Zaxarova cəfəng fikirlər səsləndirir

Rusiya XİN təmsilçisinin məsələyə yanaşması reallıqdan uzaqdır və beynəlxalq hüquq normalarına ziddir

Rusiya Xarici İşlər Nazirliyi Livan ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsinə münasibət bildirib. XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, Rusiya Dağlıq Qarabağın de-fakto rəhbərliyinin Livanı tərk edən ermənilərin nəzarət etdikləri ərazilərdə yerləşdirilməsi niyyətindən xəbərdardır: “Biz iki livanlı ailənin Dağlıq Qarabağa köçmək niyyətində olması ilə bağlı xəbərləri oxumuşuq. Livandan olan qaçqınların Dağlıq Qarabağa və ətraf rayonlara real axın etməsi ilə bağlı məlumatlara malik deyilik”. 

Zaxarovanın qənaətincə, indi diqqəti Dağlıq Qarabağ probleminin həllinə istiqamətlənən danışıqlar prosesinin bərpasına yönəltmək lazımdır: “Həmsədrlər Azərbaycan və Ermənistanın XİN başçıları ilə telefonla məsləhətləşmələr aparıblar. Onlara vasitəçilərin təkliflərini, o cümlədən Dağlıq Qarabağ probleminin nizamlanması ilə bağlı atılacaq addımlar çərçivəsində ayrı-ayrılıqda nazirlərlə görüş təklifini veriblər. Biz tərəflərin müsbət reaksiyasına ümid edirik”.

Moskvanın Livan ermənilərinin Qarabağa köçürülməsinə reaksiyasını “Şərq”ə dəyərləndirən Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov Rusiya XİN təmsilçisinin çox cəfəng bəyanat səsləndirdiyini söyləyib. Politoloqun sözlərinə görə, Zaxarovanın məsələyə yanaşması reallıqdan uzaqdır və beynəlxalq hüquq normalarına ziddir:

“Birincisi, heç kim işğal altındakı özgə torpağına könüllü köçmək istəməz. Kimlərinsə, bunu zorla həyata keçirməyə də ixtiyarı yoxdur. Müxtəlif beynəlxalq müqavilələr və 1949-cu ildə qəbul edilmiş Cenevrə Konvensiyası var.

Mariya Zaxarova reallığı dərk etməlidir, əgər başa düşmürsə, kimsə ona izah etməlidir. Livan ermənilərinin Qarabağa köçürülməsi, bununla bağlı təşəbbüslər danılmaz faktdır. Düşmən tərəfi Dağlıq Qarabağa qanunsuz köçürmələr həyata keçirməklə iki məqsəd güdür.

İrəvan hökuməti ilk növbədə işğal etdiyi Dağlıq Qarabağı mümkün qədər “erməniləşdirmək” istəyir. 5-10 erməni ailəsini torpaqlarımıza köçürəndən sonra hay-küy salacaqlar ki, guya, həmin ermənilər eramızdan əvvəl orada yaşayan ermənilərin “varisləridir”. Digər məqsəd isə erməni silahlılarını və terrorçuları ərazilərimizə köçürməklə onları burada möhkəmləndirmək, baza yaratmaqdır.

Bunu sadəcə biz demirik, xarici informasiya agentlikləri də zaman-zaman Dağlıq Qarabağın terrorçuların məkanına çevrilməsi ilə bağlı araşdırma məqalələr dərc edirlər. Heç şübhəsiz, daha sonra Qarabağdakı terrorçu dəstələrdən Azərbaycana qarşı istifadə edəcəklər.

İstədikləri vaxt həm cəbhə xəttində, həm də sərhədlərdə insident yaratmaq məqsədi güdürlər. Əsas diqqəti məhz bu məqama yönəltməliyik. Əgər həmsədrlər tərəflər arasında danışıqların bərpasını istəyirlərsə, ilk növbədə rəsmi Bakını narahat edən bu problemi aradan qaldırmalıdırlar.

Erməni tərəfi bunu rahatlıqla icra edir və beynəlxalq aləm göz yumursa, deməli, bir sıra aparıcı dövlətlərin də burada əli var”.