Ermənistanda yolu, mövqeyi hələ də bəlli olmayan hökumət var - Siyasi şərh

“İqtidardakı belə siyasi qüvvə ilə əməkdaşlıq başqa dövlətlər üçün çox riskli sayılır"

“Ermənistanda hakimiyyət hələ də özünü təsdiqləyə bilməyib”.  Bunu “Sherg.az”a açıqlamasında politoloq Sədrəddin Soltan deyib. 

Analitik bildirib ki, 2018-ci ilin mayında baş verən hakimiyyət dəyişikliyindən sonra qurulan yeni rejim özünü demokratik, islahatçı, qərbyönlü, anti-Rusiya və s. kimi təqdim etməyə çalışıb. Ancaq ötən müddət ərzində iddialarına nail ola bilməyib: 



“Keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarqsyanın hələ də azadlıqda olması bunu təsdiqləyir. Ermənistan KİV-in məlumatına əsasən, Koçaryanın əmlakının bir hissəsinə qoyulan həbs götürüləcək. Sarqsyanın kürəkəni və ölkənin Vatikandakı keçmiş səfiri Mikael Minasyan barəsində həbs qətimkan tədbirinin seçilməməsi kimi faktlar Nikol Paşinyan hökumətinin may “inqilabının şüarlarını” yerinə yetirə bilməməsinə aid dəlillərdəndir. 2016-cı ilin aprel döyüşləri ilə bağlı Ermənistan parlamentində aparılan araşdırma da hələlik nəticəsiz qalıb. Əslində, mövcud hakimiyyət Qərblə Rusiya arasında vurnuxur. Nəticədə hər iki tərəfin hələ də etimadını qazana bilməyib. Rusiya və Qərb blokunun Ermənistana etdikləri isə Paşinyanla bağlı deyil. Bu, onların adıçəkilən ölkədəki maraqlarının təmini üçündür. Bununsa hakimiyyətdə olan siyasi qüvvəyə heç bir aidiyyəti yoxdur”.

Siyasi şərhçinin sözlərinə görə, Nikol Paşinyan hökuməti iqtisadi baxımdan da uğur əldə edə bilməyib: 

“O, bu günlərdə iqtisadi uğurları ilə bağlı statistik göstəriciləri açıqlayıb. Paşinyan bildirib ki, keçi və qoyun ixracatı 256 faiz artıb. Yerli ekspertlər bildirib ki, bu rəqəm manipulyasiya xarakteri daşıyır. Çünki 2019-cu ildə qəbul edilən proqrama əsasən belə bir uğuru qısa müddətə əldə etmək mümkün deyil. Bu proqramın gerçəkləşməsi üçün azı 5 il vaxt lazımdır. İndiyədək ölkə iqtisadiyyatına sərmayə cəlb edilməyb. Hökumət binasının qarşısında isə az qala hər gün iqtisadi və sosial tələblərlə iş adamları, tacirlər, kəndlilərin etiraz aksiyaları keçirilir. Ümumiyyətlə, Nikol Paşinyan hökumətə başçılıq edəndən xaricdəki erməni milyonçular və iş adamları ilə bu istiqamətdə danışıqlar aparır. Ancaq indiyədək bunun heç bir nəticəsi olmayıb. Paşinyan fövqəladə vəziyyəti 2021-ci il yanvarın 11-dək qüvvədə olacaq karantin rejimi ilə əvəzləyib. Fövqəladə vəziyyət rejimi dövründə müxalifətdə olan keçmiş hakimiyyət nümayəndələri ölkənin bütün sahələr üzrə vəziyyətinin acınacaqlı olduğunu bildiriblər. Hər halda 2,5 ildən sonra Ermənistanda hökumət oturuşmayıb. Başqa sözlə, yeni siyasi qüvvələrin həm yönü, həm də istəyi hələ də müəmmaldır. Bu qüvvələr hakimiyyət dəyişikiyindən əvvəl Rusiyanın kölgəsini qamçılayır, Qərbə sədaqətli olduqlarını nümayiş etdirməyə çalışırdılar. İndi isə Kremlə yarınmaq üçün dəridən-qabıqdan çıxırlar. Bəlli siyasi mövqeyin olmaması da indiki hakimiyyət, hökumət üçün beynəlxalq aləmdə problem yaradıb”.

S.Soltanın sözlərinə görə, Ermənistanda yolu, mövqeyi hələ də bəlli olmayan hökumət var:
 
“İqtidardakı belə siyasi qüvvə ilə əməkdaşlıq başqa dövlətlər üçün çox riskli sayılır. Heç müxalifət də hökumətdən seçilmir. Onun da çoxsaylı problemləri var. Bu düşərgədə isə birmənalı qəbul ediləcək lider yoxdur. Ona görə də Ermənistanın belə tezliklə demokratikləşməsi, yaxud bu istiqamətdə uğur qazanacağı az inandırıcıdır. Yaranmış vəziyyəti belə xarakterizə etmək olar: belə psixi cəhətdən anormal baş nazirin hökumətinə, zorlamada iştirak etmiş milyonçu siyasətçi müxalif olar, yaxud Ermənistanda “axsaq ata kor at nalbəndilik edir”.