"Rusiyanın qeyri-qanuni sərhəd bərkitmə işlərinə hakimiyyətin reaksiyası sıfırdır" - Burcanadze


"Çxinvali regionunda Rusiyanın işğalçı qüvvələri, Nikozi kəndi yaxınlığında qanunsuz olaraq sözdə “sərhəd” bərkitmə işləri ilə məşğul olurlar, lakin "Gürcü Arzusu" partiyasının buna reaksiyası sıfırdır".

24News.ge xəbər verir ki, bu sözləri “Vahid Gürcüstan” partiyasının lideri Nino Burcanadze deyib.

O, mətbuat konfransı zamanı qeyd edib ki, Nikozi kəndində işğalçı qüvvələr süni baryerlər və dəmir çəpərlər çəkməyə davam edirlər, ancaq Gürcüstan iqtidarı bunu görməzdən gəlir:

“İqtisadi inkişaf və investisiyalar münaqişə zonasında olan sabitlikdən asılıdır. İlk növbədə bu problem həll olunmalıdır.

Əminliklə deyə bilərəm ki, mən və partiya üzvlərim məhz o qüvvəyik ki, bu qeyri-qanuni borderizasiyanı dayandıra bilərik. Bunun üçün konkret addımlar ata bilərəm. İqtidarımızın reaksiyası və tədbirləri isə, göründüyü kimi sıfırdır”, – deyə Nino Burcanadze bildirib.