Kreml yanaşmasını dəyişməlidir

"Abxaziya və Cənubi Osetiya problemi qaldığı müddətdə Moskva-Tbilisi arasında əlaqələrin normallaşması mümkün deyil"

“Rusiya və Gürcüstan arasında əlaqələr qaydaya düşəcək”. Bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov “RTVI” telekanalına müsahibəsində deyib. Onun sözlərinə görə, Tbilisidə artıq Moskva ilə qarşılıqlı əlaqələrin bərpasını dəstəkləyən siyasətçilər meydana gəlməkdədir:

“İnanıram ki, Gürcüstanla münasibətlər bərpa olunacaq, düzələcək. Biz bunu dəstəkləyən gürcü siyasətçilərin meydana çıxmasını görürük”. Lavrov son nəticədə Rusiya və Gürcüstan xalqları arasında ənənəvi tarixi yaxınlıq və bağlılığın qələbə qazanacağına inandığını qeyd edib:

“Gürcüstana Rusiya ilə normal münasibətləri bərpa etməyə imkan verməməyə çalışan təxribatçılar rüsvay olacaqlar”.



Rusiya təmsilçisinin Gürcüstanla bağlı iddiasını “Şərq”ə dəyərləndirən Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər doktoru Zaur Məmmədov deyib ki, iki ölkə arasındakı münasibətlərin normallaşması üçün Moskva tərəfi Gürcüstanın işğal olunmuş ərazilərinə yanaşmasını dəyişməlidir.

Analitik bildirib ki, Abxaziya və Cənubi Osetiya problemi qaldığı müddətdə Moskva-Tbilisi arasında əlaqələrin normallaşması mümkün deyil:

“Düzdür, Gürcüstan hakimiyyətinin Rusiya ilə münasibətlərində ikili yanaşmanın şahidiyik. Lakin ümumi anlamda söhbət gürcü xalqının arzusundan gedir. Gürcülər rus işğalı ilə barışmaq niyyətində deyil. Rusiya da separatçılarla bağlı fərqli mövqe sərgiləmək fikrindən uzaqdır. Çünki Moskva postsovet ölkələrindəki münaqişələrdən həmin dövlətlərə təzyiq vasitəsi kimi istifadə edir.

Digər tərəfdən ölkədə siyasi vəziyyət kövrəkdir. Son zamanlar eks-prezident M.Saakaşvilinin yenidən Gürcüstan siyasətinə qayıdacağı iddia edilir. Bu məqam da Kremli narahat edir”.