Tehran ABŞ-ın İrana qarşı sanksiya tətbiqi barədə bəyanatını "qiyam" adlandırıb


İran Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ın dünya ictimaiyyətini Tehrana qarşı sanksiyaların bərpa edilməsi barədə çağırışına münasibət bildirib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ Dövlət katibi Mayk Pompeo bazar günü birtərəfli qaydada bəyan edib ki, BMT-nin İrana qarşı sanksiyası yenidən qüvvəyə minib.

BMT-nin isə bu barədə qərarı yoxdur. BMT Təhlükəsizlik Şurasının üzvləri Böyük Britaniya və Fransa, o cümlədən Almaniya Xarici İşlər nazirləri bu barədə birgə bəyanat yayıb. “Avropa üçlüyü”nün bəyanatında bildirilib ki, bu üç ölkə ABŞ-ın cəhdinə qarşıdır və Tehranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planının qorunmasına çalışırlar.  

İran XİN-nin rəsmi nümayəndəsi Səid Xətibzadə isə deyib ki, Tehranın Vaşinqtona mesajı şəffafdır: “ABŞ dünya ictimaiyyətinin sıralarına qayıtsın, Birgə Hərtərəfli Fəaliyyət Planı çərçivəsində öz öhdəliklərinə uyğun hərəkət etsin, qiyamı dayandırsın. Bu halda dünya ictimaiyyəti Vaşinqtonu qəbul edəcək”.