"Neftçi" "Qarabağ" üzərində əzmkar qələbə qazandı


Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura yekun vurulub.

"Report"un məlumatına görə, turun son oyununda "Qarabağ" "Azərsun Arena"da "Neftçi"ni qəbul edib. Azərbaycan derbisi qonaqların 2:1 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb.

Hesabı 10-cu dəqiqədə Ağdam klubunun hücumçusu Kvabena Ovusu açıb. Cəmi 2 dəqiqə sonra "Neftçi" Voislav Stankoviçin qolu ilə tarazlığı bərpa edib. Qol zamanı "Qarabağ"ın qapıçısı Emil Balayevin kobud səhvi diqqət çəkib. Komandalar fasiləyə bu hesabla yollanıblar - 1:1.

İkinci hissədə "ağ-qaralar" daha bir qol vurublar. 68-ci dəqiqədə Balayevlə üzbəüz dueldən qalib ayrılan Namiq Ələsgərov topu boş qapıya göndərib və yekun hesabı müəyyənləşdirib.

Səfər qələbəsindən sonra xallarını 6-ya çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. 4 xalı olan "Qarabağ" isə 5-ci sıraya geriləyib.

Qeyd edək ki, tura sentyabrın 19-da start verilib. "Qəbələ" evdə "Keşlə" ilə qolsuz heç-heçə edib. "Sumqayıt" doğma meydanda "Səbail"ə 2:1 hesabı ilə qalib gəlib. Bu gün isə "Sabah" səfərdə "Zirə"ni yenib - 2:0.