Türkan icra nümayəndəsinin oğlu öz bacısını öldürdü - YENİLƏNİB


Xəzər rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayevin ailəsində baş verən dəhşətli faciənin yeni təfərrüatları məlum olub. 

Musavat.com-un əməkdaşı dəqiqləşdirib ki, olay Rahil Babayevin 2-ci ailəsində meydana gəlib.

Nümayəndənin oğlu Məhəmməd Babayev bacısı Aydan Babayevanı odlu silahdan atəş açaraq öldürüb. Qətlin motivi hələlik bəlli deyil.

İlkin məlumata görə, hadisə Rahil Babayevə məxsus Türkan-Hövsan yolunun kənarındakı istirahət mərkəzinin ərazisində baş verib.

***

Xəzər rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayevin ailəsində dəhşətli faciə yaşanıb. Nümyəndənin oğlu Məhəmməd Babayev odlu silahdan atəş açaraq bacısını öldürüb.

Müsavat.com əməkdaşı məsələ ilə bağlı Baş Prokurorluğun mətbuat xidməti ilə əlaqə saxlayıb.

Xidmətdən bildiriblər ki, hazırda hadisə yerində əməliyyat-istintaq tədbirləri həyata keçirilir. Qətlin hansı motivlə törədilməsi istintaqın gedişində müəyyən olunacaq. Dəhşətli olayla bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə cinayət işi başlanıb.

Xatırladaq ki, Rahil Babayevin adı ahıl yaşda olan 2 qəsəbə sakininin torpaq sahələrinin ələ keçirilməsi ilə bağlı mətbuatın gündəminə gəlmişdi. (https://musavat.com/news/turkanda-2-ahil-qadini-kimler-nece-oldurdu-yeni-adlar_734474.html)

80 yaşlı Afət Əzizova və 91 yaşlı Xumarə Şabanova deyirdilər ki, Rahil Babayevin də olduğu dəstə onlara saxta ölüm şahədətnaməsi düzəldib. Onların ailə tərkibləri haqda saxta arayış yazaraq imzalayıb və sonradan boş torpaq sahələrinə aid sənədlər üzrə saxtakarlıqlar həyata keçirilib.

Məsələnin üstü Afət Əzizova torpaq sahəsini oğlunun adına keçirmək istəyərkən açılıb. İşə Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində baxılırdı. İlkin araşdırmalardan sonra cinayət işinin başlanması rədd edilib. Afət Əzizova və Xumara Şabanova Baş Prokurorluğa gedərək onlara qarşı baş vermiş cinayətin Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırılmasını tələb ediblər.