istədiyini ala bilməyən səfir PKK-nın dayağı sayılan Süleymaniyyəyə gedib. Burada ona İrandan keçərək İraqa gələn erməni xüsusi xidmət orqanları və hərbi kəşfiyyatının nümayəndələri qoşulublar.

Poladyan burada Bərzaninin rəqibi sayılan və Türkiyəyə düşmən münasibətiylə seçilən Cəlal Təlabaninin Kürdistan Vətənpərvərlər İttifaqı ilə əlaqələr qurmağı bacarıb. Rusiya ilə yaxşı münasibətləri olan partiya sayəsində səfir PKK ilə ünsiyyət yaradıb. Bu əlaqələrin qurulmağında səfirə Rusiya universitetlərindən birinin məzunu olan, Cəlal Təlabaninin qohumu Araz Şeyx Cəngi Təlabani kömək edib. İraqın şimalındakı PKK döyüşçüləri Süleymaniyyədən Qala-Çivan, Pəncivin, Arbat-Ava, Diala və Başmax yaşayış məntəqələrini keçərək, İraq-İran sərhədindəki Seyran-Band şəhərinə gəliblər. Sərhədi keçən döyüşçülər İranın Saqqiz yaşayış məntəqəsinə çatıblar.

Buradan isə SEPAH-ın vasitəçiliyi ilə avtobuslara mindirilərək, Kirmanşahdan keçməklə Ermənistan və Qarabağ istiqamətində yola salınıblar. Bəzi mənbələr bu kürd döyüşçülərinin sayının bir neçə min nəfər olduğunu açıqlayıblar. 

Erməni təxribatını “Şərq”ə dəyərləndirən politoloq Azər Rəşidoğlu bildirib ki, Livanda yaşayan ermənilər zaman-zaman Dağlıq Qarabağa köçürülüblər və süni şəkildə ermənilərin sayı artırılıb. Siyasi şərhçinin sözlərinə görə, ATƏT və onun Minsk Qrupunun faktaraşdırıcı missiyası bu prosesi nəzarətə almalıdır və beynəlxalq hüquq normalarına uyğun ölçü götürməlidir:

“Ermənistanın özündə də vəziyyət acınacaqlıdır. Paşinyandan narazıların sayı artır. Dağlıq Qarabağda ermənilərin süni məskunlaşdırılması prosesi çoxdan aparılır və yeni məsələ deyil. İşğalçı Ermənistan rəhbərliyi hər zaman xaricə etdikləri rəsmi səfərlərdə orada yaşayan ermənilərə böyük vədlər verərək, onları Dağlıq Qarabağda yaşamağa, işləməyə dəvət ediblər. Bir müddət bu vədlərə aldanıb Dağlıq Qarabağa gələn ermənilər sonradan oranı tərk etmək məcburiyyətində qalırlar. Dağlıq Qarabağda da vəziyyət Ermənistanda olduğu kimi acınacaqlıdır. Sadəcə, Ermənistan rəhbərliyi işğal etdiyi Azərbaycan ərazilərində ermənilərin məskunlaşdırma prosesindən siyasi alət kimi istifadə edir. Xaricdən bura gətirilən ermənilər Ermənistan hakimiyyətinin əlində alətə çevriliblər. Bundan əvvəl də Suriya ermənilərinin  Qarabağa köçürülməsi prosesi həyata keçirilib. Onda da Suriyadakı müharibəni bəhanə edirdilər”. 

A.Rəşidoğlunun sözlərinə görə, Ermənistan Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəlikləri kobud şəkildə pozur: “Ermənistan bütün beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair Azərbaycanın xeyrinə qəbul edilən qərar və qətnamələrə hörmətsizlik edir. Biz hələ Dağlıq Qarabağda terrorçuların yerləşdirilməsi, oranı narkotiklərin yetişdirilməsi məkanına çevrildiyini demirik. Dünya birliyi işğalçıya “dur!” deməlidir. Dağlıq Qarabağa Livandan gətirilən terrorçular bütün dünya üçün təhlükəlidir”. 

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli isə deyib ki, Türkiyə ölkə daxilində, Suriyada, İraqda PKK terrorçularına qarşı apardığı antiterror əməliyyatlarını işğal altındakı Dağlıq Qarabağda da aparmalıdır. Çünki Ermənistan PKK terrorçularını işğal olunmuş Dağlıq Qarabağa yerləşdirərək təşkilatın yenidən öz gücünü bərpa edib Türkiyəyə qarşı aktivləşməsini istəyir:

“Ermənistanın PKK terrorçularını işğal olunmuş Dağlıq Qarabağa yerləşdirməsi yeni xəbər deyil. Ermənistan regionda yalnız işğalçılıq siyasəti aparmır, eyni zamanda terrorizmə dəstək göstərir. Əslində, Ermənistan və PKK terror təşkilatını bir-birinə bağlayan tarixi proses var. Belə ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Dağlıq Qarabağ və ətrafında 1921-də Kürdüstan qəzası qurulması təşəbbüsü vardı. Kürdüstan Uyezdi adı ilə bilinən bu qəzanın 1923-də Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi S.Kirovun təklifi əsasında qurulması istənilirdi. Qaraqışlaq, Kəlbəcər, Qubadlı, Qoturlu, Kürdhacı və Muradxanlı olmaqla, 6 nahiyədən ibarət olacaq qəzanın mərkəzi olaraq isə Laçın seçilmişdi.

Birinci Qarabağ müharibəsi zamanı Türkiyədən, İraqdan, Suriyadan Ermənistana dəstək üçün gələn PKK terrorçuları yenə bu istəklə Dağlıq Qarabağdadır. Yəni Ermənistanın bu gün zəifləyən PKK terror təşkilatını işğal altındakı torpaqlara yerləşdirməsi təəccüb doğurmamalıdır”.
Q.Hüseynli vurğulayıb ki, Ermənistanın PKK-ya, PKK-nın da Ermənistana ehtiyacı var:

“Türkiyə terror təşkilatına qarşı apardığı əməliyyatlarla onu ciddi itkilərə məruz qoyub. PKK-nın Suriya və İraqda zəifləməsinin ardından öz gücünü bərpa etməsi üçün daha təhlükəsiz və Türkiyədən uzaq bir yerə ehtiyacı var. PKK-nın bu ehtiyacı isə Ermənistan üçün göydəndüşmə bir fürsət deməkdir. Çünki Ermənistan ağır demoqrafik probleminə həll tapa bilmir. Ermənistandan heç kim Dağlıq Qarabağda yerləşmək istəmir. Çünki Ermənistan vətəndaşları Dağlıq Qarabağ ətrafında hər an müharibənin başlanması ehtimalını dərk edir və həyatlarını riskə atmaq istəmirlər. Bu mənada Ermənistan işğal etdiyi Dağlıq Qarabağ və ətraf rayonlarda yaşanan demoqrafik problemi aradan qaldırmaq üçün PKK terrorçularını kütləvi şəkildə bu ərazilərə köçürür. Ermənistan PKK terrorçularından həm Türkiyə, həm də Azərbaycana qarşı istifadə etmək istəyir. İrəvan bu yolla həm ordusundakı canlı qüvvə əskikliyini aradan qaldırır, həm də Türkiyənin başını ağrıdan bu təşkilatın yenidən öz gücünü bərpa etməsinə çalışır. Bu mənada Türkiyənin Azərbaycanla birlikdə Dağlıq Qarabağda həm erməni ordusuna, həm də PKK terror təşkilatına qarşı hərbi əməliyyat keçirməsi zəruridir”.