Paşinyanın hakimiyyətdə qalmaq üçün  yeganə çıxış yolu müharibədir

"Ermənistan beynəlxalq qaydalara hörmətsizlik edirsə, biz niyə bu qaydalara riayət etməliyik?"

"Cənab Prezident xalqın istəyini çox gözəl dilə gətirdi".
Bunu “Sherg.az”a açıqlamasında İnformasiya Təşəbbüslərinə Dəstək İB-nin sədri, “QHT.az” saytının rəhbəri Cəsarət Hüseynzadə deyib. 

QHT rəhbəri bildirib ki, Azərbaycan Ordusu Günnüt əməliyyatı ilə Ermənistan Ordusunun nə vəziyyətdə olduğunu çılpaqlığı ilə göstərdi:

"Bu qorxaqlar qorxularından Azərbaycan Ordusuna cavab da verə bilməyiblər. Əməliyyat haqqında səslərini də çıxarmayıblar. Bu sarsıdıcı zərbəni Paşinyan hakimiyyətə gəldiyi ilk ayda alıb. Daxildə Paşinyandan hesab sorurlar. Paşinyan öz reputasiyanı bərpa etmək üçün müharibə etmək niyyətindədir. Hakimiyyətdə qalmaq üçün bu yol yeganə çıxış yoludur. Paşinyan  iyuldakı növbəti məğlubiyyəti qələbə kimi qələmə vermək istəyir. Əgər iyul döyüşləri qələbədirsə, onda Ermənistan niyə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət etdi? Öz ordusuna güvənməyən Paşinyan çıxış yolunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında görür".

C.Hüseynzadə vurğulayıb ki, Ermənistan müharibəyə hazırlaşması ilə bağlı ciddi faktlar müşahidə olunur:

"Paşinyan təmas xəttinə yaxın qüvvələrin cəmləşməsini həyata keçirir. Ermənistan öz çirkin planlarından əl çəkməsə, onun üçün nəticələr çox ağır olacaq. Bu vaxta kimi Azərbaycan sərhəd bölgəsində irəliləmək üçün imkanı olduğu halda Beynəlxalq Hüquqa hörmətlə yanaşıb və Sülh danışıqlarını qoruyub.  Ermənistan beynəlxalq qaydalara hörmətsizlik edirsə, biz niyə bu qaydalara riayət etməliyik?".